ABŞ Energetika Nazirliyi kommersiya neft ehtiyatlarının artması fonunda Brent markalı neftin qiymətinin 2026-cı ildə 2025-ci ilə nisbətən 11% azalaraq 74,31 dollar/bareldən 66,46 dollara düşəcəyini proqnozlaşdırır.
Fins.az xəbər verir ki, bu barədə nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.
Bundan əlavə, Energetika Nazirliyi ölkədə neft hasilatı proqnozunu sutkada 30 min barel artıraraq 13,55 milyon barelə çatdırıb. 2026-cı ildə agentlik ABŞ-da neft hasilatının sutkada 13,62 milyon barelə qədər artacağını gözləyir. ABŞ Energetika Nazirliyinin ekspertlərinin fikrincə, yaxın iki ildə neft təklifinin ona olan tələbatı üstələməsi səbəbindən neftin qiyməti aşağı istiqamətli təzyiq altında olacaq. Belə ki, departamentin təqdim etdiyi məlumatlara görə, neft təklifinin artımı 2025-ci ildə tələbin artımını sutkada 0,5 milyon, 2026-cı ildə isə sutkada 0,4 milyon barel üstələyəcək. Bundan əlavə, qlobal kommersiya neft ehtiyatları bu il 0,3 milyon barel, gələn il isə 0,7 milyon barel artacaq.
Bütün bunlar, hesabatda vurğulandığı kimi, Brent neftinin qiymətinin 2025-ci ildə 8%, 2026-cı ildə isə daha 11% azalmasına səbəb olacaq.