AZ

Davosda Əliyev-Paşinyan görüşü: Politoloq bu ehtimalı niyə real saymır?

Yanvarın 20-dən 24-dək Davosda keçiriləcək illik Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi bildirilib. Forum çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin təkbətək görüşünün baş tutub-tutmayacağı maraq doğurur.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan politoloq Oqtay Qasımov bildirib ki, Davosda belə bir görüşün baş tutması real görünmür:

“Prinsipcə bir çox beynəlxalq tədbirlərdə iştirak zamanı Azərbaycan prezidenti və Ermənistan hökuməti başçısının görüşlərinə şahid olmuşuq. Bu görüşlərin sonuncusu Kazanda keçirilən tədbirdə baş tutub. Davosda Forumunda yeni təkbətək baş tutma ehtimalı var. Amma bu cür görüşlərin Davosdan daha çox fevral ayında keçirilən Münxen Təhlükəsizlik Konfransında baş tutması ehtimalı daha yüksəkdir”. 

Politoloq qeyd edib ki, hazırki vəziyyətdə liderlərin görüşünə ciddi ehtiyac yoxdur:

“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin irəliləməsi üçün liderlərin Davosda bir araya gələcəyini düşünmürəm. Çünki Kazanda keçirilən görüş, məlum olduğu kimi, təxminən 1 saat 45 dəqiqə çəkdi və geniş tərkibli bir görüş oldu. Orada komanda üzvlərinə konkret tapşırıqlar verilib. Lakin həmin vaxtdan bu dövrədək Ermənistan tərəfinin hansısa konkret addımını müşahidə etməmişik. Sadəcə olaraq ümumi ifadələri özündə ehtiva edən bəyanatları görməkdəyik. Əməli addımlar yoxdur. Yəni son proseslərdən sonra hələlik düşünmürəm ki, iki liderin görüşünə ciddi ehtiyac var”.

Nazim Hacıyev

 


Telegram kanalımız
Seçilən
8
yenisabah.az

1Mənbələr