AZ

Çimnaz Sultanova tək yaşayırmış, ... - Qonşusu danışdı

“Çimnazla biz qonşu idik. Azadlıq metrosunun yaxınlığında, İbrahimpaşa Dadaşov 71 ünvanında yaşayırdı. Biz tez-tez liftdə qarşılaşırdıq. Çox mehriban, mülayim, problemsiz qadın idi. Hər dəfə böyük sevgi və mehribanlıqla salamlaşırdı. O 14, biz isə 16-cı mərtəbədə qalırdıq. Dəfələrlə məni evinə də dəvət etmişdi. Sadəcə olaraq vaxt edib getməmişdim. Amma qızıma deyirdim ki, gərək bir dəfə gedək. Heç kimlə problemi yox idi, hamıyla dostcasına salamlaşırdı”.

Ucnoqta.az xəbər verir ki, bunu "Medianews"a açıqlamasında ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın qonşusu Sevinc Axundova deyib.

O daha sonra əlavə edib:

“Bilirsiniz ki, mən “Ögey ana” filmində Cəmilə roluna çəkilmişəm. Bilirdi, tanıyırdı. Hətta bir dəfə ikimiz də birlikdə evdən çıxdıq. Hər ikimiz televiziyaya dəvət almışdıq. Elə bildi ki, eyni televiziyada olacağıq, sevinmişdi ki, birlikdə gedək. Tək yaşayırdı. Hətta bir dəfə səsini eşitdim. Sən demə maşını saxlayıb ki, marketə gedib çörək alsın, maşınını evakuator aparmışdı. Gördüm ki, əsəbləşib. 7-8 il qonşu olmuşuq. Sonra eşitdik ki, yarım il olar ki, bağa köçüb. Bir dəfə də plastik əməliyyatdan gəlirdi. Gözünə, üzünə əl gəzdirmişdi. Sifəti şiş idi. Səhhətini soruşdum, dedi ki, yaxşı olacaq, müvəqqəti belədir. “Vicdan haqqı” serialında Larisa obrazını o qədər inandırıcı oynamışdı ki, ona Çimnaz yox, Larisa deyirdim. Hətta deyirdi ki, elə qısaca Lara de. Xəstəliyinə inanmaq olmur. Çox güclü, dözümlü xanım idi. Onu həmişə sağlam bilirdim. İnsanlar sosial şəbəkədə tənqid yazırlar. Bəziləri sevinir. Bir insanın ölümünə necə sevinmək olar? Günahdır. Yazıqdır. Allah rəhmət etsin. Bu gün də 43 yaşı tamam olurdu. Özünəməxsus rolların ifaçısı idi. Şou proqramlarda iştirak edirdi. Səhər gedib, axşam gəlirdi. Heç kimdə işi yox idi” deyə Sevinc Axundova deyib.

Aktrisa Sonaxanım Əliyeva isə bildirib ki, Çimnaz Sultanovanın xəstəliyindən xəbərsiz olub:

“Bir neçə ay bundan əvvəl danışmışdıq. Başımız işlərimizə qarışmışdı. Hamımızın qayğıları var idi. Novxanıda özünə yeni bağ tikdirmişdi. Sevinirdim ki, hər şey yaxşıdır. Xəstəliyini bizdən gizlədib. Heç bir dəfə də olsun deməyib ki, filan yerim ağrıyır. Ata-anası, bacısı, bacısı uşaqları var idi. Öz oğlu xaricdə təhsil alırdı, orada yaşayırdı. Yoldaşının yanına göndərmişdi oğlunu. Heç bilmirəm oğlu gəlib burdadır yoxsa yox? Hələ də şokdayam, Çimnazın ölümünə inanmıram” deyə aktrisa bildirib.

Aktrisa Çimnaz Sultanova daha çox "Vicdan haqqı” serialında Larisa obrazı ilə yadda qalıb. Ö, yanvarın 15-də özünün ad günündə vəfat edib.

Çimnaz Sultanova 15 yanvar 1982-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

İlk dəfə “Sənə inanıram” serialında rol alıb. Daha sonra “Yüz kağız” filmində, “Qisas” serialında tamaşaçıların qarşısına çıxıb. O, xüsusilə “Vicdan haqqı” serialından Larisa obrazı ilə yadda qalıb.

Mərhum Əmircan qəbiristanlığında dəfn ediləcək.

Seçilən
4
18
ucnoqta.az

10Mənbələr