AZ

IEA: 2030-cu ilə qədər nüvə energetikasının inkişafına illik investisiyalar 120 milyard ABŞ dollarına çata bilər

Nüvə energetikasının sürətli artımı ssenarisinə görə illik investisiyalar 2030-cu ilə qədər 120 milyard ABŞ dollarına qədər ikiqat artmalıdır.

Nüvə energetikası 2025-ci ildə yeni rekorda çatmalıdır.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Nüvə energetikasının yeni dövrünə gedən yol" adlı yeni hesabatında bildirilib.

Hesabata görə, hidroenerjidən sonra dünyada aşağı emissiyalı elektrik enerjisinin ikinci ən böyük mənbəyi olan nüvə enerjisi bu gün qlobal elektrik təchizatının 10 %-dən bir qədər azını təşkil edir. IEA hesab edir ki, nüvə energetikasının inkişafının bərpası dünya üzrə elektrik enerjisinə tələbat sürətlə artdığı bir vaxtda təhlükəsiz və təmiz enerji mənbəyi üçün yeni dövr aça bilər.

IEA-nın icraçı direktoru Fatih Birol bildirib ki, nüvə energetikası 2025-ci ildə rekord səviyyədə elektrik enerjisi istehsal etməlidir.

Hesabata əsasən, hazırda dünyada təxminən 63 nüvə reaktoru tikilir ki, bu da 70 QVt-dan çox güc deməkdir və bu, 1990-cı ildən bəri ən yüksək göstəricilərdən biridir. Dünya üzrə 40-dan çox ölkə öz enerji sistemlərində nüvə energetikasının rolunu genişləndirməyi planlaşdırır.

Bundan əlavə, son beş ildə dünya üzrə 60-dan çox reaktorun istismar müddətinin uzadılması barədə qərarlar qəbul edilib. Bu da ümumi nüvə qurğuları parkının təxminən 15 %-ni təşkil edir.

Həm yeni stansiyaları, həm də mövcud olanların xidmət müddətinin uzadılmasını əhatə edən nüvə energetikasına illik investisiyalar 2020-ci ildən etibarən üç il ərzində təxminən 50 % artaraq 60 milyard ABŞ dollarını ötüb.

Hesabatda, həmçinin qeyd olunub ki, mövcud siyasətlə Kiçik Modul Reaktorlarının (SMR) gücü 2050-ci ilə qədər 40 QVt-a çatacaq. Nüvə energetikasına dəstək gücləndirilsə və qaydalar sadələşdirilsə, SMR-in gücü üç dəfə artaraq əsrin ortalarına qədər 120 QVt-a çata bilər. Eyni zamanda, reaktorların sayı mini keçə bilər. Bunun üçün investisiyalar tələb olunacaq.

"Bununla belə, hökumətlər və sənaye hələ də yeni nüvə energetikası dövrünə gedən yolda bəzi əhəmiyyətli maneələri dəf etməlidirlər", - hesabatda qeyd olunub.

IEA ekspertlərinin fikrincə, yeni nüvə layihələrinin inkişaf etdirilməsi əhəmiyyətli investisiyalar tələb edir ki, bunları yalnız dövlət maliyyələşdirməsi hesabına ödəmək mümkün deyil. Özəl sektor getdikcə nüvə energetikasını çox enerji tələb edən əməliyyatların gecə-gündüz təmin edilməsi üçün təmiz, etibarlı və rəqabətqabiliyyətli enerji mənbəyi kimi görür.

Seçilən
1
report.az

1Mənbələr