Suriya xalqının iradəsini dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixin doğru tərəfində dayandı.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Suriyanın yeni xarici işlər naziri Əsəd Həsən Şibani deyib.
“Ərdoğan tarixin doğru tərəfində dayandı, bəşəri dəyərlər və xalqın iradəsinin yanında oldu. Ölkəmizin quruculuq işlərində Türkiyədən faydalanacağıq. Türk xalqına təşəkkür etmək istərdik. İllərlə xalqımızı qonaq elədilər. İki ölkə arasında münasibətlər dərindir. Bizi heç nə ayıra bilməz, münasibətlərdə yeni səhifə açılıb”, - nazir vurğulayıb.
Şibani əlavə edib ki, Suriya nə etnik, nə də coğrafi baxımdan bölünə bilər:
“Rəhbərlikdə müəyyən bir qrupun hakim olmasını istəmirik, qalanları da olmalıdır. Suriya Əsəd dövründə bölünüb, biz bu sınığı bərpa etmək istəyirik. Ölkəmiz bütün seqmentləri ilə təmsil olunmalıdır. Məzhəb və başqa ayrı-seçkilik olmamalıdır”.
Xarici işlər naziri ayrı-ayrı ölkələrə sığınan 14 milyon suriyalı qaçqını tez bir zamanda ölkəyə qaytarmaq istədiklərini açıqlayıb.
Həmçinin o söyləyib ki, yeni hökumət devrilmiş prezident Bəşər Əsəd və komanda üzvlərinin məhkəmə qarşısında cavab vermələri üçün səylərini davam etdirir.
Şibani Suriyadakı terror təşkilatlarına qarşı atılacaq addımlara da diqqət çəkib: “Əsəd rejimi terror təşkilatlarının yaranmasına səbəb olub, qonşu ölkələr və beynəlxalq ictimaiyyətə zərər verib. Suriya başqa ölkələr üçün təhlükə deyil. Suriyanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir. Türkiyənin təhlükəsizliyi həm də Suriyanın təhlükəsizliyidir. Bu təhdidlərin öhdəsindən gəlmək üçün sürətlə hərəkətə keçəcəyik. Müsbət nəticələr gözləyirik”.