AZ

Qərbi Azərbaycan İcmasında Ağsaqqallar Şurasının üzvləri ilə görüş - FOTOLAR

Yanvar ayının 15-də Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü ilə baş tutan görüşdə Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, millət vəkili, akademik Əhliman Əmiraslanov, AMEA-nın prezidenti, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik İsa Həbibbəyli, Şuranın sədr müavinləri – deputat, professor Eldar İbrahimov, Bayram Yusifov, akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, həmçinin Şuranın İdarə Heyətinin üzvləri professor Aqiyə Naxçıvanlı, professor İbrahim Quliyev və Akif Rəfiyev, Aparat rəhbəri Ramin Həsənli, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının rayon təşkilatlarının sədrləri – Arif Hümbətov, Saleh Səmədov, Mürvət Əsgərov, Baba Bayramlı, Ramin Məmmədov və İcmanın rəsmi şəxsləri  iştirak ediblər.

Modern.az xəbər verir ki, giriş nitqi ilə tədbir iştirakçılarını salamlayan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası ilə  bu görüşün ötən il keçirilməsi nəzərdə tutulmuşdu, lakin müəyyən səbəblərdən təxirə salınan tədbir bu gün baş tutdu. Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ilə görüşü İcma üçün çox əhəmiyyətli bir hadisə adlandıran natiq tədbirin keçirilməsi ilə bağlı təşəbbüs irəli sürən  Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə minnətdarlığını bildirərək, Qərbi Azərbaycan İcmasının yaranma tarixi, fəaliyyəti, həyata keçirdiyi işlərin əhəmiyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycan İcması tərəfindən hazırlanaraq qəbul edilmiş Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsası olan “Qayıdış Konsepsiyası”nın İcmanın fəaliyyətinin əsasını təşkil etdiyini, bu konsepsiyaya uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlər görüldüyünü vurğulayıb. Bildirib ki, İcmanın çoxşaxəli fəaliyyətinin əsas məqsədi soydaşlarımızın öz doğma yurdlarına qayıdışı, indiki Ermənistan ərazisində dağıdılan tarixi-mədəni abidələrimizin qorunması, deportasiyalar nəticəsində ciddi zərər görmüş qeyri-maddi mədəni irsimiz üçün ədalətin təmin edilməsidir. O, bundan sonra da Qərbi azərbaycanlıların təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəyini vurğulayıb və  bu işdə İcmanın fəaliyyətinə dəstək olan bütün qurumlara, o cümlədən də Azərbaycan Ağsaqqallar Şurasına təşəkkürünü ifadə edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev də tədbir iştirakçılarını salamlayaraq görüşün təşkili üçün öz təşəkkürünü bildirib. Qərbi Azərbaycan İcmasının Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsində göstərdiyi prinsipial mövqeni və səmərəli fəaliyyətini yüksək dəyərləndirib. Əmin olduğunu bildirib ki, Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə soydaşlarımız yalnız Qərbi azərbaycanlıların deyil, hər birimizin doğma Vətəni, Türk yurdu sayılan Qərbi Azərbaycana qayıdacaqlar. Eldar Quliyev, həmçinin, möhtərəm Prezidentimizin başçılığı ilə respublikamızın qazandığı uğurlardan, eləcə də ölkəmizə qarşı antiazərbaycan qüvvələrin məkrli siyasətlərindən ətraflı bəhs edib. Vurğulayıb ki, bütün bunlara baxmayaraq, Ölkə başçısı cənab  İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hər zaman prioritet və aktual hesab edilən Qərbi Azərbaycan məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevririb. O, cənab Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibəsində Qərbi Azərbaycanla bağlı məsələyə toxunmasını xatırladaraq hər kəsin üzərinə düşən mənəvi məsuliyyətdən danışıb. Bildirib ki, hazırda dövlət başçısının tapşırığı ilə  hər bir təşkilat, hər bir vətəndaşımız Qərbi Azərbaycan İcmasının haqq işinə, onun üzvlərinin yorulmaz fəaliyyətinə, o cümlədən öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurd-yuvalarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə əlindən gələni edir. Bu baxımdan Azərbaycan Ağsaqqallar Şurasının 79 şəhər və rayon təşkilatında Qərbi Azərbaycan İcmasının yerli nümayəndəliklərinə lazımi dəstək göstərilir. Misal üçün qeyd edə bilərik  ki, İmişlidə son zamanlarda təşkilatın işində böyük canlanma yaradan Saleh Səmədovun sədri olduğu Rayon Ağsaqqallar Şurasına məxsus olan inzibati binada Qərbi Azərbaycan İcmasının İmişli rayon nümayəndəliyinə iş otağı ayrılmış, orada rahat və səmərəli  fəaliyyət göstərmək üçün hər çür şərait yaradılmışdır. Biz, həmçinin, hər iki təşkilat arasında əməkdaşlıq əlaqələrini də  mütəmadi şəkildə davam etdiririk. Belə ki,  şəhər və rayon Ağsaqqallar şuralarının keçirdiyi tədbirlərdə qarşılıqlı olaraq hər iki təşkilatın nümayəndələri iştirak edir və bu tədbirlərdə ağsaqqallarımız tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi haqqında, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Qərbi Azərbaycan İcmasının bu sahədə həyata keçirdiyi uğurlu siyasət və geniş fəaliyyət barədə ətraflı müzakirələr aparılır, çıxışlar edilir. “Bir daha əmin olduğumu bildirmək istəyirəm ki, biz Azərbaycan Respublikasının Prezidenti,  Müzəffər Ali Baş Komandanımız, Qalib Xalqın Qalib Lideri cənab İlham Əliyevin rəhbərliyi ilə diplomatiya sahəsində növbəti Zəfərimizi qazanacaq, növbəti hədəfimizə nail olacaq, sülh yolu ilə əzəli və əbədi dədə-baba yurdumuz olan Qərbi Azərbaycana qayıdacağıq!” - deyə Eldar Quliyev çıxışının sonunda vurğulayıb.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinici müavini, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, deputat, akademik Əhliman Əmiraslanov da öz çıxışında hər iki təşkilatın birgə fəaliyyətinin əhəmiyyətini və gələcək perspektivlərini yüksək qiymətləndirib. Vurğulayıb ki, Şuranın rəhbərliyinin və İdarə Heyətinin üzvlərinin bir çoxunun Qərbi Azərbaycan İcmasında təmsil olunaraq səmərəli fəaliyyət göstərmələri də hər iki təşkilat arasındakı faydalı qarşılıqlı əməkdaşlığın və dəstəyin bir nümunəsidir. Əhliman Əmiraslanov da əmin olduğunu bildirib ki, 44 günlük Vətən müharibəsində Qarabağımızı işğaldan azad edən Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli siyasəti, uğurlu diplomatiyası, eləcə Qərbi Azərbaycan İcmasının səmərəli fəaliyyəti və  hər bir azərbaycanlının əzmkarlığı sayəsində bizim bu böyük arzumuz da həyata keçəcəkdir - bütün Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına sülh və əmin-amanlıq şəraitində qayıdacaqlar.

