Son 3 ayda 223 maşın utilizatora verilib
“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu davam edir. Ötən ilin oktyabr ayından indiyə qədər 223 nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib. Bu rəqəm isə gündən-günə artmaqdadır. Bu barədə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilən proqramda iştirak edən şəxslərə onların təhvil verdikləri nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq təsdiqedici sənədlər üzrə 140 min manatdan çox birdəfəlik ödəniş verilib. Eyni zamanda, yerli istehsal yeni nəqliyyat vasitələrinin satışı üzrə 25 min manat güzəşt tətbiq edilib.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır. Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra çıxdaş arayışı əsasında zəruri məlumatlar vətəndaşların rahatlığını təmin etmək məqsədilə yaradılan www.nvu.gov.az portalına daxil edilməli və nəqliyyat vasitəsi ərizəçi tərəfindən seçilmiş utilizatorun qəbul məntəqəsinə təyin edilmiş vaxtda təhvil verilməlidir.
“Təmiz Şəhər” ASC-dən bildirilib ki, hazırda reyestrdə qeydə alınmış yalnız bir utilizator – “Fors” MMC nəqliyyat vasitələrinin utilizasiyaya qəbulunu Bakı şəhərində həyata keçirir. Bununla yanaşı, hazırda reyestrdə qeydiyyatdan keçmək istəyən ərizəçilərin müraciətləri dənəzərdən keçirilir. Gələcəkdə isə regionlarda utilizatorların qeydiyyatı və qəbul məntəqələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.