"Bu gün Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ötən ilin yekun əməkhaqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir. “Əmək pensiyaları” haqqında qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır".
Bizim.Media xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın pensiyalarında artımlar olacaq:
"Bu artımların ödənilməsi məqsədilə əlavə təxminən yarım milyard manat vəsait nəzərdə tutulub. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları" haqqında qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır".
Deputat qeyd edib ki, 2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq:
"Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq".
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta