2024-cü ildə qlobal ərzaq qiymətləri 2,1% ucuzlaşıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, keçən il bitki yağları, süd məhsulları və ətin qiymətlərində daha az əhəmiyyətli, lakin hələ də nəzərə çarpan artım fonunda taxıl və şəkərin qiymətlərində nəzərəçarpacaq dərəcədə azalma baş verib.
Beləliklə, taxılın qiymət indeksinin orta dəyəri 113,5 bənd təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 13,3 % azdır.
2022-ci ildə rekord həddə çatan taxılın qiymətləri artıq ikinci ildir ki, ucuzlaşır. Şəkərin qiymət indeksinin orta dəyəri ötən illə müqayisədə 13,2 % aşağı olub.
Eyni zamanda, ətin qiyməti 2023-cü ilin müvafiq səviyyəsini 2,7 % ötüb. Donuz ətinin qiymətinin aşağı düşməsi mal, quzu və quş ətinin bahalaşmasını kompensasiya edə bilməyib.
Ötən il süd məhsulları 4,7 %, bitki yağları isə dünya bazarlarında təklifin azalması fonunda 9,4 % bahalaşıb.
Qeyd edək ki, Azərbaycanda ərzaq qiymətləri bahadır və dünya bazarında ucuzlaşma baş verməsinə baxmayaraq, ölkədə bu özünü göstərmir.
Maraqlıdır, dünya bazarında bahalaşma yarandıqda ölkəmizdə də bu gerçəkləşsə də, niyə ucuzlaşma reallaşmır?
İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”a bildirib ki, dünya bazarında baş verən ucuzlaşma Azərbaycan bazarına birbaşa təsir göstərmir:
“Çünki stoklar, fyuçerslər üzrə bağlanmış müqavilələr var. Həmin müqavilələrin icrası növbəti mərhələlər üzrə nəzərdə tutulur.
Növbəti mərhələlərdə bu həyata keçirilir.
Əslində ötən il dünyada baş verən qiymət azalması Azərbaycanda özünü göstərməli idi. Təəssüf ki, 2023-cü ildəki azalmanı 2024-cü ilin sonlarında da Azərbaycanın ərzaq bazarında müşahidə etmədik.
Nəticə etibarı ilə də ucuzlaşmanın qarşısını alan inhisarçılıq, xüsusilə də yüksək gömrük rüsumları Azərbaycan bazarında qiymətlərin süni formada müəyyən edilmiş səviyyədə saxlanılmasına gətirib çıxarır.
Yəni gömrük münasibətlərindəki rəqabətsizlik, monopoliya və inhisarçılıq nəticə etibarı ilə də Azərbaycanın daxili bazarına dünya bazarında baş verən müsbət və mənfi tendensiyaların təsirini sıfıra endirir.
Bu gün Azərbaycan idxalçı ölkədir, ərzaq məhsullarının 90 faizini idxal edir. Normal halda dünya bazarında baş verənlər Azərbaycanda ən gec bir ay sonra ya bahalaşma, ya da ucuzlaşma şəklində özünü göstərməlidir.
Yəni Azərbaycan birbaşa dünya bazarından asılıdır. Təəssüf ki, bizdə inhisarçılıq, gömrükdə qeyri-sağlam rəqabət mühiti, nəticə etibarı ilə də bazarda həmin hegemon inhisarçıların mövqeyindən asılı vəziyyətə düşür”.
Ekspertin sözlərinə görə, əslində dünya bazarında ərzağın qiymətinin bahalaşmasının Azərbaycan bazarına təsiri olur:
“Bu, həqiqətdir. Dünya bazarında bahalaşma baş verirsə, logistik xərclər, gömrük rüsumları və s. idxal olunan məhsulun maya dərəyirinin bahalaşmasına gətirib çıxarır.
Ancaq ucuzlaşma olanda inhisarçılar bunu getmirlər. Məhz inhisarçılar daha çox gəlir əldə etmək məqsədilə ucuzlaşma olduğunu əhaliyə demirlər. Belə ki, hegemon inhisarçılar, monopoliyada iştirak edən iri şirkətlər və yaxud şəxslər əhalinin xeyrinə olanda, o zaman susmağa üstünlük verirlər”.