“Əbu-Dabi Dayanıqlılıq Həftəsi dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformadır. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin yanvarın 13-14-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində Əbu-Dabi Dayanıqlılıq Həftəsi həftəsində iştirakı barədə fikirlərini bölüşərkən deyib.
Millət vəkilinin sözlərinə görə, bu yüksək səviyyəli tədbirə Prezident İlham Əliyevin dəvət olunması ilk növbədə dövlət başçımızın şəxsiyyətinə olan böyük hörmət və nüfuzunun göstəricidir:
“Həm də bu, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksək səviyyədə olduğunun ifadəsidir. Səfər çərçivəsində Prezidentlər İlham Əliyevlə Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın arasında ikitərəfli görüş baş tutdu. Dövlət başçıları Azərbaycanla BƏƏ arasında ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı investisiyaların yatırılması ətrafında məsələləri müzakirə etdi. Əvvəlcə qeyd etmək istəyirəm ki, keçən ilin 9 ayı ərzində Azərbaycan BƏƏ iqtisadiyyatına 437,2 milyon dollar, BƏƏ isə Azərbaycan iqtisadiyyatına 356,5 milyon dollar investisya yatırıb. BƏƏ Azərbaycanın bərpaolunan enerji sektoruna investisiyalar yatırır. Məhz onun nəticəsidir ki, bu gün ölkəmizdə yeni günəş elektrik stansiyaları ərsəyə gəlir və bərpaolunan elektrik enerjisi güclərinin generasiyası artmaqdadır. Təbii ki, bu, ölkəmizin 2030- cu ilə qədər bərpa olunan enerjiyə keçidlə bağlı könüllü öhdəliyimizin icrasında BƏƏ-nin yaxından iştirak etməsidir.
COP 29-u BƏƏ-dən təhvil aldıq və bu beynəlxalq tədbirin uğurla təşkil olunmasında BƏƏ yaxından dəstək verdi. O cümlədən, Braziliyada keçiriləcək “COP30″ un keçirilməsində də BƏƏ və Azərbaycan öz təcrübəsini bölüşəcək və dəstək göstərəcək. Azərbaycanla BƏƏ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Dövlət başçılarının şəxsi dostluq münasibətləri üzərində ölkələrimiz bir-birinə daha da yaxınlaşır, dostluq və əməkdaşlığımız möhkəmlənir”.
//Gülnarə Abasova, Editor.az