Gəncə Apellyasiya Məhkəməsində keçmiş arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Ramil İmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib. Onun 14 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 11 il 3 aya endirilib.
Qeyd: Hadisə 2023-cü il iyulun 1-də Gəncə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Ramil İmanovun şəhərin Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı, 1988-ci il təvəllüdlü Şəhla Bayramovaya azyaşlı oğlunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.
Ramil İmanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Kamal Məmmədov