AZ

"SOCAR Türkiyə" və GİRVAK "Qadın Enerjisi Proqramı"nın icrasına başlayıblar

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi, Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrə olunmuş sənaye qrupu - "SOCAR Türkiyə" və Türkiyə Sahibkarlıq Fondu (GİRVAK) "Qadın Enerjisi Proqramı"nın icrasına başlayıblar.

"Report" bu barədə "SOCAR Türkiyə"yə istinadən xəbər verir.

Məlumata görə, proqram İzmirin Aliağa bölgəsində yaşayan, təhsili olmayan və işləməyən (NEET) qadınların sosial-iqtisadi baxımdan gücləndirilməsini hədəfləyən 8 aylıq layihədir. Proqram çərçivəsində qadınlara kompüter istifadə kimi əsas bacarıqlardan tutmuş, sahibkarlıq kimi peşəkar bacarıqlara qədər geniş spektrdə təlimlər və seminarlar təqdim olunur.

Eyni zamanda, şəxsi inkişaf sahəsində özünəinamın artırılması və stressin idarə olunması kimi mövzular üzrə təlimlər təşkil edilir. Məqsəd qadınlara lazımi bilik və bacarıqları qazandırmaq, güclü sosial şəbəkələr yaratmaqla onların motivasiya və özünəinamını artırmaqdır.

Proqram çərçivəsində maliyyə savadlılığı və e-ticarət kimi iqtisadi bacarıqlara yönəlmiş təlimlər də keçirilir. Bu, iştirakçıların iqtisadi müstəqillik qazanmasına və regional inkişafda iştirak etməsinə dəstək məqsədi daşıyır.

Bildirilib ki, proqram yalnız təlimlərlə məhdudlaşmır. Sosial tədbirlər və könüllülük layihələri kimi qrup fəaliyyətləri vasitəsilə qadınların əlaqələr qurması və həmrəylik şəbəkələrini gücləndirməsi də nəzərdə tutulur. Bu fəaliyyətlər qadınlara dəyişən sosial mühitə uyğunlaşmaq, cəmiyyətin inkişafına töhfə vermək imkanı yaradacaq.

Proqram ərzində iştirakçılar sahibkarlıq seminarları, problem həll etmə çalışmaları və ideya seminarları vasitəsilə biznes fikirlərini inkişaf etdirmək və çətinlikləri aradan qaldırmaq bacarıqları əldə edəcəklər. Bundan əlavə, ilhamverici və müasir mövzularda müzakirələr, mentorluq proqramları, eləcə də "SOCAR Türkiyə"nin qadın liderlərinin iştirakı ilə təşkil edilən tədbirlər iştirakçılara güclü dəstək və həmrəylik şəbəkəsi qurmaq imkanı yaradacaq.

Bu proqram, qadınların həm fərdi, həm də peşəkar sahələrdə inkişafını dəstəkləyərək onların iqtisadi və sosial müstəqillik əldə etməsinə töhfə verməyi hədəfləyir.

Seçilən
1
1
report.az

2Mənbələr