Qahirə, 15 yanvar, AZƏRTAC
Fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun “Multikulturalizmin Azərbaycan modeli” kitabı ərəbcə nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabda multikulturalizmin Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri kimi formalaşması, Azərbaycanın tarixən multikultural dəyərlərə əsaslanan unikal mühitə malik olması və bu anlayışın dövlət siyasətində mühüm prioritet kimi qəbul edilməsi haqqında dolğun məlumat verilir.
Qeyd olunur ki, Azərbaycan xalqının tarixi ənənələri, dövlətin bu sahədə apardığı məqsədyönlü siyasət və xalq tərəfindən bu siyasətin dəstəklənməsi ölkəmizi dünyanın ən mühüm multikulturalizm mərkəzlərindən birinə çevirib.
Kitabda plüralizmin mahiyyəti, milli kimlik, çoxqütblü dünyada birgə, yanaşı yaşamaq, mədəni irsin qorunması və inkişafı kimi mühüm mövzularla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda tolerantlığın nümunəvi modelinin banisi kimi rolu, plüralizmin inkişafında milli institutların, xüsusilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əhəmiyyəti ətraflı şəkildə araşdırılır. Eyni zamanda, multikulturalizmin möhkəmləndirilməsində intellektual yanaşmalar və siyasi əsaslar, eləcə də Prezident İlham Əliyevin multikulturalizmi Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevirməsi geniş şəkildə təhlil olunur.
Bu kitab geniş bir coğrafiyanı əhatə edən ərəb və müsəlman dünyası, eləcə də multikulturalizm sahəsində Azərbaycan təcrübəsi ilə maraqlanan tədqiqatçılar və mütəxəssislər üçün dəyərli mənbədir.
Kitabın nəşrinə Azərbaycanın Xarici İşlər Nazirliyi dəstək göstərib.
Qeyd edək ki, müəllif Azərbaycan dilində işıq üzü görmüş ”İslamda Məzhəblərarası Yaxınlaşma Konsepsiyaları”, eləcə də ərəb dilində nəşr olunmuş “Xocalı soyqırımı və itirilmiş ədalət”, “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasının 100 illiyinə dair”, “Müasir Azərbaycan Diplomatiyasının 100 illiyi”, “Zəfərə aparan yol - 44 günlük müharibə” kitablarının müəllifidir.