AZ

Qanlı 20 Yanvar faciəsi

20 Yanvar 1990-cı il Azərbaycanın müstəqillik tarixinə qanla yazılmış bir səhifədir. Bu gün, həm faciə, həm də qəhrəmanlıq nümunəsi kimi xalqımızın yaddaşında əbədi yaşayacaq. Həmin gün Azərbaycanın azadlıq mübarizəsinə qara buludlar çökdü, lakin xalqın iradəsi və birliyi bu qaranlığı aydınlığa çevirdi

1988-ci ildə ermənilən təcavüzü nəticəsində alovlanan qondarma Qarabağ problemi və erməni separatizminə qarşı Azərbaycan xalqının mübarizəsi sovet hakimiyyətinin sərt reaksiyasına səbəb oldu. 1990-cı ilin yanvarında Sovet İttifaqının qoşunları Bakıya yeridilərək günahsız insanlara qarşı silahlı hücumlar təşkil etdi. Bu hücumlar nəticəsində yüzlərlə insan həyatını itirdi, yaralandı və həbs edildi. Lakin bu qanlı hadisə xalqın azadlıq arzusunu boğa bilmədi.

20 Yanvar hadisəsi təkcə bir faciə deyil, həm də milli ruhun oyanışı oldu. Azərbaycan xalqı həmin gün bir daha sübut etdi ki, azadlıq uğrunda hər cür çətinliklərə dözməyə hazırdır. Şəhidlərin qanı ilə suvarılmış bu torpaq sonradan müstəqillik yolunda bir bayrağa çevrildi.

Bu gün 20 Yanvar şəhidlərinin əziz xatirəsi hər il anılır, onların qəhrəmanlığı dərin hörmətlə yad edilir. Şəhidlər Xiyabanı xalqımızın qürur məkanıdır və onların ruhu qarşısında baş əyərək, müstəqil Azərbaycanın qurulmasında onların verdiyi töhfəni unutmuruq.

20 Yanvar faciəsi həm də gələcək nəsillərə bir dərsdir. Bu hadisə bizə azadlıq və müstəqillik uğrunda mübarizənin nə qədər dəyərli olduğunu xatırladır. Şəhidlərin ruhu qarşısında borcumuz onların ideallarını yaşatmaq və Azərbaycanı daha güclü və müstəqil görməkdir.

Qanla yazılmış bu tarix xalqımızın qəhrəmanlıq salnaməsidir. Biz heç vaxt unutmayacağıq: 20 Yanvar xalqımızın azadlıq yolunda ən parlaq səhifələrindən biridir.

Bahar Hüseynova,
Bakı şəhəri, Xətai rayonu, Ə.Abbasov adına 257 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Seçilən
1
ikisahil.az

1Mənbələr