AZ

685 bələdiyyə üzrə 16 min 128 namizəd

Müstəqil Azərbaycan mühüm ictimai-siyasi hadisə ərəfəsindədir. Respublikamızda yanvarın 29-da yerli özünüidarəetmə orqanlarına - bələdiyyələrə seçkilər keçiriləcək. Hazırda ölkə üzrə seçkilərə ciddi hazırlıqlar görülür. Bütün fəaliyyətlər və hazırlıq tədbirləri  “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə Tədbirlərin Təqvim Planı”na əsasən reallaşdırılır. Şübhə yoxdur ki, yeni bələdiyyələrin formalaşması ölkəmizin demokratikləşməsi, idarəetmənin təkmilləşdirilməsi, bu sahədə səmərəliliyin və inklüzivliyin artırılması istiqamətində uğurlu bir mərhələ olacaq.

Yeni reallıqlar şəraitində yeni qaydalarla keçiriləcək ilk bələdiyyə seçkiləri

Müstəqilliyimizin ilk illərindən etibarən təxminən otuz il ərzində Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərini ölkənin bütün ərazisində təşkil etmək mümkün olmayıb. Bu da onunla əlaqədar idi ki, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğala məruz qalmışdı. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan möhtəşəm qələbələr sayəsində Azərbaycan yeni reallıqlar yaratmağa nail olub - ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Beləliklə də, prezident, parlament və bələdiyyə seçkilərini respublikanın bütün ərazisində təşkil etmək imkanı yaranıb. 2024-cü il fevralın 7-də ilk olaraq əhəmiyyətinə görə daha mühüm önəm daşıyan  prezident seçkiləri suveren Azərbaycanın bütün ərazisində baş tutdu. Qələbələrimizin əsas memarı olan İlham Əliyev həmin seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq növbəti dəfə Prezident seçilib. Bundan sonra ötən il sentyabrın 1-də Milli Məclisə seşkilər də uğurla baş tutdu. İndi isə növbədə bələdiyyə seçkiləridir.

Ölkə Konstitusiyasının 142-ci maddəsinə müvafiq olaraq Azərbaycanda yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Ölkəmizdə ilk bələdiyyə seçkiləri 1999-cu il 12 dekabr tarixində baş tutub. Həmin seçkilərdə  məntəqə seçki komissiyalarına 21 siyasi partiyanın 5 mindən çox namizədi daxil edilib. 2667 bələdiyyəyə namizədlər qismində 35,6 min insan qeydiyyata alınıb. Səsvermədə 4.312.265 ölkə seçicilərindən 52,6%-i iştirak edib.  Seçkilər nəticəsində 20456 bələdiyyə üzvü seçilib və 2667 bələdiyyə formalaşıb.

Bundan sonra Azərbaycanda 2004, 2009, 2011, 2014 və 2019-cu illərdə olmaqla bələdiyyə çeçkiləri uğurla baş tutub. İlk bələdiyyə seçkilərindən sonra əldə olunan təcrübə, qanunvericilik bazasının getdikcə təkmilləşdirilməsi  həm yerli özünüidarəetmə orqanlarının funksionallığına öz müsbət təsirini göstərib, həm də  sakinlərdə bələdiyyələrə inamı artırıb. Təsadüfi deyildir ki, bundan əvvəl 2019-cu il dekabrın 23-də keçirilən son bələdiyyə çeçkilərinə cəmiyyətimizdə böyük maraq olub və seçkilər ciddi rəqabət şəraitində baş tutub. Həmin seçkilər 125 seçki dairəsinin 118-də, 5049 seçki məntəqəsi üzrə keçirilib. 1606 bələdiyyəni əhatə edən seçkilərdə 15156 bələdiyyə üzvlüyünə 41462 nəfərin namizədliyi qeydə alınıb. Seçkilərdə 13 siyasi partiya iştirak edib. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib.

Yanvarın 29-na təyin olunan seçkilər ölkəmizdə yeni reallıqlar şəraitində keçiriləcək ilk bələdiyyə seçkiləri olacaq. Bu seçkilər həm də yeni qaydalar əsasında təşkil olunacaq. Yaranan çağırışlara uyğun aparıan islahatlar çərçivəsində yerli özünüidarəetmə orqanlarının yenidən təşkilatlanmasına qərar verilib. Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunu təsdiq edib. Bələdiyyələrin birləşməsi əsasında yeni bələdiyyə strukturları yaradılacaq. Dəyişikliklərə əsasən, paytaxtın 3 rayonunda bələdiyyələrin yenidən strukturlaşması təmin oluncaq. Paytaxt üzrə bələdiyyələrin yenidən təşkili Xəzər, Səbail və Qaradağ rayonlarını əhatə edəcək.

