Bakı Apellyasiya Məhkəməsində yol qəzası zamanı iki nəfərin ölümündə təqsirləndirilən Beytulla Babayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Beytulla Babayeva 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Cəzanın əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanıb. Hökmə görə, qəzaya düşən "Range Rover" avtomobili Elşən Əliyevə qaytarılıb.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 8-də Sabunçu rayonu ərazisində Bilgəh-Nardaran yolunda 1986-cı il təvəllüdlü Beytulla Babayev idarə etdiyi "Range Rover" markalı avtomobillə idarə etməni itirərək KİA markalı avtomobillə toqquşub. Nəticədə KİA-da olan Göygöl sakinləri - 2002-ci il təvəllüdlü Ayxan Süleymanlı və 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarov dünyasını dəyişiblər, 1997-ci il təvəllüdlü Arif Məhərrəmov isə ağır yaralanıb.
Qanunvericiliyə uyğun olaraq təyin edilən yol-nəqliyyat ekspertizasının rəyi əsasında hadisədə təqsiri sübuta yetirilən “Range Rover” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Beytulla Babayev saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırlatma: Məlumata görə, gövlət nişanı 10-DF-090 olan "Range Rover" avtomobilin sahibi Elşən Əliyev polkovnik rütbəsi daşıyır və Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə çalışıb. Polkovnikin adına 90-ND-700 nömrəli "Mini Cooper", 10-GV-700 nömrəli "Lexus LX570”, 10-BS-700 nömrəli "BMW 740LI", 10-DF-090 nömrəli "Range Rover”, 10-HA-700 nömrəli "Porsche Panamera”, 90-HD-700 nömrəli "KIA Optima” markalı avtomobillər də var.
Kamal Məmmədov