Görüşdə çıxış edən AMEA-nın prezidenti, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik İsa Həbibbəyli bildirib ki, Milli Elmlər Akademiyasında Qərbi Azərbaycanla bağlı müxtəlif elmi istiqamətlər üzrə tədqiqatların prioritetliyinin təmin edilməsi, Qərbi Azərbaycan İcması ilə sıx əməkdaşlığın edilməsi, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq miqyasda təbliği, xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və seminarların keçirilməsi qərara alınıb. Artıq AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb. İsa Həbibbəyli, həmçinin, AMEA tərəfindən Qərbi Azərbaycanla bağlı hazırlanan kitablar barədə ətraflı məlumat verib. Vurğulayıb ki, hazırda AMEA-da “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması ilə bağlı işlər davam etdirilir. Çıxışının sonunda İcmanın İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə AMEA-da Qərbi Azərbaycanla bağlı nəşr olunan kitabları hədiyyə edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov öz çıxışında vurğulayıb ki, İcma yüz minlərlə Qərbi azərbaycanlıların haqlarının bərpası və onların öz ata-baba yurdlarına qayıdışının həyata keçirilməsi üçün böyük işlər görür. Bu əzmkar fəaliyyətin nəticəsidir ki, Qərbi azərbaycanlıların  hüquqlarını dünya azərbaycanlıları ilə yanaşı, mütərəqqi ölkələrin vətəndaşları da müdafiə edirlər. O, həmçinin, Türk Dövlətləri Təşkilatında təmsil olunan qardaş ölkələrlə də Ermənistanın etnik təmizləmə və deportasiya siyasətinin dünyaya çatdırılması, tarixi ədalətin bərpası üçün əməkdaşlıq etməyin və dəstək almağın zəruri olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Amasiya rayonu üzrə İcmanın sədri, akademik Abel Məhərrəmov bu iki böyük təşkilat arasındakı əlaqələrin genişləndirilməsini alqışlayıb. Qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayonlarda yerli təşkilatları böyük gücə malikdirlər, ciddi və səmərəli fəaliyyət göstərirlər. Bu baxımdan həmin təşkilatlar, hörmətli sədrimiz Eldar Quliyevin də qeyd etdiyi kimi, Qərbi Azərbaycan İcmasının bölgələrdəki nümayəndəliklərinin fəaliyyətinə yüksək səviyyədə dəstək göstərmək əzmindədirlər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov da öz çıxışında səmərəli təkliflər səsləndirib. Vurğulayıb ki, şəhər və rayon Ağsaqqallar şuraları, Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri, eyni zamanda Yeni Azərbaycan Partiyasının yerli təşkilatları gəncləri də cəlb etməklə regionlarda silsilə tədbirlər keçirərək İcmanın fəaliyyətinə böyük dəstək ola bilərlər. O, həmçinin, kütləvi informasiya vasitələrində, xüsusilə də televiziyalarda ağsaqqalların və ziyalıların iştirakı ilə maarifləndirici verilişlərin artırılmasını günün tələbi hesab edib. Natiq əmin olduğunu bildirib ki, hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik siyasətini dəstəkləyən və möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin daxili və xarici siyasətinin reallaşmasına var gücü ilə çalışan Qərbi azərbaycanlılar İcmanın fəaliyyəti çərçivəsində böyük uğurlara imza atacaqlar və bu işdə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri daim onlara dəstək olacaqlar.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor Aqiyə Naxçıvanlı da Şuranın Qərbi Azərbaycan İcmasına dəstək göstərməsinin, eləcə də birgə tədbirlərin keçirilməsinin önəmini yüksək qiymətləndirərək, görüşdə səsləndirilən təkliflərə  öz müsbət münasibətini bildirib. Əlavə edib ki, bu genişmiqyaslı fəaliyyətə, həmçinin keçirilən tədbirlərə tanınmış, nüfuzlu Azərbaycan qadınlarının, o cümlədən qadınları təmsil edən təşkilatların daha çox  cəlb edilməsi ümumi işə böyük fayda verə bilər.

Görüşdə çıxış edən İcmanın İdarə Heyətinin üzvü, millət vəkili Elşad Musayev, İcmanın Ağsaqqallar Şurasının üzvləri -  professor, Əməkdar müəllim Əvəz Ələkbərov və professor Həsən Bayramov, Mığrı rayon İcmasının üzvü İsmayıl Əliyev, İcmanın Ağsaqqalar Şurasının üzvü İlqar Abbasov və başqaları digər natiqlərin fikirlərini dəstəkləyərək, öz təkliflərini bildiriblər. Qərara alınıb ki, görüşdə səsləndirilən təkliflər nəzərə alınmaqla Azərbaycan Ağsaqqallar Şurası və Qərbi Azərbaycan İcması arasında əməkdaşlığa dair memorandum layihəsi hazırlansın və qəbul edilsin.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli tərəfindən hədiyyə və kitablar təqdim edilib.

Seçilən
0
1
modern.az

2Mənbələr