Xalq artisti Ağadadaş Ağayevlə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayevin məhkəməyə təqdim etdiyi ərizə elan olunub.
Ərizədə tərəflər arasında barışıq əldə olunduğu qeyd edilib:
“Biz 44 saylı notariusda barışıq ərizəsi imzalamışıq. Mənə dəyən ziyan ödənilib. Qarşı tərəfdən şikayətim və tələbim yoxdur. Məhkəmə işinə xitam verilməsini xahiş edirəm”.
Qeyd edək ki, bundan əvvəl eyni ittihamla Ağadadaş Ağayevin cinayət işi ayrı icraatda Binəqədi Rayon Məhkəməsinə göndərilib. Ağadadaş Ağayevin cinayət işinə hakim Vüsal Tağıyevin sədriyi ilə baxılır.
İttihama görə, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Xatırladaq ki, tərəflər arasında rəsmi şəkildə barışıq əldə olunub.