AZ

BMT-nin Baş katibi: COP29-un maliyyə razılaşması tam həcmdə həyata keçirilməlidir

Bakı, 16 yanvar, AZƏRTAC

COP29-un maliyyə razılaşması tam həcmdə həyata keçirilməlidir. Birləşmiş Millətlər Təşkilatı ədalətli enerji keçidləri üçün dəstəyi səfərbər etməyə kömək edəcək. Biz karbon qiymətlərinin tətbiqinə və qalıq yanacaq subsidiyalarının dayandırılmasına kömək edəcəyik. İnkişaf etməkdə olan dünyada iqlim fəaliyyətini dəstəkləmək üçün ildə 1,3 trilyon dolları səfərbər etmək məqsədilə etibarlı yol xəritəsini çatdırmaq üçün COP29 və COP30 sədrliklərinin rəhbərliyini dəstəkləyəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Baş katibi Antonio Quterreş yanvarın 15-də təşkilatın Baş Assambleyasında 2025-ci ilin qlobal prioritetləri ilə bağlı çıxışında deyib. O əlavə edib: “Yeni və innovativ maliyyə mənbələrinin tətbiqinə başlamağın, o cümlədən çirkləndiricilərin vurduğu zərərə görə məsuliyyət daşımağın vaxtıdır. İnkişaf etmiş ölkələr bu il adaptasiya maliyyəsini ikiqat artıraraq ən azı 40 milyard dollara çatdırmaq vədlərini yerinə yetirməlidir. Paris Sazişindən əvvəl biz əsrin sonuna qədər temperaturun 4 dərəcə Selsidən yuxarı qalxması yolunda idik. Ancaq Parisdən bəri hər il istiləşmə artır və keçən il ilk dəfə 1,5 dərəcə Selsidən yuxarı qalxdı. Eyni zamanda, qarşımızda böyük imkanlar var. Bərpaolunan enerji inqilabı qarşısıalınmazdır və insanlar bundan faydalanacaqlar. Bu il hər bir ölkə 1,5 dərəcə Selsi ilə uyğunlaşan yeni iqtisadiyyat üzrə milli iqlim fəaliyyət planları və ya milli olaraq müəyyən edilmiş töhfələr təqdim etməyi öhdəsinə götürdü. Bu yeni planlar təmiz enerji dövrünün imkanlarını mənimsəmək şansını təmsil edir. Onlar bütün sektorları və bütün istixana qazlarını əhatə etməlidir. Mən hərəkətə keçmək üçün COP30-un ev sahibi, Braziliya Prezidenti Lula ilə sıx əməkdaşlıq edirəm. Birləşmiş Millətlər Təşkilatı sistemi 100-ə yaxın inkişaf etməkdə olan ölkəyə yeni milli iqlim fəaliyyət planlarını hazırlamağa kömək edir.

Baş katibin sözlərinə görə, hazırda bəşəriyyətin üzləşdiyi ciddi problemlərdən dördü ən yaxşı halda gündəmin hər aspektini poza biləcək və ən pis halda mövcudluğumuza təhlükə yaradacaq təhdidləri təmsil etdiyinə görə fərqlənir: bunlar, silahlı münaqişələr. geniş yayılmış bərabərsizliklər, dərin iqlim böhranı və nəzarətdən kənar texnologiyalardır. O, Fələstin-İsrail, Rusiya-Ukrayna, Somali, Suriya, Yəmən və digər yerlərdə münaqişə və müharibələrə tezliklə son qoyulmasının vacibliyini vurğulayıb, eyni zamanda, İranla bağlı gərginliyin dialoq yolu ilə həllinə, böyük güclər arasında ticari-iqtisadi problemlərin nizama salınmasına çağırıb.

Antonio Quterreş qeyd edib: “Gələcək üçün Paktın öhdəliklərinə əməl olunmalıdır. Bu kontekstdə münaqişələrin qarşısının alınması və onların həlli, vasitəçilik, və sülhün qurulması prioritet olmalı, qadınlar siyasi və sülh proseslərinə daha fəal cəlb edilməli, nüvə tərk-silahına dair ilk çoxtərəfli saziş imzalanmalı, kimyəvi və bioloji silahların istifadəsinə son qoyulmalı, kosmosda silahlanma yarışının qarşısı alınmalıdır. Müasir Pandora qutusundan bərabərsizliklər də yayılır. Böyük bərabərsizliklər bizim sosial, iqtisadi, siyasi və maliyyə sistemlərimizdə dərin səhv olduğunu göstərir. Bu proses Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) nail olmaq üçün fəaliyyətin sürətləndirilməsi ilə başlayır. 2030-cu ilə qədər beş il qalır, amma hədəflərin beşdəbirindən az hissəsi yerinə yetirilib, vəziyyət illik 4 trilyon dollarlıq maliyyə çatışmazlığı ilə daha da ağırlaşır”.

BMT-nin rəhbəri qeyd edib ki, hökumətlər yoxsulluğun aradan qaldırılması, ərzaq təhlükəsizliyi, hamı üçün keyfiyyətli təhsil, sosial müdafiə, universal səhiyyə əhatəsi, enerjiyə çıxış, rəqəmsallaşma və iqlim təsirlərinin azaldılması kimi sahələrə diqqət yetirməlidir. Eyni zamanda, Afrikanın ehtiyacları diqqət mərkəzində olmalıdır.

O, donorları rəsmi inkişaf yardımı (ODA) öhdəliklərini yerinə yetirməyə və özəl sektoru davamlı inkişafa sərmayə qoymağa çağırıb.

Quterreş daha sonra vurğulayıb: “Münaqişələr çoxalır, daha dağınıq və ölümcül olur. Getdikcə dərinləşən geosiyasi parçalanmalar və inamsızlıq atəşə yağ tökür. Nüvə təhlükəsi son onilliklərin ən yüksək həddinə çatıb. İnsan hüquqlarının spektri davamlı hücuma məruz qalır. Cəzasızlıq endemikdir - beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və BMT Nizamnaməsinin ardıcıl pozulması davam edir”.

Seçilən
1
1
azertag.az

2Mənbələr