Təkcə bu araşdırmanı apardığımız müddət ərzində iki qadının plastik cərrahiyyə əməliyyatından sonra həyatını itirdiyi xəbərləri yayıldı.
Elə bu faktın özü plastik cərrahiyyə sahəsində problemlərin nə qədər dərin olduğunu söyləməyə əsas verir.
Səhiyyə Nazirliyi və Baş Prokurorluq bəzi hallarda plastik cərrah qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələrinin saxtalaşdırıldığına dair məlumat yayıb.
Məlumat üçün bildirək ki, plastik cərrahiyə ixtisasının tam adı “plastik-rekonstruktiv və estetik cərrahiyyədir”. Belə desək, hazırda daha çox estetik cərrahiyyə gündəmdə olduğu üçün bu sahə də məhz bu adla tanınır. Amma bu ixtisasın daha önəmli hissələri plastik və rekonstruktiv cərrahiyyədir. Rekonstruktiv cərrahiyyə – bərpaedici cərrahiyyə deməkdir. Yəni olmayan bir orqanın başqa orqan və toxumalardan istifadə etməklə cərrahiyə yolu ilə yaradılması... Plastik cərrahiyyə isə, orqan çatışmazlığını və ya toxuma çatışmazlığını həmin, yaxud yaxınlıqdakı toxumanın hesabına bərpa etməkdir. Qüsurların aradan qaldırılması da plastik-rekonstruktiv cərrahiyyəyə aiddir.
Plastik cərrahiyyə ilə məşğul olan həkimlər arasında bu ixtisasa sahibləri barmaq sayı qədərdir
Estetik-plastik cərrah İlyas Axundzadə APA-ya deyib ki, bu əməliyyatları ancaq ixtisaslı plastik cərrahlar icra etməlidir: “Uzun illərdir ki, Avropa və Amerikanın standart kimi qəbul edilmiş təbabətində bu əməliyyatları məhz plastik, estetik, rekonstruktiv cərrahlar icra edir. Yalnız müvafiq təhsili olan göz həkimi, lor, ümumi cərrah onun sahəsinə aid olan əməliyyatları icra edə bilər”.
Ümumi cərrah Elba Əliyevin sözlərinə görə, plastik cərrahiyyə ilə məşğul olan həkimlər arasında plastik cərrahiyyə təhsili almış şəxslərin sayı barmaq sayı qədərdir: “Zaman-zaman sosial mediada plastik cərrah olmayan həkimlərin apardığı estetik-plastik əməliyyatlar haqqında reklamlarını görürük. Halbuki ümumi cərrah üzgərmə, blefoeoplastika və s. kimi plastik cərrahi əməliyyatlar icra edə bilməz. Ümumi cərrah ancaq abdominaplastika və onkoloji süd vəzi əməliyyatı zamanı süd vəzinin plastikası ilə məşğul ola bilər. Ümumi cərrahlın yalnız sonradan kurslara gedib, sertifikat alaraq və bu sertifikatlar Səhiyyə Nazirliyi tərəfindən tanındığı halda plastik cərrahiyyə ilə məşğul olmasına icazə verilir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən plastik cərrahların böyük qismi ümumi cərrahlar, bir qismi Azərbaycan Beynəlxalq Universitetini bitirən, bir qismi isə qeyri-leqal yollarla uzmanlıq təhsili alanlardır.
Plastik cərrahiyyə ilə məşğul olan həkimlər arasında plastik cərrahiyyə, rezidentura təhsili almış şəxslərin sayı barmaq sayı qədərdir”.
Azərbaycanda bərbərlər adını kosmetoloq qoyub, əməliyyat aparır
İlyas Axundzadə bildirir ki, tibb təhsili olmayan şəxsin əməliyyat icra etməsi cinayətdir: “Hazırda Azərbaycanda tibdən uzaq insanlar, bərbərlər, ali təhsili olmayan şəxslər adını kosmetoloq qoyub əməliyyat aparır. Dermatoloqlar da bəzən cərrahi əməliyyatlar edirlər, qanunla bu da düzgün deyil”.
Bəs bu məsələdə rezidentura təhsili əhəmiyyəti nədir?
Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsinin müdiri İlhamə Mustafayeva APA-ya bildirib ki, 2017-2022-ci illərdə plastik cərrahiyə ixtisası üzrə 1 nəfər (yerli), 2018-2023-cü illərdə 1 nəfər (yerli), 2019-2024-cü illərdə də 1 nəfər (əcnəbi) məzun olub. Hazırda isə adıçəkilən ixtisas üzrə 7 rezident təhsil alır.
Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və rekonstruktiv cərrah Vaqif Qələndərin sözlərinə görə, 2011-ci ilə qədər plastik cərrahiyyə ilə ancaq ümumi cərrahlar və üz-çənə cərrahları məşğul olurdular: “Plastik cərrahi əməliyyatlarla ancaq rezidentura təhsili almış şəxslər məşğul olmalıdır. Kosmetoloqlar, qeyri-ixtisas həkimlər yeraltı məkanlarda, çirkli gözəllik salonlarında bədənşəkilləndirmə əməliyyatı ilə məşğul olurlar. Sosial şəbəkələrdə reklam verib camaatı aldadırlar. Bu, yolverilməzdir”.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, kosmetoloqlar, həmçinin, tibbi kosmetoloq və həkim-dermatoloqlar heç bir halda plastik cərrahi iş üzrə tibbi xidmət göstərə bilməzlər: “Bu fəaliyyəti yalnız “plastik cərrahi” ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinə malik mütəxəssislər göstərə bilərlər”.
Səhiyyə Nazirliyindən onu da bildiriblər ki, “Plastik, rekonstruktiv və estetik cərrahiyyə” ixtisası üzrə təhsilini tam bitirmiş, yəni diplom almış şəxslərin plastik cərrah kimi fəaliyyət göstərmək hüququ var.
Kosmetologiya sahəsində tibbi xidmətləri isə yalnız “Dermatovenerologiya” ixtisası üzrə rezidentura təhsilini bitirmiş şəxslər göstərə bilər.
Tibb işçilərinin sertifikasiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na əsasən həyata keçirilir.
Bəzi klinikalar lisenziyasız fəaliyyət göstərir, sertifikatsız həkimlərə rast gəlinir
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi hansı klinikalarda plastik cərrahiyyə əməliyyatlarının keçirilməsinə icazənin olmasına, yəni, plastik cərrahiyyə əməliyyatı keçirə bilmək üçün klinikaların hansı tələblərə cavab verməsinə aydınlıq gətirib: “Plastik cərrahiyyə üzrə tibb xidməti “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı) daxil olduğundan, bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar.
“Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən Lisenziya verən orqan olan İqtisadiyyat Nazirliyi özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı daxil olmuş müraciətə baxılması üçün Səhiyyə Nazirliyinin rəyini alır. O cümlədən, Plastik cərrahiyyə iş üzrə tibbi xidmət göstərmək niyyətində olan müəssisələr özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etməlidir. Bu müraciət əsasında rəyin verilməsi məqsədilə hər iki qurumun iştirakı ilə müəssisəyə birgə baxış keçirilir, müsbət rəyin əsasında müəssisəyə plastik cərrahiyyə iş üzrə müvafiq lisenziya verilir. Rəyin verilməsi və sonrakı nəzarət tədbirləri zamanı müəssisənin tələblərə uyğun təşkil olunması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 07 aprel 2009-cu il tarixli 37№-li əmri ilə təsdiq edilmiş Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar və digər normativ aktlarla qiymətləndirilir.
Plastik cərrahiyyə ixtisası ilə məşğul olmaq hüququnu ali təhsilli həkim plastik cərrahlar əldə edilər. Xaricdə təhsil almış və plastik cərrahiyyə üzrə rezidenturanı bitirmiş həkimlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən öncə Elm və Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilələr. Həmçinin, bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər”.
AEM bəzi klinikalarda lisenziyasız fəaliyyət göstərən və sertifikatsız həkimlərin fəaliyyətinə rast gəlindiyini diqqətə çatdırıb: “Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin, daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır.
Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. 2024-cü ilin 10 ay ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb”.
Qurum bir daha nəzərə çatdırıb ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən istənilən klinikada çalışan həkim və tibb personalının sənədləri planlı və plandankənar yoxlamalar zamanı araşdırılır: “Əgər planlı yoxlama zamanı hansısa neqativ hal aşkarlanarsa, müvafiq inzibati tədbirlər görülür. Bundan əlavə, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir. Adıçəkilən həkimlərə qarşı ittihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə tərəfimizdən araşdırma aparmaq barədə qərar qəbul edilə bilər”.
Səhiyyə Nazirliyindən o da bildirilib ki, hazırda plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil.
İcra olunan əməliyyatlar müvafiq beynəlxalq plastik cərrahiyə standartlarının protokollarına uyğun həyata keçirilir:“Məlumat üçün bildirmək istərdik ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Plastik cərrahiyyə də bu sahələrdəndir”.
Xaricdə plastik cərrahiyyə üzrə təhsil alan həkimlər ölkədə fəaliyyət göstərə bilmək üçün hansı prosedurlardan keçir?
