Ötən ilin son ayının 25-də Qroznı üzərində vurulan sərnişin təyyarəmizlə bağlı Rusiyadan gözlədiyimiz reaksiyaya dair təxminlər doğrulur.
İlk gündən cinayəti, qəsdi danmaq yolu tutan Rusiya tərəfi ortada olan bu qədər dəlil-sübutdan, şahid ifadələrindən sonra yenə də “saman çöpü”nə əl ataraq, baş vermiş hadisəyə görə üzərinə düşən məsuliyyəti qəbul etməkdən imtina edir, müxtəlif bəhanələrlə, gülünc arqumentlərlə yaxasını kənara çəkməyə çalışır.
Zatən, vurulmuş təyyarənin “qara qutuları” açılmadan da, təyyarəmizin göy rəngli gövdəsindəki ağ dəlik-deşik yerləri hava maşınının başına nə gəldiyini ilk gündən göstərirdi. “Quş dəstəsi ilə toqquşma”, “içəridə qaz balonunun partlaması” kimi iddialar xəbər kirliliyi yaratmaq üçün idi və heç bir tənqidə tab gətirəcək halda deyildi. Belə şey ola bilərdimi ki, qaz balonu içəridə partlasın, sonra qəlpələr necəsə illüminatordan çıxsın, təyyarəni bayırdan deşsin. Heç fantastik filmlərdə də belə şey olmur.
RF prezidenti Putinin təyyarənin “qara qutuları”nın Qazaxıstanın əlində olması bilinəndən sonra bu ölkənin prezidenti Kasım-Jomart Tokayevlə 4 saat telefonla danışması, bundan sonra o “sirr dağarcığı”nın Braziliyaya göndərilməsi ondan xəbər verirdi ki, Braziliyadan ruslara sərf edən cavab gələcək. İndi həmin cavab Rusiyaya tam sərf edən məzmunda olmasa da, ruslar “qara qutular”dakı qeydləri özlərinə sərf edən variantda yozmaq, şərh etmək imkanı qazanıblar. Bu zaman onlar əsas məsələnin (təyyarənin Rusiya HHM-mi tərəfindən vurulması) üstündən ötür, təqsiri pilotların üstünə yıxmağa çalışırlar. Həyasızlıq normal sözlərlə ifadə ediləcək həddə deyil.
Hətta Rusiya hökumətinin inhisarında olan media qurumlarında təyyarəmizin vurulmasına görə məsuliyyəti ABŞ və Ukrayna kəşfiyyat xidmətlərinin belinə şələləyənlər də var.
Rusiyanın “Svarşiki” (“Qaynaqçılar”) adlanan Teleqram kanalı AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğramasında ABŞ və Ukraynanın xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı “təsdiqlənmiş məlumat” aldığını bildirib. Kanalın müəllifləri əmin edirlər ki, guya bu əməliyyatı hazırlamaq üçün Vaşinqton və Kiyevə 6 ay lazım olub.
TG kanalı yazır: “Xəzər dənizi yaxınlığında fəlakət baş verən gün xüsusi spotter - NATO-nun kəşfiyyat təyyarəsi əməliyyat zonasında olub. Bütün hərəkətlər əvvəlcədən hesablanıb ki, Ukrayna PUA-ları hücum edərkən Ukrayna Silahlı Qüvvələrinin “Axmat” xüsusi təyinatlı obyektinə əvvəlki hücumundan sonra Visaitovski rayonunda quraşdırılmış “Pantsir” sistemi tərəfindən təyyarənin vurulmasına səbəb olsun”.
“Svarşiki” bu hadisəyə bundan əvvəl baş vermiş hadisəni “qaynaq” edir: “Eyni ssenari 2018-ci ilin sentyabrında Rusiyanın İl-20 təyyarəsi Suriyanın S-200-dən atəşə tutulduğu zaman İsrail hərbi hava qüvvələri tərəfindən də istifadə edilib. Suriya qüvvələri İsrailin F-16 qırıcılarının Latakiyadakı hədəflərə basqını dəf edən zaman İl-20 enişdə atəşə tutulub”.
Kanal daha sonra yazır: “Aydındır ki, Qroznı yaxınlığındakı fəlakətlə bağlı vəziyyətdə dost atəşinin təşkili üçün oxşar üsullardan istifadə edilib”.
“Qaynaqçılar” hesab edirlər ki, bütün insident, çox güman ki, Rusiyaya beynəlxalq təzyiq üçün şərait yaratmaq, onun dünya miqyasında, o cümlədən ABŞ-Ukrayna danışıqları kontekstində mövqeyini zəiflətmək məqsədi daşıyıb.
Sözügedən yazıda göstərilir ki, AZAL-ın heyəti bütün qərarları təkbaşına qəbul edib, Qroznıya enməmək, Mahaçqalaya üz tutmamaq, sonra isə Bakıya qayıdıb, sonda Aktauya getmək qərarına gəlib.
Kanal yazır: “Səsyazmalardan o da məlum olub ki, pilotlar mümkün quş zərbəsi və göyərtədə qaz balonunun partlaması ilə bağlı nəzəriyyələri müzakirə ediblər. Bundan əlavə, danışıqlarda təyyarəyə xarici təsirlərdən bəhs edilir, lakin pilotlar təyyarədə fövqəladə vəziyyət elan etməyiblər”.
Göründüyü kimi, Rusiya tərəfi AZAL-ın təyyarəsinin vurulmasına və qəzaya uğramasına görə məsuliyyəti heç vəchlə üzərinə götürmür: “Təyyarəni ABŞ və Ukrayna vurdurub”, “Pilotlar “Embrarer”i Aktauya öz qərarları ilə uçublar”. Dünəndən bəri Rusiya mediası eyni arqumentləri dönə-dönə təkrarlayırlar.
Dünya birliyi və Azərbaycan rəhbərliyi isə hadisənin necə baş verdiyinə, kimin məsuliyyətinin nə qədər olduğuna dair həqiqətləri tam təfərrüatı ilə bilir.
Rusiyanın bu cür hərəkətləri o boyda dövlətin özünü, sözünü nüfuzdan salmasından başqa bir şey deyil. Dünya miqyasında etibarını itirmiş bu dövlət təsirinin güclü olduğu regionda da özünü xəcil günə qoymaqdadır.