Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən N.Əsədovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayəti təmin edilib, Nəsimi Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Həmin hökmə görə, təqsirləndirilən şəxs 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası dəyişdirilib. Belə ki, N.Əsədova 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə ötən il Bakı şəhəri, Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, N.Əsədov idarə etdiyi “Prado” markalı avtomobil ilə hərəkətdə olarkən keçən piyada, zərərçəkmiş Ş.Məmmədzadəni vuraraq ona xəsarət yetirib. Hadisədən sonra N.Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov