AZ

Faringit zamanı nə etməliyik? - Mütəxəssis məsləhəti

Bakı, 16 yanvar, AZƏRTAC

Faringit çox da qorxulu olmayan, amma lazımi tədbirlər və müalicələr aparılmasa, ömür boyu davam edən xəstəlikdir.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 6 nömrəli Şəhər Poliklinikasının həkim-otorinolarinqoloqu Seymur Əsədov deyib.

O qeyd edib ki, faringit udlağın iltihabi xəstəliyidir. Faringitə daha çox 12-15 yaşdan yuxarı şəxslərdə rast gəlinir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən, həmçinin yüksək qan təzyiqi olan şəxslərdə daha çox müşahidə edilir. Mədə qıcqırması, burun tənəffüsünün düzgün getməməsi, allergiyalar, peşə və həyat tərzinin norma çərçivəsində olmaması, siqaret çəkilməsi, kəskin kimyəvi qoxuların olduğu ərazilərdə çalışmaq faringitin yaranmasına səbəb olur.

S.Əsədovun sözlərinə görə, çox zaman faringiti digər xəstəliklərlə, həmçinin şişlərlə və ya onkoloji xəstəliklərlə səhv salırlar: “Faringit zamanı öskürəyin intensivliyi artdığına görə, bu xəstəliyi ağciyər və bronxial xəstəliklərlə də səhv salırlar. Lakin bildirmək lazımdır ki, faringitin çox ciddi fəsadları olmur. Bu, daha çox boğazda, udlaqlarda quruma, qıcıqlanma, səs tutulması kimi simptomlarla özünü büruzə verir. Kəskin faringit müalicə olunan xəstəlikdir və sağalma ehtimalı çox yüksəkdir, sonrakı mərhələlərdə heç vaxt təkrarlanmaya da bilir. Lakin xroniki faringitin müalicə prosesi çətin keçir. Mütəmadi siqaretdən istifadə edən, həmçinin mədə qıcqırması, allergiyası olan şəxslərdə xroniki faringitə təkrar yoluxmaq riski daha yüksəkdir. Belə olduqda isə xroniki faringitin müalicə prosesi uzun və çətin olur”.

Həkim-otorinolarinqoloq müalicə prosesi barədə məlumat verib: “Müxtəlif preparatlarla qarqara etmək, sovurma dərmanlardan, spreylərdən istifadə etməklə faringitin müalicəsini aparmaq mümkündür. Allergiyalar varsa, antihistamin müalicə, eyni zamanda, burun tənəffüsünün müalicəsi mümkündür. Faringit zamanı daha çox boğazda quruluq hissi yaranır. Bu zaman boğazı tez-tez maye ilə nəmləndirmək məsləhət görülür”.

Faringitdən qorunmaq üçün yanaşı xəstəliklərin müalicə olunmasının vacibliyinə diqqət çəkən S.Əsədov vurğulayıb ki, siqaret kimi zərərli vərdişlərdən və tütün tüstüsündən uzaq durmaq, mədə-bağırsaq xəstəliklərini müalicə etmək, kimyəvi qoxulu, tozlu şəraitdə çalışmağa məcbur qaldıqda, mütləq şəkildə maskalardan və digər qoruyucu vasitələrdən istifadə etmək önəmlidir.

“İnsan gün boyu bədən çəkisinin 3 faizi qədər maye qəbul etməlidir. Lakin faringit zamanı mayenin miqdarı önəmli deyil. Əsas odur ki, boğaz və udlaqlarda quruluğun, qıcıqlanmanın qarşısını almaq üçün boğaz az miqdarda maye ilə nəmləndirilsin. İstənilən halda, qeyd olunan simptomları müşahidə etdiyiniz andan etibarən ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki həkim-mütəxəssislərə müraciət etmək lazımdır. Çünki gecikmiş müdaxilə və müalicə ağırlaşmalara, fəsadlara gətirib çıxara bilər”, - deyə mütəxəssis vurğulayıb.

Seçilən
9
azertag.az

1Mənbələr