AZ

Bəxtiyar Hacıyev həbsinin əsl səbəblərini acıqladı

Bəxtiyar Hacəyev həbsinin əsl səbəblərini acıqladı

İctimai fəal Bəxtiyar Hacıyevin Bakı Ağır Cinayətlər Məhkəməsinə

Son sözü

Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.

Həbsimin ilk günlərindən müdafiəmə qoşulan cəsarətli, ləyaqətli, dəyərli vəkillərim Elçin Sadıqov, Cavad Cavadov, Aqil Layıc, Şəhla Hümbətova, Zibeydə Sadıqova, Rövşanə Rəhimli, Fəxrəddin Mehdiyev, Nemət Kərimliyə təşəkkür edirəm. Siyasi sifarişlə şərlənərək həbs edildikdən bir neçə gün sonra Bakı Apellyasiya Məhkəməsində zala daxil olarkən dəyərli vəkillərimizin mantiyalarını geyinərək gözlədiklərini gördüyüm anı və həmin an keçirdiyim hissləri də sözlərlə ifadə etmək mümkün deyil. Məhz bu dəyərli insanların hakimiyyət tərəfindən şərlənmiş digər siyasi məhbusların, vicdan məhbuslarının, inanclı şəxslərin məhkəmələrində müdafiəyə qoşulmaqları həmin məhkəmə iclaslarını müşahidə edən təcrübəçilərə, bu işləri mətbuatdan izləyən minlərlə hüquq fakültəsi tələbələrinə göstərir ki, hüqüq təhsilini siyasi sifarişlə təqsirsiz insanları şərləməyə sərf edən müstəntiqlər, prokurorlar, hakimlərin şərə xidmət etməsinə baxmayaraq, hüquq təhsilini şərlənən insanları müdafiə etməklə Həqiqət, Haqq, Ədalət yolunda tətbiq etmək də mümkündür. Yaradanın bəxş etdiyi şərəfdən imtina edərək ‘’Tərəqqi’’, ‘’Şöhrət‘’, ‘’Şərəf ‘’ ordeni almağa can atanların olduğu kimi, bu mükafatlardan imtina edərək həyatını şərəflə yaşamağın mümkünlüyünü göstərirlər.

Həbs olunacağını bildiyi halda hər zaman yanımda olan dostum Rail Abbasova, həbs olunacağını bilə-bilə həbs olunan ana qədər məni və digər təqsirsiz insanları müdafiədən geri çəkilməyən Rüfət Səfərova təşəkkür edirəm. Təbii ki, karyera yüksəlişi, müxtəlif orden və mükafatlar üçün hər şeyə, o cümlədən, dostlarını satmağa hazır olanlar belə dostluqların əhəmiyyətini anlamazlar.

Məhkəmə prosesini davamlı müşahidə edən ‘’Müdafiə Xətti’’ və ‘’İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi’’ nümayəndələrinə, rəhbərliyi kollektivi həbs olunana qədər məhkəməni işıqlandıran Kanal13, Meydan TV, Toplum TV, Abzas.net başda olmaqla Azərbaycanda və xaricdə fəaliyyət göstərən onlayn kanallara, agentliklərə, KİVlərə, jurnalist və bloqerlərə təşəkkür edirəm. Heç bir bəhanə axtarmadan siyasi məhbusların müdafiəsini davam etdirən vətəndaş cəmiyyəti təmsilçilərinə, siyasi partiyalara və üzvlərinə, səssizliyi yox, cəsarəti seçən ziyalılara və sıravi vətəndaşlara təşəkkür edirəm. Sayları az olsa da, bağlı qapılar arxasında siyasi məhbus məsələsinin həllinə və ədalətin bərqərar olmasına çalışan yerli diplomatlarımıza, dövlət qulluqçularına, dövlət xadimlərinə təşəkkür edirəm.