Türkiyədə plastik cərrahiyyə üzrə uzmanlıq təhsili alan İlyas Axundzadə vurğulayıb ki, təhsilini başa vurub Azərbaycana qayıdandan sonra diplomu tərcümə etdirib, Səhiyyə Nazirliyinə təqdim edib: “Səhiyyə Nazirliyi bizi çağırdı, şifahi imtahan etdi. Bu, 2009-cu il idi. Bizə şəhadətnamə verildi. Həmin vaxt bu şəhadətnamə müddətsiz verilirdi, amma sonralar təkmilləşmə kurslarına gedirdik və hər 5 ildən bir sertifikasiya imtahanına girirdik”.
Bəs hansı cərrahi əməliyyatları məhz plastik, estetik, rekonstruktiv cərrah icra etməlidir?
İlyas Axundzadə deyir ki, bədənşəkilləndirmə əməliyyatını məhz plastik, estetik, rekonstruktiv cərrahlar icra etməlidir.
O, gün ərzində neçə cərrahi əməliyyatın icra oluna biləcəyinə dair konkret bir qaydanın olmadığını qeyd edib: “Gün ərzində iki, üç əməliyyat icra etmək mümkündür. Amma bəzi əməliyyatlar çox uzun çəkir. Onu da qeyd etmək istərdim ki, estetik əməliyyatın müddəti həddən artıq uzun olmamalıdır. Bəzən bir həkim xəstədə eyni anda həm burun, həm üz, həm digər əməliyyatlar aparır. Saatlarla xəstə əməliyyat masasında qalır. Bu halda o xəstə sağlam gəlmişdisə, yarımcan olacaq”.
Son dövrlər “dəb” halını alan göz rənginin dəyişdirilməsi əməliyyatı ilə bağlı da suallarımız vardı, lakin bu əməliyyatı icra edən həkimlərdən biri - Cahid Şahbazov suallarımıza cavab vermək istəmədi.
Səhiyyə Nazirliyindən mövzu ilə bağlı sualımıza cavab olaraq bildirilib ki, şəxsin biometrik identifikasiya xüsusiyyətləri “Biometrik informasiya haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tənzimlənir. Bu qanunda biometrik göstəricilərin bilərək, məqsədyönlü dəyişdirilməsi qanun pozuntusu hesab olunur.
Hansı plastik əməliyyatlar həddindən artıq təhlükəlidir?
İlyas Axundzadə xüsusi qadağan olunmuş hansısa plastik əməliyyatın olmadığını da əlavə edir. Onun sözlərinə görə, icra edilən bəzi əməliyyatlar var ki, həddən artıq təhlükəlidir: “Bullhorn” əməliyyatı - üst dodaq dartma əməliyyatı bizdə və başqa ölkələrdə həddən artıq çox edilir. Amma bunun bir çox fəsadları var. Akademik səviyyədə sübutu olan əməliyyat deyil. Yəni, əməliyyatdan sonra hansı fəsadlar yarana bilər, hansı ağırlaşmalar ola bilər – tam tədqiq edilməyib.
Eləcə də, sümükdən keçirilən pirsinqlər.
Alın dartma əməliyyatlarını da standartlardan kənara çıxaraq aparırlar. “Badam göz” əməliyyatı adlandırdıqları bu əməliyyatı 30 yaşa çatmamış qadınlar üzərində icra edirlər.
Gözün xarici kənarlarını saç həddinə qədər çatdırırlar və olduqca əcaib görüntü yaranır.
Bu əməliyyatlar rəsmi olaraq qadağan edilməyib, lakin akademik təbabətdə bunların yeri yoxdur.
Məsələn, muzoterapiya – dərialtına müxtəlif qarışımlar yeridilir. Bu qarışımların insan orqanizminə təsirləri tədqiq araşdırılmayıb. Bərbərxanalarda, gözəllik salonlarında, xəstəxanalarda – hər yerdə edirlər”.
Plastik cərrah, həmçinin, ucuz yolla alınıb gözəllik salonlarında, estetik mərkəzlərdə üz və bədənə yeridilən dolğu maddələrinin fəsadlarından, zərərlərindən də danışıb. O vurğulayıb ki, həcm vermək üçün istifadə edilən dolğu maddələri ilə bədənin müəyyən nahiyələrini böyütmək üçün istifadə edilən implantlar tamamilə fərqli şeylərdir: “Dolğular iki yerə bölünür – sintetik və təbii. Təbii dolğular hialuron turşusu əsaslıdır, onlar akademik təbabətdə tədqiq edilib, konkret istifadə qaydaları var. Hara, necə, hansı ölçüdə vurula bilər – bunlar məlumdur. Bu dolğular təxminən 6-12 ay arasında bədəndə sorulur. Fəsadları çox azdır, fəsad baş verərsə, müalicə üsullarına dair standart protokollar var”.
