AZ

Dino bundan sonra nəyə yarayar?! - qayıtmaq istəyir...

“Qarabağ”ın sabiq forvardı, 2017-ci ildə bu komandanın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasında böyük pay sahibi olmuş Dino Nlovu ölkəmizdə çıxış etdiyi dönəmi xatırlayıb və qayıtmaq istəyini gizlətməyib.

Cənubi Afrikanın Klerksdorp şəhərində dünyaya gələn, fevralda 35 yaşını tamamlayacaq forvard 2016-nın avqustunda anlaşdığı “Qarabağ”da Qurban Qurbanovun rəhbərliyi altında uğurlu karyera yaşadı. Ağdam klubu onun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynadı. Amma futbolçu hazırda klubsuzdu. 2023-cü ilin iyulunda Türkiyənin 1-ci liqa klublarından “Sakaryaspor”la müqavilə imzalamışdı, ötən ilin iyulunda isə müqavilə müddəti bitib.

Ndlovu “Sakaryaspor”un heyətində bütün turnirlər çərçivəsində 19 oyuna (18-i çempionatda, 1-i kubokda) çıxıb, rəqib qapılarından 5 top keçirib. Ümumiyyətlə, ötən mövsüm 813 dəqiqə meydanda olub.

Dino “Sakaryaspor”a keçənə qədər də Türkiyənin digər klublarında çıxış edib. 2021/22 mövsümündə “Kocaelispor”da 15 oyunda 9 qol vurub, 2023-cü ilin əvvəlində “Boluspor”da 10 oyunda 4 qolla yadda qalıb.

Amma indi 34 yaşlı forvardın yüksək hədəflər uğrunda mübarizə aparan “Qarabağ”a hansısa şəkildə yardım edəcəyi inandırıcı görünmür. Bəlkə də 2018-də Ağdam təmsiçisini Çin klubuna dəyişməyə dəyməzdi!

ƏSƏD SEYİDOV

Seçilən
0
football-plus.az

1Mənbələr