ABŞ Dövlət Departamenti, ABŞ Konqresi və ABŞ-da fəaliyyət göstərən təşkilatlarda insan hüquqları və siyasi məhbus məsələsini gündəmdə saxlayan şəxslərə, ABŞ-ın Azərbaycandaki səfirliyinə, Avropa İttifaqı Şurası, Avropa Komissiyası, Avropa Parlamenti, Avropa Şurası, AŞPA-daki şəxslərə, Aİ-nin Azərbaycandaki nümayəndəliyinə, Almaniya, Fransa, Niderland, Böyük Britaniya, İsveçrə, Polşa və digər Avropa ölkələrinin XİN və Bakıdakı səfirliklərinə təşəkkür edirəm. Birləşmiş Krallığı və digər ölkələri Azərbaycanda insan hüquqlarına daha çox diqqət ayırmağa çağırıram. Qərbi Azərbaycan İcmasına da təşəkkür etmək istəyərdim, lakin icma dünyanın ən kiçik ölkələrində səslənən fikirlərə qarşı bəyanatlar səsləndirməklə məşğuldur, Qərbi Azərbaycandan olan valideynlərimin, mənim, Rail Abbasovun müraciətlərimizə reaksiya verməyib.

Son bir ildən artıq müddətdə davam edən məhkəmə iclaslarında ittiham tərəfi təqsirləndirildiyim cinayətlərlə bağlı təkzibedilməz sübütları ortaya qoymalı, məhkəmədə dindirilən şahidlər bu cinayəti törətməyim barədə ifadələr verməli, biz isə müdafiə tərəfi olaraq müdafiə olunmalı idik. Məhkəmə isə hər iki tərəfə bərabər şərait yaratmalı, hər iki tərəfin təqdim etdiyi şahidləri dindirməli, sübutları araşdırmalı, həqiqəti üzə çıxarmalı idi. Əslində tam tərsi baş verdi. Müdafiə tərəfi olaraq biz ilk iclasdaca siyasi sifarişlə, qeyri-peşəkarcasına qondarılmış, içi tamamilə boş olan və cinayət-prosessual qanunvericiliyin tələbləri kobud pozularaq, cinayət yolu ilə doldurulmağa çalışılan bütün ittihamları tamamilə darmadağın etdik. Növbəti iclaslarda isə istintaq orqanının özünün kibercinayətlərini, ədalət mühakiməsi əleyhinə törədilmiş cinayətləri ifşa etdik, təkzibedilməz sübutlarla ifşanı təsdiqlədik. Sübut etdik ki, cinayət işinin 1-ci cildinin ilk vərəqindəki qərardan başlayaraq istintaq orqanı öz şahidlərinin ifadələrini və imzalarını saxtalaşdırıb. Həkim-ekspertlər də daxil olmaqla bir çox qondarma şahid ifadələri BŞBPİ-də eyni adam tərəfindən kompüterdə yığılmış, eyni şəxsin əl yazısı ilə ifadələr təsdiqlənmiş, həmin şəxslərin əvəzinə tamamilə başqa imzalar atılmışdır. 1200-ə yaxın sözdən ibarət iki ifadənin 900-dən çox sözünün, durğu işarələrinin və hətta, 20-dən çox yazılış, hərf səhvinin eyni olmasını göstərərək bu ifadələrin istintaq orqanında köçürülərək iki şəxs adından yazılmasını sübut etdik. Anten məlumatları və təkzibedilməz sübut olan təhlükəsizlik kamerası görüntüsü ilə ‘’zərərçəkmiş şəxs’’ və ‘’şahid’’ ifadələrinin bilə-bilə verilmiş yalan ifadə olduğunu sübut etdik.

Təkzibedilməz sübut olan anten məlumatları və SMS çıxarışların olduğu CD ilə sübut etdik ki, 09.12.2022-ci il tarixdə mən BŞBPİ-də ifadə verərkən idarənin həyətində park edilmiş telefonum açılaraq sosial şəbəkədə hesablarıma kiber hücum törədilmişdir. Bu kibercinayətdən başqa cinayət işinin materiallarına əlavə edilmiş disklərdən məlum oldu ki, istifadə etdiyim mobil telefona dövlət qurumu tərəfindən gizli zənglər edilərək və gizli mesajlar göndərərək ‘’Pegasus’’ casus proqramı vasitəsi ilə izlənmişəm, mənə aid şəxsi məlumatlar kibercinayət yolu ilə ələ keçirilib. Bu məlumatlar daha sonra ictimai müdafiə kampaniyamı zəiflətmək üçün mənə qarşı dövlət səviyyəsində başladılmış qarayaxma kampaniyasında istifadə edilib. Mənə qarşı iqtisadi cinayətlərlə bağlı irəli sürülmüş ittihamların əsası kimi guya, [email protected] ünvanından göndərilmiş anonim müraciət əsas götürülüb. Həmin “məktub” müəllifi iddia edir ki, B. Hacıyev xarici təşkilatlardan 200000 manat qrant alıb, dövlət çevirilişinə hazırlaşır. Məhkəmə zalındaca həmin e-poçt ünvanına e-məktub göndərməyə cəhd edərək sübut etdik ki, belə bir e-poçt ünvanı ümumiyyətlə mövcud deyil.