Azərbaycanda ucuz sintetik dolğular gətirib insanlara vururlar
Həkim deyir ki, sintetik dolğulardan sonra yaranan fəsadlar çoxdur və faciəvi nəticələri ola bilər.
“Bir çox ölkədə sintetik dolğuların istifadəsi rəsmən qadağan olunub. Azərbaycanda “biopolimer” adıyla bu ucuz dolğuları gətirib istifadə edirlər. Bədəninə bu sintetik dolğu yeridilmiş şəxslər ömürlərinin axırına qədər bunun fəsadlarından qurtula bilmirlər. Bunlar sorulmur, ətrafında infeksiya, iltihabi reaksiya və çapıqlaşma əmələ gəlir. Temperatur qalxır, şişkinlik yaranır, dəri dəlinir və irin xaricə axır. Xəstənin müqaviməti aşağıdırsa, infeksiya qana keçir və sepsis yaranır, bu da ölümə səbəb ola bilir. Bu dolğunu toxumalardan birdəfəlik sıxıb çıxartmaq mümkün deyil. Çünki bu maddə “kley” kimi dərinin altına yapışır. Əsas hissəsini çıxartsalar belə, parçaları yenə də orda qalır”.
Cərrah onu da vurğulayıb ki, implantlardan sonra da fəsadlar yarana bilir: “Protezlərdən, implantlardan isə süd vəzilərini böyütmək və ya xərçəngdən sonra süd vəzisinin rekanstruksiyası məqsədilə istifadə edilir. İmplantlardan sonra da fəsadlar yarana bilir, amma bunların da konkret müalicə qaydaları məlumdur”.
Burun plastikası ilə məşğul olan məşhur lor-cərrahlardan bir neçəsi ilə əlaqə saxlasaq da, bizə vaxt ayırıb suallarımıza aydınlıq gətirən olmadı.
Bəzi həkimlər reklam məsələsində çox ifrata varır
Plastik cərrahiyyə ilə bağlı reklamların çoxluğu da müəyyən suallar yaradır. Səhiyyə Nazirliyindən isə bildirilib ki, plastik cərrahiyə ilə bağlı mediada reklam olunan tibb mütəxəssisləri və onlara aid müxtəlif fərqləndirici “adlar”a nazirlik tərəfindən nəzarət mexanizmi mövcud deyil: “Nazirliyə daxil olan şikayətlər aidiyyəti üzrə baxılır və zərurət olduğu təqdirdə, araşdırma, plandankənar yoxlama şəklində nəzarət tədbirləri həyata keçirilir”.
Plastik cərrah İlyas Axundzadə isə deyir ki, bu sahədə xüsusi bir qurum olmalıdır: “Belə bir qurum olsa, plastik cərrahiyyənin nə olduğunu təbliğ edə bilərik. Plastik cərrahiyyə təkcə dodaq şişirtmək və ya üz dartdırmaq deyil. Ayaq sümüyündən çənə düzəltmək, cinsiyyət dəyişdirmək, qopmuş orqanı yerinə bərpa etmək, saatlarla çəkən ciddi, ağır əməliyyatlar var”.
Cərrah, həmçinin, qeyd edib ki, bəzi həkimlər reklam məsələsində çox ifrata varır.
Plastik cərrahiyyə kafedrası yaradılıb, amma o kafedrada işləyən işçilərin heç biri plastik cərrah deyil, tamamilə kənar adamlardır. Bəli, reklam günümüzün ayrılmaz hissəsidir. Ona görə də bir növ reklam olmalıdır. Estetik cərrahiyyə ilə məşğul olan cərrahın reklama ehtiyacı var.
Amma bu gün həkimlər bu normanı aşırlar. Bəziləri xəstələrinin, öz həyatlarının özəl nüanslarını çəkir paylaşırlar. Bəziləri etikadan, ədəbdən uzaq paylaşımlar edirlər. Bu nə dərəcədə düzgündür? Buna nəzarət olmalı deyilmi?..”
Görünən budur ki, plastik cərrahiyyə sahəsində kifayət qədər problem var. Bu problemlər həll olunmadıqca, qeyri-ixtisas sahibləri bu əməliyyatları icra etdikcə, fəsadlar və qurbanlar da çox olacaq. Odur ki, cavabdeh qurumlar və şəxslər plastik cərrahiyyə sahəsində mümkün qədər tez qayda-qanun yaratmalıdırlar...