Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün hazırlanan mexanizmlər Nazirlər Kabinetinə təqdim olunub.
Bununla əlaqədar Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 87-VIIQD nömrəli Qanunun icrasının təmin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, Ədliyyə Nazirliyi Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.