Sübut etdik ki, iddia olunan anonim e-məktubun göndərildiyi iddia olunan 01.05.2023-cü il tarixdən 20 gün əvvəl BŞBPİ Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini, “Bank sirri haqqında” Azərbaycan Respublikasının tələblərini pozaraq, bank məlumatlarımı müvafiq məhkəmə qərarı olmadan, cinayət yolu ilə əldə etmişdir.

Sübut etdik ki, dostum Rail Abbasova qarşı cinayət işi açılmamışdan bir neçə ay əvvəl onun əmlakının özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulub. Beləliklə də R. Abbasovun həbsi iddia olunduğu kimi dələduzluqla bağlı deyil. Onun həbsinin aylar əvvəl planlaşdırıldığını istintaq orqanı özü ifşa edib.

Sübut etdik ki, 05 iyun 2023-cü ildə “Bank Respublika” ASC-dən BŞBPİ-ə göndərilmiş müqavilənin bundan 5 gün əvvəl, 31 may 2023-də mənə təqdim edilməsi zamanın axarına ziddir. DİN-in keçmiş və gələcək arasında səyahət etmək imkanı olan “zaman maşını” icad etmədiyi müddətdə bunun saxtakarlıq və cinayət olduğunu göstərdik.

Ölkə başçısı son müsahibəsində İrana məxsus yük maşınlarına saxta erməni nömrələri quraşdırılması barədə danışarkən gülümsəyərək “saxtalaşdırmanı da səliqəsiz ediblər” demişdi.

Bu cinayət işində saxtalaşdırma nəinki səliqəsiz, həm də çox savadsız həyata keçirilib. Hüquq-mühafizə orqanlarının ali rəhbərliyinin nəzarətində olan cinayət işində Bakıda fəaliyyət göstərən iki bankın birinin Almaniyadakı, digərinin ABŞ-daki müxbir hesablarını görərək, bir bankdakı cari hesabımdan digər bankdakı cari hesabıma köçürdüyüm vəsaiti “sizə ABŞ-dan və Almaniyadan gələn vəsaitləri araşdırırıq” deyərək araşdırıblar. Cari hesabla bankın müxbir hesabını ayıra bilməyənlərin iqtisadi cinayətləri araşdırması, dövriyyə ilə balansı səhv salanların, gəlirlə mənfəəti qarışdıranların istintaqa rəhbərlik etməkləri ayrı faciədir, belə boş, əsassız, savadsız ittihamlarla nəticələnir.

İttiham tərəfi köhnə taktika ilə müdafiə tərəfini 20 cildlik kağız parçaları arasında itirməyə, boş ittihamları dolu göstərməyə çalışsa da, özlərinin əlavə etdikləri sənədlərlə öz ittihamlarını təkzib ediblər. Məsələn, 2020-2022-ci illərdə Gürcüstandakı bank hesabım vasitəsi ilə xarici təşkilatlardan qrant alaraq, qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirməyim iddia edilib. Gürcüstan tərəfinin də, Azərbaycan tərəfinin də təqdim etdiyi sərhədkeçmə məlumatlarından görünür ki, mən 2019-cu ildən 2022-ci ilin sonuna qədər Gürcüstanda olmamışam. Gürcüstanın səlahiyyətli orqanlarının cavabından görünür ki, orada bank hesabım, əmlakım, biznesim, təşkilatım yoxdur. Bir illik məhkəmə müddətində “belə olduğu halda nə vaxt, harada, necə qaçaqmalçılıq etmişəm, hansı valyutada nə qədər vəsait gətirmişəm?” sualına cavab ala bilmədim.

