AZ

Bu qidaları yeməyin - TƏHLÜKƏ!

Qida mütəxəssisindən xəbərdarlıq: “Məhsulun tərkibində soya, soya lesitini və ya soyaya aid inqrediyent varsa...”

Günümüzün mübahisəli məsələlərindən biri də GMO (genetik modifikasiya olunmuş orqanizmlər) ərzaqlarla bağlıdır. Dünyada bununla bağlı birmənalı fikir yoxdur. Amma fakt ondan ibarətdir ki, GMO qidalar insan sağlamlığı üçün arzuolunan deyil. Bu baxımdan məsələyə əksər ölkələr isti yanaşmır. 

Qeyd edək ki, İrandan Azərbaycana idxal edilən bir sıra məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə əsasən, genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağandır.

Aparılan son nəzarət tədbirləri çərçivəsində İrandan idxal edilən bir sıra məhsul partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib, sınaq nəticəsinə əsasən məhsulların tərkibində GMO aşkarlanıb. Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb.

AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edərək bir daha diqqətə çatdırır ki, Azərbaycana GMO qida məhsulları idxal edilməsi yolverilməzdir. Belə məhsulların qanunsuz olaraq ölkəyə idxal edilməsi cəhdlərinin qarşısı isə qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, sərt tədbirlər görüləcək. 

İddialar var ki, nəzarət mexanizmlərinə və qadağalara baxmayaraq, Azərbaycan bazarlarında kifayət qədər GMO məhsullar var. Onları necə ayırd etmək olar? 

Məlumat üçün bildirək ki, GMO - xüsusi laboratoriyalarda virus, bakteriya, heyvan və bitkilərin DNT-sindən istifadə edilərək yaradılan yeni bitki növlərinə verilən addır. Məsələn, kartofun soyuğa və xəstəliklərə davamlı olması üçün ona əqrəb geni, pomidor və çiyələyin şaxtaya dözümlü olması üçün isə ona balıq geni vurulur. Bu yolla canlının genetikasında dəyişiklik edilərək, məhsuldarlıq artırılır və nəticədə şirkətlər daha böyük maddi qazanc əldə edirlər. 

Qida mütəxəssisi Yusif Həkim mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “GMO məhsulların dövriyyəsi qanunla qadağandır. Cinayət Məcəlləsinin 200.2-ci maddəsi genetik olaraq dəyişdirilmiş məhsulları əhatə edir. GMO tərkibli məhsulların birbaşa istehlakı üçün istehsalı və satışı qadağandır.

Yalnız “Qida Təhlükəsizliyi haqqında” Qanun GMO məhsulların yem kimi istifadəsinə icazə verir. Çünki elmi araşdırmalar nəticəsində bəlli olub ki, GMO məhsulları ilə qidalanan heyvanların ətində, südündə və yumurtasında heç bir GMO qalığına rast gəlinməyib. EFSA-nın bu barədə 2007-ci ildə yayımladığı araşdırma mövcuddur. İstehlakçılar məhsulun tərkibinə baxmaqla həmin məhsulun GMO olub-olmadığını təxmin edə bilər. Məsələn, məhsulun tərkibində soya, soya lesitini və ya soyaya aid inqrediyent varsa, böyük ehtimal həmin məhsul GMO-dur. Çünki dünyada istehsal olunan soyanın 95%-dən çoxu GMO-dur". 

Qeyd edək ki, GMO ilə bağlı narazılıqlar olsa da, hazırkı elmi tədqiqatlar GMO qidaların sağlamlığa birbaşa olaraq ciddi zərər verdiyini və ya müəyyən xəstəliklər yaratdığını göstərməyib. Ancaq bəzi hipotetik risklər və müzakirələr mövcuddur. Qeyd edilir ki, GMO bitkiləri bəzən allergen xüsusiyyətli genləri daşıya bilər, bu isə bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Bəzi tədqiqatlar GMO qidaları ilə xərçəng arasında əlaqə olduğunu iddia etsə də, bu sahədə konkret elmi sübutlar yoxdur. Əksər ekspertlər bu cür məlumatları kifayət qədər əsaslı hesab etmir. Eləcə də bəzi GMO bitkiləri genetik dəyişiklik nəticəsində antibiotik müqavimət genləri daşıya bilər. Bu, nəzəri olaraq mikrobların antibiotiklərə qarşı daha davamlı olmasına şərait yarada bilər. GMO qidaların bağırsaq mikrobiomuna təsiri barədə müzakirələr də mövcuddur. Amma bu sahədə ciddi təsdiqlənmiş dəlillər hələ ki yoxdur. Bəzi fərziyyələr GMO məhsulların hormonal tarazlığa təsir edə biləcəyini də irəli sürür. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və digər nüfuzlu təşkilatlar GMO qidaların təhlükəsizliyini dəstəkləyir. Ekspertlər isə qeyd edir ki, risklərdən narahat olanların GMO sertifikatlı olmayan orqanik məhsulları seçməsi məsləhətdir.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya edilmiş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya edilmiş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya edilmiş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar müvafiq qaydada qeydiyyata alındıqdan sonra icazə verilir. Qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi isə qadağandır. Belə ki, sözügedən qanuna uyğun olaraq, qeydiyyatdan keçirilməyən məhsulların ölkəmizə idxalına, həmçinin respublikamızda istehsalına, emalına və dövriyyəsinə məhdudiyyətlər tətbiq ediləcək. Qanunda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasına idxal edilən, eləcə də ölkəmizdə istehsal və emal olunan yem məhsullarının tərkibində genetik modifikasiya edilmiş orqanizmlər mövcud olduğu hallarda həmin malların etiketlərində genetik modifikasiya olunmuş orqanizmlər haqqında məlumat əks etdirilməlidir. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Seçilən
0
3
musavat.com

10Mənbələr