Regionlarada da yerli özünüidarəetmə orqanlarının birləşdirlməsi yolu ilə daha iri bələdiyyələr formalaşdırılacaq.  “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlara edilən əlavə və dəyişikliklərə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilir. Nəticədə, bələdiyyələrin sayı 3 dəfəyə yaxın azaldılaraq 1450-dən 685-ə endiriləcək. Struktur dəyişikliyi nəticəsində 2025-ci ildə təxminən 800 bələdiyyə hüquqi statusunu itirmiş olacaq. Aparılan islahatlar bələdiyyələrin qarşısında yeni imkanların açılması nöqteyi-nəzərindən çox önəmlidir. İlk növbədə yerli özünüidarəetmə orqanlarının imkanları və funksionallığı artacaq.

Təşviqat kampaniyası uğurla davam edir

Qarşıdan gələn seçkilərə hazırlıq çərçivəsində “Təqvim Planı”na əsasən yanvarın 6-dan seçkiqabağı təşviqata start verilib. Bu kampaniya yanvarın 28-dək davam edəcək. Təşviqat kampaniyası çərçivəsində Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri təşviqat işlərini apara bilərlər.

Mərkəzi Seçki Komissiyasının (MSK) son məlumatına görə, bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 16 min 128 namizəd qeydə alınıb. Ölkənin əksər siyasi partiyaları bələdiyyə seçkilərinə qatılıb. Vurğulamaq yerinə düşər ki, qeydə alınan namizədlər 23 siyasi partiyanın üzvləridirlər. Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası bələdiyyə seçkilərinə qoşulmayıb.

Əsas tələblərdən biri - şəffaflıq

Bələdiyyə seçkiləri daxili seçkilər olduğuna görə bura xarici müşahidəçilər dəvət edilməyib. MSK-nın sədri Məzahir Pənahov qurumun yanvarın 14-də keçirilən iclasında bildirib ki,  indiyədək 68 min 869 yerli müşahidəçi akkreditasiyadan keçib. Müşahidəçilərin akkreditasiyası hazırda da davam etməkdədir. Onun sözlərinə görə, hər bir məntəqəyə 11 və ya 12 nəfər müşahidəçi düşür. Ölkə üzrə müvəqqəti məntəqələrin də yaradılması ilə bələdiyyə seçkilərinin keçiriləcəyi məntəqələrin sayı 5 min 846-ya çatıb. MSK rəsmisi qeyd edib ki, bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 960 mindən çoxdur. Məzahir Pənahovun sözlərinə görə, müəyyən səbəblərdən məntəqələrə gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək. “Bundan başqa, hərəkət qabiliyyəti məhdud vətəndaşlar panduslar vasitəsilə də seçki məntəqəsinə gələrək səsvermə prosesində iştirak edə biləcəklər”, - deyə M.Pənahov vurğulayıb.

Seçkilərin təşkilində əsas tələblərdən biri prosesin şəffaflığının təmi olunmasıdır. Buna görə də media nümayəndələri də seçkiləri sərbəst şəkildə izləyə biləcəklər. Şəffaflığın təmin olunması üçün  məntəqələrdə veb-kameralar quraşdırılacaq. Məzahir Pənahov məlumat verərək bildirib ki, həmin veb-kameralar min məntəqəni əhatə edəcək.

Artıq seçki bülletenlərinin çapına da start verilib. Bu günlərdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə mətbəəyə gələrək çap prosesinin gedişi və yaradılmış şəraitlə yerində tanış olub. Seçki bülletenlərinin çapı prosesi ilə tanışlıqdan sonra Mərkəzi Seçki Komissiyası sədrinin jurnalistlər üçün brifinqi də keçirilib. Həm çap prosesi, həm də ümumilikdə, bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədə danışan Komissiya sədri qeyd edib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilib və bələdiyyə seçkiləri ilə əlaqədar 6052721 (altı milyon əlli iki min yeddi yüz iyirmi bir) seçki bülleteninin çap olunmasına qərar verilib.

Mübariz ABDULLAYEV

Seçilən
3
yeniazerbaycan.com

1Mənbələr