Bütün ittihamları darmadağın edərək, istintaq orqanının cinayətlərini, saxtalaşdırmalarını, səliqəsiz və savadsız qondarmalarını ifşa edərkən dövlət ittihamçısı özünün də anlamadığı anlaşılmaz ümumi ifadələrlə, arqumentlərlə istintaq orqanının boşluqlarını malalamağa, suvamağa çalışdı və müdafiə mövqeyinə keçdi.

Mən bir ildən artıq davam edən məhkəmə müddətində ortaya çıxardığımız bütün saxtakarlıqları, səliqəsiz və savadsız qondarılmış “sübut”ları, ciddi prosessual pozuntuları sadalamaq istəmirəm. Birincisi, bu cinayətləri və pozuntuları detalları ilə sadalamaq üçün bir neçə proses kifayət etməz. İkincisi, biz tərəfdə ləyaqətli, vicdanlı, namuslu, qanan insanlara bir sözü bir dəfə demək kifayət edir. Faydası yoxdursa, təkrarlamağa ehtiyac yoxdur. Təkcə bunu demək kifayətdir ki, ölkənin Baş prokuroru bu cinayətlər üçün cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş 13 ay limitini aşan qərar imzalayaraq, ibtidai istintaq müddətini 16 aya qədər uzadıb. Bunun nə demək olduğu barədə əlavə şərhə ehtiyac yoxdur. Dövlət ittihamçısı ilə qısa dialoqlarımdan birində Rusiya (Sovet), ABŞ, Avropa və Azərbaycan məhkəmələrini müqayisə edərkən dövlət ittihamçısı “gün o gün olsun ki, bizdə də ABŞ və Avropadakı kimi ədalətli məhkəmə sistemi, məhkəmələr olsun” demişdi. Onunla razılaşır, arzusuna qoşulur, “gün o gün olsun ki, bizdə də ittihamçılar real cinayətləri real sübutlarla sübuta yetirsinlər, özlərinin və rəhbərlərin qarşılarına qoyulmuş səliqəsiz, savadsız, cinayət-prosessual qanunvericiliyə zidd ittihamları müdafiə etməyə, sənədləri olduğu kimi imzalamağa məcbur qoymasınlar, bunu özlərinə rəva bilməsinlər” deyirəm.

Məhkəmə-hüquq sisteminə toxunmuşkən bir məsələni də qeyd edim. Bir ildən artıq davam edən məhkəmə müddətində yalnız və yalnız ittiham tərəfinin təqdim etdiyi şahidlər dindirildi, yalnız və yalnız ittiham tərəfinin “sənəd”, “sübut”, “mütəxəssis rəyi”, “ekspert rəyi” və s. “tədqiq” olundu. Müdafiə tərəfi olaraq verdiyimiz 60-dan çox yazılı, ondan daha da çox, ümumilikdə 100-ə yaxın vəsatətlər təmin edilmədi. Bir nəfər də olsa, məhkəməyə dəvət edilərək dindirilməsini istədiyimiz şəxs şahid kimi dindirilmədi. Təqdim etdiyimiz bircə sübut da tədqiq edilmədi, bizim təşəbbüsümüzlə tək bir ekspertiza, məhkəmə eksperimenti keçirilmədi. Məhkəmənin məni nəinki ev dustaqlığına buraxmağa, heç müdafiəçilərimlə birlikdə oturmağa icazə verməyə cəsarəti çatmadı.

Həbsdə saxlanıldığım kamerada digər veriliş və filmlərlə yanaşı İctimai Televiziyanın yayımladığı, Sovet məhkəmə-hüqüq sisteminin bütün eybəcərliklərinin ekranlaşdırıldığı “Müdafiəçilər” serialını da izləyirik. Serialda bir məhkəmə iclasında yalançı şahidlərin yalan ifadəsi ilə şərlənmiş şəxslərin mühakimə edilməsi göstərilir. Həmin seriyaya baxarkən öz məhkəmə iclaslarımı xatırladım. Yalançı “şahid” və “zərərçəkmiş şəxs” danışarkən öz cinayət işimdəki “zərərçəkmiş”, hər şeyə etiraz edərək ittihamı alovlu nitqi ilə müdafiə edən prokuror çıxış edərkən öz prosesimdəki dövlət ittihamçısı ilə müqayisə edirdim. Şərlənən şəxsləri cəsarətlə müdafiə edən vəkillər çıxış edərkən öz dəyərli vəkillərimi xatırladım. Müdafiə tərəfinin bütün vəsatətlərini rədd edən, tez-tez vəkillərin sözünü hakimləri gördükdə “bu da hakim Əli Məmmədovun sədrlik etdiyi məhkəmə tərkibidir, necə də indiki məhkəmələrə bənzəyir, İlahi!” dedim.

