AZ

DÖVRİYYƏSİ 10 MANAT OLAN ŞİRKƏTƏ 24 MİLYON DOLLAR NECƏ AYRILIB? - “Sədr dedi ki, müzakirəyə çıxarın, qalanı bizlikdir”

Müdafiə Nazirliyinin 42 milyon 234 min manatlıq mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) məhkəmə prosesi keçirilib.  Vəsait “AtaBank”dan kredit kimi götürülərək mənimsənilib. 

42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

"AzPolitika"-nın verdiyi məlumata görə,  icasda “AtaBank”ın daha iki işçisi şahid ifadəsi verib.

Dindirilən Solmaz Əliyeva bankda baş mütəxəssis və şöbə müdiri kimi çalışıb. O, Zahid Niftəliyevi bankın müştərisi kimi tanıyıb: “Zahid müəllim kreditin ayrılması üçün bizə yaxınlaşıb. Biz də sənədləri yoxlamışıq. Çekdə pulun nə qədər olduğunu xatırlamıram. Ümumilikdə onu bankda iki-üç dəfə görmüşəm”.

Zahid Niftəliyev şahid Solmaz Əliyevanı tanımadığını bildirib. Onun sözlərinə görə, bankda cəmi bir dəfə olub və bir neçə sənədə imza atıb.

Solmaz Əliyevanın məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadəsində ziddiyyət olduğu üçün onun istintaqdakı ifadəsi prosesdə elan olunub.

 S.Əliyeva o vaxt deyib ki, “Şahin CO” şirkəti Zahid Niftəliyevin adına olub. O, 7 milyon 350 min dolları nağd çıxarıb, 16 milyon 847 min dollar isə digər şirkətin hesabına köçürülüb.

"Report”un məlumatına görə, Zahid Niftəliyev isə bankda cəmi bir dəfə olduğunu iddia edir: “Mənə deyiblər ki, çeki, müqaviləni imzala, mən də həmin sənədləri imzalamışam. Vəssalam”.

Hakim Novruz Kərimov vurğulayıb ki, məhkəmədə sübutlar əsasında bankın milyonlarla vəsaiti Zahid Niftəliyevin şirkətinə deyil, digər şirkətlərə ayırdığı məlum olub.

Həmçinin şahid ibtidai istintaqa verdiyi ifadəsində Zahid Niftəliyevin banka ayrı-ayrılıqda 683 min və 625 min dollar vəsait ödədiyini bildirib.

Zahid Niftəliyev isə məhkəmədə deyib ki, o banka hər hansı bir vəsait ödəməyib.

"Qqafqazinfo”-nın verdiyi məlumata görə,“Şlyapa Zahid” bu cinayətə görə, Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovu təqsirli bilir. Hesab edir ki, krediti məhz Sadıkov üçün götürüb. Bu məsələyə aydınlıq gətirilməsi üçün o, sabiq baş qərargah rəisini məhkəməyə çağırıb. Məhkəmə hələ ki, bu məsələyə baxmayıb.

Daha sonra prosesdə şahid qismində "Atabank ASC"nin Bank Olmayan Kredit Təşkilatının əməkdaşı olmuş Rüfət Daşdəmirov ifadə verib. O, bildirib ki, "Şahin-Co" şirkətindən kredit ayrılması ilə bağlı banka sifariş daxil olub. Şahidin sözlərinə görə, Zahid Niftəliyev şirkətin dövriyyə vəsaitinin artırılması əsası ilə banka kredit ayrılması üçün müraciət edib.

Şahid deyib ki, kreditin ayrılması vaxtı müştərilərlə münasibətdə olmayıb: “Kredit ayrılması üçün müraciət edən şirkətlərin hesabları, nizamnaməsi yoxlanılıb, bundan sonra kreditin ayrılması təmin olunub”.

Hakim deyib ki, şirkətin aylıq dövriyyəsi 10 manat olub: "Bank dövriyyəsi 10 manat olan şirkətə milyonlarla vəsait ayıra bilərmi?"

Şahid vurğulayıb ki, kreditin ayrılması üçün şirkətin aylıq dövriyyəsinin miqdarı vacib deyil. Onun sözlərinə görə, müştəri biznes qurmaq üçün də banka müraciət edə bilirmiş.

Rüfət Daşdəmirovun sözlərinə görə, Zahid Niftəliyevə məxsus "Şahin-Co" şirkətinə 20 milyon dollar kredit ayrılıb: "Kreditin niyə ayrıldığını bilmirəm. Müştəri bizə müraciət etdikdən sonra yoxlamaya çağırmışdıq. Kredit də yoxlamadan sonra müəyyən olunan meyarlar əsasında ayrılmışdı. Müştərinin ödəmə qabiliyyətinin olub-olmadığını bankın filialı analiz etmişdi. Şirkət kredit ayrılması üçün banka hər hansı bir girov qoymayıb".

Dövlət ittihamçısı şahidə onların girov qoymayan şirkətə milyonlarla vəsaitin necə ayrılması ilə bağlı sual verib.

Rüfət Daşdəmirov cavabında bildirib ki, bu barədə qərarı kredit komitəsinin iclasında bankın idarə heyətinin sədri verib.

Daha sonra onun ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu üçün ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O, sözügedən ifadəsində bildirib ki, "Şahin-Co" şirkətinə kreditin ayrılması qanunvericiliyə uyğun olmayıb: "Şirkət kredit üçün müraciət etdiyi gün təsis edilmişdi. Həmçinin heç bir girovu yox idi. Qərar qəbul etdik ki, kredit verilməsin. Sonra bankın idarə heyətinin sədri Dəyanət Quliyev dedi ki, məsələni kredit komitəsində müzakirə çıxaraq, qalanı onlarlıqdır. Biz "Şahin-Co" şirkətinə kredit verilməsi ilə bağlı hər hansı bir sənədə imza atmamışıq. Kreditlə bağlı məruzəni kredit komitəsində Atabankın filialı edib".

İclas üçün nəzərdə tutulmuş müddət bitdiyi üçün şahidin sorğu-sualı yarımçıq qalıb. Proses fevralın 5-i davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Z.Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən, Z.Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Z.Niftəliyev 2023-cü ildə başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Həmin hökm bütün instansiyalarda təsdiqlənib.

Xüsusi qeyd: Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı isə DTX-də cinayət işi ayrılıb.

Seçilən
7
5
azpolitika.info

10Mənbələr