AZ

"Türkiyə hər sahədə Suriyaya dəstək verməyə hazırdır", H.Fidan

“Yeni administrasiyanın olduğu Suriyada  PKK/YPG, DEAŞ kimi terror təşkilatlarına yer yoxdur”.

Bunu xarici işlər naziri Hakan Fidan milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın, Suriyadakı yeni administrasiyanın xarici işlər naziri Əsəd Həsən Şeybani, Suriyadakı yeni administrasiyanın müdafiə naziri Murhef Ebu Kasra və Suriyadakı yeni rəhbərliyin Kəşfiyyat üzrə sədri Ənəs Hattab ilə paytaxt Ankarada keçirdiyi 3+3 formatlı toplantıdan sonra Şeybani ilə birgə mətbuat konfransında deyib.

Dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yeni səhifənin açıldığını bildirən H.Fidan bu ölkədə yaranan fürsətdən yeni administrasiya və beynəlxalq ictimaiyyətin doğru istifadə etməsinin vacibliyini vurğulayıb.

Suriyalıların rəhbərlik etdiyi və sahib olduqları əhatəli bir siyasi prosesin qurulmasının bu kontekstdə böyük əhəmiyyət daşıdığını qeyd edən Hakan Fidan "Suriyada bütün dini, etnik və məzhəb qruplarının bir-birini qucaqlamasının zamanıdır. Yeni rəhbərlik ölkədəki bütün qrupları əhatə edən bir anlayışla hərəkət edir. Türkiyə olaraq, Milli Dialoq Konfransının Suriyadakı bütün komponentlərinin iradəsini əks etdirmə səylərini dəstəkləyirik" deyib.

Bu tarixi dönüş nöqtəsində beynəlxalq ictimaiyyətin vəzifəsinin Suriyaya istənilən dəstəyi vermək olduğuna diqqət çəkən Fidan onu da deyib ki,  Suriyanı rəqabət sahəsi kimi deyil, əməkdaşlıq sahəsi olaraq görmək lazımdır. Ölkənin bərpası məsələsində sanksiyaların aradan qaldırılması vacibdir.
Nazir H.Fidan Türkiyənin Dəməşqdəki səfirliyinin 12 illik fasilədən sonra ötən ay açıldığını xatırladaraq, "Hələb Baş Konsulluğumuz da ümid edirəm ki,  20 yanvarda fəaliyyətə başlayacaq. Yaxın zamanda Türk Hava Yollarının Suriyaya uçuşları da başlayacaq" deyib.

Əsəd rejiminin Suriyada illərdir terror təşkilatlarına ev sahibliyi etdiyini və terror ixrac etdiyini qeyd edən Fidan "Yeni Suriyada PKK/YPG, DEAŞ kimi terror təşkilatlarına yer yoxdur" ifadəsini işlədib. 

Nazir Fidan Suriyada yeni administrasiyanın terrorla mübarizədə qətiyyətindən məmnun olduqlarını və bu istiqamətdə həyata keçirilməsinə başlanılmasının vacibliyini də dilə gətirib.

“Suriyadakı inqilab”dan bu yana ölkəsi ilə bir yerdə olan Türkiyə və xalqına təşəkkürünü bildirən Əsəd Həsən Şeybani isə, “Suriya və Türkiyə yeni bir tarix yazdı” deyib.
Bunun qardaşlıq üzərində qurulmuş bir tarix olduğunu qeyd edən Şeybani bu qardaşlığın bölgədə sabitlik və təhlükəsizliyi təmin etmək üçün qurulduğunu bildirib.

Türkiyə ilə Suriya arasındakı əlaqələrin yaxın gələcəkdə müxtəlif sahələrdə "yeni üfüqlərə doğru" sürət qazanacağını söyləyən Şeybani "Yeni rəhbərlik Suriya torpaqlarının Türkiyə və türk xalqı üçün təhdit olmaqdan çıxarılmasının vacibliyinə inanır" deyib.



Seçilən
10
trt.net.tr

1Mənbələr