Həmin seriyanın sonunda Sovet məhkəməsi ilə müstəqil Azərbaycan məhkəmələrinin bütün oxşar eybəcərliklərinə baxmayaraq, məhkəmə müdafiə tərəfinin təkzibedilməz sübutlarını nəzərə alır, şərlənən şəxslərə bəraət hökmü çıxarır. Sədrlik edən hakim isə vicdanlı vəkillərə təşəkkür edir və onları təbrik edir.

Bu məhkəmədən “Müdafiəçilər” serialındakı Sovet hakimlərinin nümayiş etdirdikləri böyüklüyü gözləyəcək qədər sadəlövh deyiləm. Sadəcə olaraq, Azərbaycan məhkəmə-hüquq sisteminin istintaq orqanından nə qədər asılı olduğunu, hətta Sovet məhkəmələrində olan qədər azadlıq və müstəqilliklərin olmadığını göstərmək istədim.

Bir az da qısaca həbsimə səbəb olan siyasi sifariş barədə danışmaq istərdim. Ölkə başçısı tez-tez çıxışlarında səsləndirir ki, Azərbaycana qarşı bənzərsiz təzyiq kampaniyası 44 günlük Vətən Müharibəsindən sonra haqlı mövqeyimizə görə başlayıb. Nədənsə, mənə qarşı da bənzərsiz təzyiq kampaniyası dostlarımla birlikdə 44 günlük Vətən Müharibəsi zamanı başladığımız “Milli Ordumuza Dəstək Aksiyası” vasitəsi ilə əsgər və zabitlərimizin yanında olduqdan sonra başladı. Təsadüfi deyil ki, həmin təşəbbüs komandası kiçik olsa da, komandadan 5 nəfər həbs edildi, bizə bu təşəbbüs üçün təmənnasız ofis və anbar yeri ayırmış, ən böyük ianəçilərimizdən biri olan gənc dostumuz böyük məbləğdə cərimə ödədikdən sonra qismən azadlığa buraxıldı.

Ölkə başçısı 5 gün əvvəlki ( 08.01.2025 tarixli) müsahibəsində Ərdəbilin imamının dilindən səslənən təhqirlərin qəbuledilməz olduğunu bildirdi. Azərbaycan və Türkiyə liderlərinin, xalqlarının təhqir olunmasına görə “axı o əyalət mollasını ora təyin edən var” dedi.

44 günlük Vətən müharibəsindən sonra mənə qarşı da Azərbaycan hüquq-mühafizə orqanlarının koordinasiya edilən təhqir, böhtan, qarayaxma kampaniyası başladıldı. Zaman-zaman təhqir ailəmə də ünvanlanırdı. Mən iki il müddətində hər gün yüzlərlə virtual nömrələrdən mobil telefonuma göndərilən on minlərlə təhdid, təhqir məzmunlu mesajlarla bağlı Prezidentin ən azı iki köməkçisinə şəxsən məlumat vermişdim. Hakim ailənin ağsaqqallarından birinə bu barədə bildirdim, təhqirin siyasi mübarizə yolu olmadığını bildirdim. Bu görüşdən dərhal sonra dayanan kampaniya bir neçə gün sonra yenidən başladı. Kampaniyanın arxasında dayanan rəsmi şəxslər kampaniyanın icraçılarını himayə etdikdə mən də haqlı olaraq “axı bu şəxsləri himayə edənləri o vəzifələrə təyin edən var!” deyirdim.

Bu və digər ədalətsizliklərə ölkə daxilində reaksiya verilmədiyini gördükdən sonra 2022-ci ilin may ayından etibarən iştirak etdiyim beynəlxalq tədbirlərdə, Qərb rəsmiləri ilə keçirdiyim görüşlərdə Azərbaycanda da insan hüquqlarının mütəmadi pozan rəsmi şəxslərə qarşı sanksiya tələb etmişəm. Təsadüfi deyil ki, DİN-in bir polkovnikinin ABŞ-ın sanksiya siyahısına düşdüyü gün həbs edilmişəm. Ölkə başçısının son müsahibəsində ifadə etdiyi kimi, “böyük bir sal daşı” tərpəndi.

