AZ

Maksim Medvedev: "Juninyonu gələcəkdə Braziliya millisində görə bilərik"

“Qarabağ”da oynayan futbolçunun Braziliyanın tanınmış klubuna getməsi bizim futbol üçün müsbət məqamdır”.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ” komandasının sabiq futbolçusu Maksim Medvedev braziliyalı oyunçu Juninyonun ölkəsinin “Flamenqo” klubuna keçməsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, Juninyonun gedişi Ağdam klubu üçün böyük itkidir: “Olavio “Qarabağ”a ilk gəldiyi dövrdə indikindən aşağı səviyyədə çıxış edirdi. Ancaq braziliyalı hücumçu son mövsümdə performansını yüksəltdi. Artıq onunla böyük klublar maraqlanmağa başladılar. Müsbət cəhəti isə Azərbaycan çempionunun yaxşı pul qazanması oldu”.

“Qarabağ”ın keçmiş kapitanının fikrincə, 28 yaşlı “sambaçı”nın “Flamenqo”da uğurlu olması sual altındadır: “Çünki Azərbaycan və Braziliya çempionatları tamamilə fərqlidir. “Qarabağ”da oynayan futbolçular daha intizamlı olurlar. Həmin ölkənin oyunçuları əyləncəni sevirlər. Əgər Juninyo işinə peşəkar yanaşsa, uğurlu olacaq. O, Felipe Luis kimi futbol karyerası zəngin olmuş mütəxəssisin yanına getdi. Hətta Felipe transfer dövründə onunla telefonla danışmışdı. Bəlkə də Juninyonu gələcəkdə Braziliya millisində görə bilərik”.

Qeyd edək ki, Juninyo "Flamenqo" ilə 2028-ci ilə qədər müqavilə imzalayıb. O, Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr