Plastik əməliyyat zamanı ölüm hallarının baş verməsi, diplomsuz plastik cərrahların fəaliyyət göstərməsi, son olaraq Səhiyyə Nazirliyinin plastik cərrahlara çağırış edib diplomlarını, sənədlərini təqdim etməyə səsləməsi göstərir ki, bu məsələ xüsusi olaraq diqqət mərkəzindədir.
Bəs Azərbaycan Tibb Universitetində (ATU) plastik cərrahiyyə ixtisası məzunlarının sayı nə qədərdir?
FED.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib ki, ATU-da rezidentura səviyyəsində "Plastik cərrahiyə" ixtisası tədris olunur.
O qeyd edib ki, tədris 3-cü Cərrahi xəstəliklər kafedrası tərəfindən aparılır.
“Ötən illər ərzində (2012-2024) beş tələbə məzun adını qazanıb. Bir tələbə isə yekun attestasiya imtahanında iştirak etməyib. 2024-cü ildə bir nəfər məzun olub.
Hazırda yeddi tələbə "Plastik cərrahiyə" ixtisası üzrə təhsil alır. Bir tələbə isə xaric olunub. ATU-da Rezidentura pilləsində həm yerli, həm xarici tələbələr təhsil ala bilər”, - deyə o əlavə edib. (Trend)