Həbsimə razılıq alan şəxslər həbsimin zəruriliyini həm də belə əsaslandırırlar ki, guya mən Qərbin dəstəyi və Azərbaycan Ordusunun zabitlərinin köməyi ilə dövlət çevirilişinə hazırlaşıram. Bunu təkcə “zərərçəkmiş şəxs” hüquqi-mühafizə orqanlarının diqtəsi ilə yazdığı alovlu müraciətində səsləndirmir. İqtisadi cinayətlərdə ittiham edilməyimə əsas kimi göstərilən anonim “e-məktub”da bu məzmundadır. 

Eyni fikri hakimiyyətin tam nəzarətində olan, hakimiyyətin təbliğinə çalışan, əslində isə hakimiyyətin gözdən və nüfuzdan salınmasında müstəsna xidməti olan telekanalın qarabaşı dəfələrlə efirdən səsləndirib. Təbii ki, öz təşəbbüsü ilə yox, ona da bu tezisi veriblər. Vətən Müharibəsi zamanı ordumuzun yanında olmağımızı Corc Sorosa bağlamaq istəyən hakimiyyət dairələri və xidmətçiləri də oldu.

Bu dairələr xüsusilə də 2022-ci ilin noyabr ayında Fransa prezidenti E. Makronun təşəbbüsü və iştirakı ilə, 2019-cu ildən mütəmadi olaraq iştirak etdiyim Paris Sülh Forumunda müxtəlif ölkələrin hökümət və dövlət başçıları ilə, beynəlxalq təşkilatların rəhbərləri, qlobal biznes liderləri ilə görüşlərimdən, fotolardan istifadə edərək həbsimə yaşıl işıq yandırılmasına nail olublar.

Fransa demişkən, ölkə başçısı son müsahibəsində “biz Fransa kimi ölkənin daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə biləriksə, bununla ancaq fəxr edə bilərik. 10 milyon əhalisi olan ölkənin Fransa kimi böyük olduğunu iddia edən ölkəyə təsir edə biləcəyini bildirmək Makronun acizliyinin etirafıdır” məzmunlu teziz irəli sürdü. Maraqlı məntiqdir. Eyni məntiqlə biz də “Azərbaycan ərazi bütövlüyü və suverenliyinə nail olmuş, arxasında Azərbaycan xalqının dayandığını iddia edən, 20 ildən artıq müddətə ölkəyə rəhbərlik edən, Qarabağ Fatehi, müzəffər komandanın hakimiyyətini bir neçə yüz min manatlıq lahiyələrlə, 5-10 xarici liderlə söhbətin sonlandırmağın mümkün olduğunu bildirmək acizliyin etirafı deyilmi?” soruşa bilərik. İnsanları şərləyərək həbsə atmağın güc yox, zəiflik, acizlik olduğunu anlamaq o qədərmi çətindir. Kiçik bir ölkədə 300-dən çox siyasi məhbusun olmasının hakimiyyətin özünə və xalqın dəstəyinə arxayın olmadığını göstərmirmi?

Doğrudanmı ölkə rəhbərinin yaxın ətrafındakı köməkçilərdən, məsləhətçilərdən kimsə “şərləyərək həbsə atdığımız şəxsləri qəhrəmanlaşdırırıq, hakimiyyətimizi aciz, zəif göstəririk” deyə bilmir?

İran, Venesuela, Belarusun siyasi məhbusları azad etdiyi, Rusiyanın hətta Yaşin, Kara-Murza kimi siyasi məhbusları proksi müharibədə olduğu Qərblə mübadilə etdiyi bir vaxtda Azərbaycanın sürətlə siyasi məhbus sayının artırmasının bir qorxu  göstəricisi olduğunu görmürlərmi?

Bu siyasi xətt cəmiyyətə “biz o şəxslərlə ağıl, intellekt, dürüstlük, mərdlik müstəvisində mübarizə apara bilmirik, ona görə də təhqir, qarayaxma, güc, şərləmə yolunu seçirik” mesajını vermirmi?

Ölkə başçısı heç kimin müstəmləkə xalqlarını müdafiə etməklə böyük dövlətlərlə baş ağrısı yaşamaq istəmədiyini bildirir. Ancaq Azərbaycan müstəmləkə xalqlarını müdafiə etməyə davam edir. Azərbaycanda da bir çox siyasətçi, jurnalist, fəallar həbs ediləndə çoxları onları müdafiə etməklə böyük hüquq-mühafizə orqanları ilə baş ağrısı yaşamaq istəmirdilər. Biz isə elə ölkə başçısının məntiqi və yanaşması ilə hüquqları pozulan, şərlənərək həbs edilənləri müdafiə etməyə davam edirdik. Bunu ədalət və vicdan məsələsi sayırdıq, sonunda özümüzü həbs etdilər.

Ölkə başçısı son müsahibəsində qanunsuz qrantlarla yanaşı, leqal qrantları qadağan etməsinin səbəbləri kimi qloballaşma, gənclərin hədəf alınmasının milli özünəməxsusluğu itirməyə, ləyaqətsizləşməyə, ənənəvi dəyərlərin itirilməsi riskini göstərir. Bundan əlavə də “biz hara inteqrasiya etməliyik, kişi ilə qadının eyni olduğu Avropaya?” demişdi. Həbsdə olduğum müddətdə 3 qadın hakimdən əlavə müstəntiqlər, ekspertlər, prokurorlar, hakimlərdən və hüquq-mühafizə orqanlarının, məhkəmə-hüquq sisteminin vintləri olan yüzlərlə şəxs mənə qarşı yalan ifadə əsasında açılmış qondarma cinayət işi üzrə şərləmə əməliyyatına ortaq ediliblər.

İnteqrasiya etmək istəmədiyimiz Avropa ölkələrindən birində iki gənc bir-birini avtobusda, qatarda, parkda qucaqlasa, bunu əxlaqsızlıq kimi qəbul edən bir çox müstəntiq, prokuror, hakim və digər şəxslər günahsız şəxslərin şərlənməsi əməliyyatında həvəslə yalan ifadələr verirlər, yalançı ekspert rəyi tərtib edirlər, qondarma sübutlar quraşdırırlar, ittihamı müdafiə edirlər, bilə-bilə ədalətsiz hökm çıxarırlar. Övladları valideynlərindən, valideynləri övladlardan ayırırlar, insanların azadlıqlarını əllərindən alırlar,  ümidlərini öldürürlər, xoşbəxtliklərinin qarşısını alırlar, cəmiyyətə inamı və Vətənə sevgini məhv edirlər, gələcəklərini oğurlayırlar...

Bütün bunları həvəslə, vicdan əzabı çəkmədən, karyera yüksəlişinə fürsət kimi görərək edirlər. Qarşılığında pul, orden, medal, vəzifə yüksəlişi gözləyirlər. Onillər əvvəl dahi şairimizin yüksəlişin səbəbi ilə bağlı dediyi misralara uyğun olaraq...

Bu şəxslər üçün Almaniyada parkda  sevgilisi ilə öpüşən gənc əxlaqsız sayılır, ancaq cəmiyyətin, beynəlxalq aləmin, dünyanın diqqətində olan cinayət işlərində insanları şərləmək “ənənəvi dəyərlərə” sədaqət. Budurmu Azərbaycan gənclərinə  göstərdiyiniz milli-mənəvi dəyərlər sistemi?

Mən həbs edildikdən sonra əvvəlcə dostum Rail Abbasov, sonra digər dostum Rüfət Səfərov dostluğa sədaqət, cəsarət kimi dəyərlər nümayiş etdirdilər. Bir müddət sonra onlar da şərlənərək həbs edildilər. Onları şərləməyə qərar verənlər də, şərləməsini icra edənlər də, şərləmədə istifadə olunanlar da Azərbaycanın kişi cinsli vətəndaşları idi. İndi sual yaranır ki, Azərbaycan hakimiyyəti gənclərimizə hansı nümunəni təbliğ edirlər? Dostluğa sadiq qalanları, yoxsa başqalarını şərləyənləri, dostlarını satanları?

Mənə qarşı şərləmə əməliyyatında istifadə edilmiş “zərərçəkmiş şəxs” müxtəlif cinayətlər törədəndə onu himayə edənlər “o qadındır, onu həbs etmək bizim milli-mənəvi dəyərlərimizə ziddir” deyənlər Toplum TV, Meydan TV, Abzas.net-də çalışan qadın jurnalistləri böyük həvəslə həbs etdilər. Doğrudanmı adını jurnalist qoymuş, heç bir KİV-də işləməyən, heç bir araşdırması, reportajı, məqaləsi olmayan, şərləmə əməliyyatlarında odlu-alovlu istifadə edilən şəxs bəziləri üçün qadınlıq etalonudur?

Həbsdə olduğum müddətdə cəmiyyətin mənə artan ictimai dəstəyini azaltmaq üçün 8,10,12 il əvvəlki yazışmalarımı kibercinayət yolu ilə əldə edərək, ona saxta əlavələr edərək paylaşan hakimiyyət məni gözdən salmaq üçün ayrı-ayrı qadınları da hədəf aldığını bilmirdimi, onları düşünmürdümü? Budurmu hakimiyyətin gənclərə göstərdiyi ənənəvi dəyərləri?

Bir neçə ailənin lüks həyat yaşaması üçün yüzlərlə, minlərlə ailənin təzyiqlərə məruz qalması, milyonlarla ailənin maddi sərvətlərinin oğurlanması, gənclərin öz ölkələrinin gələcəyinə inamının öldürülməsi, tək ümidin xarici ölkələrə qaçqın, mühacir kimi getmək olduğunu göstərməkdirmi ailə dəyərləri?

Bundan bir həftə əvvəlki iclasda məhkəmə istintaqını yekunlaşdırmağa razılıq verdikdən dərhal sonra dövlət ittihamçısı çantasını açaraq, əvvəlcədən kompüterdə yazılmış mətni oxuyaraq çıxış etdi. Bu isə onu göstərirdi ki, məhkəmə istintaqı zamanı təqdim edəcəyimiz sübutlardan, verəcəyimiz vəsatətlərdən, gətirəcəyimiz dəlil və arqumentlərdən asılı olmayaraq, dövlət ittihamçısı bir neçə iclasdır çantasında özü ilə gətirdiyi çıxışı oxuyacaqdı.

Bununla da təmsil etdiyi orqanın istintaq orqanından nə qədər asılı olduğunu göstərdi, ittiham aktını olduğu kimi təkrarladı.

Çıxışımda nə deyəcəyimdən asılı olmayaraq, siz də sizin üçün yazılmış hökm mətnini oxuyacaqsınız. Bununla da Məhkəmə-Hüquq Şurasının da, məhkəmələrin də azad və müstəqil olmadıqlarını göstərəcəksiniz. İttiham hökmü ilə Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətindən qorxusunu, sivil mübarizədə acizliyini təsdiq edəcəksiniz.

Həbsimin sifarişçilərinin alovlu “zərərçəkmiş şəxs” adından Prezidentə ünvanlanmış, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi-Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdürü tərəfindən şəxsən imzalanmış müşayiət məktubu ilə daxili işlər nazirinə göndərilmiş və onun tərəfindən xüsusi nəzarətə götürülmüş müraciətin sonuncu vərəqindəki altından xətt çəkilmiş tələbin də reallaşdırılacağını ( IV cild, 13- cü və 149-cu vərəqlər) gözləyirəm, orada yazıldığı kimi “ən ağır cəza” barədə hökm oxuyacağınızı, bəraət hökmü çıxara bilməyəcəyinizi, yüngül və ya şərti cəza təyin etmək iqtidarında olmadığınızı bilirəm. Məncə məhşur mahnıda deyildiyi kimi, “ sen de benim kadar gerçekleri biliyorsun, yavrucağım”.

Ona görə də dövlət ittihamçısından sonra sizin də zahirən mənə, əslində isə Azərbaycan hakimiyyətinə, məhkəmə-hüquq sisteminə, hüquq-mühafizə orqanlarına qarşı sizə tapşırılmış hökmü dinləməyə hazıram.

Hacıyev Bəxtiyar İlyas oğlu

Seçilən
0
1
turan.az

2Mənbələr