AZ

"Ermənistanın Aİ-yə qəbulu Gürcüstanın tamamilə itirilməsi demək olacaq" - ŞƏRH

Rusiya Ermənistanın Avropa İttifaqına qoşulması layihəsini ölkənin Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı hesab edir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk sənədi belə şərh edib.

 

“Rusiya Federasiyası Ermənistana qarşı iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq”, - Overçuk bildirib. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, bu açıqlama ilə Rusiya ilk dəfə Ermənistanın Qərbə doğru inteqrasiya prosesinə rəsmi şəkildə münasibət bildirib:

 

“Avrasiya İqtisadi Birliyində təmsil edilən Ermənistanın Avropa Birliyində yer alması praktiki cəhətdən mümkün deyil. Çünki bu təşkilatlar bir-birinə rəqibdir və bunun İrəvan üçün ciddi nəticələrinin olacağı şübhəsizdir. Ermənistanda indiyə qədər də Rusiya və onun orbitində olan təşkilatlara qarşı münasibət birmənalı deyildi. Ancaq fəaliyyəti bu günə qədər sözdə qalmışdı. İrəvanda qəbul edilən qanun artıq bunun praktikaya keçdiyini göstərir. Paşinyan hökumətinin qanunu qəbul etməsinə baxmayaraq, Ermənistanın birliyə qəbul edilməsində kifayət qədər maneələr mövcuddur. Birinci növbədə, Brüssel Rusiyanı faktiki qarşısına alsa belə, hələ ki Ukrayna və Gürcüstana yaşıl işıq yandırmayıb. Ukraynada müharibə gedir, Gürcüstanla münasibətlər gərgindir. Ancaq Tiflis durarkən, İrəvanın birliyə qəbulu Gürcüstanın tamamilə itirilməsinə səbəb ola bilər. Avropa Birliyi bunu arzulamır”.

 

Ekspert bildirdi ki, ikinci məsələ Ermənistanın yerləşdiyi coğrafi məkan ilə bağlıdır:

 

“Bu ölkə Avropadan xeyli məsafədədir, bu isə iqtisadi əlaqələrin qurulmasında ciddi problem yaradacaq. Nəzərə alaq ki, Ermənistanın iqtisadi baxımından böyük çətinlikləri var və Avropa Birliyi bunu həll etmək üçün külli miqdarda vəsait ayırmalıdır. İrəvanın hələ də Rusiyadan hərbi cəhətdən  asılı olduğu zamanda onun rahatlıqla Avropa Birliyinə qəbul edilməsi də inandırıcı görünmür. Overçukun açıqlamasından görünür ki, birliyə üzvlük məsələsi Rusiya - Ermənistan münasibətlərinə də ciddi şəkildə təsir göstərəcək. Baş nazirin müavini bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən  çıxsa, ölkədə ərzaq və elektrik enerjisinin qiymətləri artacaq, ixrac da azalacaq. O əlavə edib ki, postsovet ölkəsi də ixracatın 70-80 faizini itirəcək. Rusiya faktiki şəkildə Ermənistan rəhbərliyini xəbərdar edir ki, təşkilatdan çıxarsa, istər Avrasiya İqtisadi Birliyi, istərsə də Rusiya-Ermənistan ikitərəfli münasibətləri fonunda İrəvana qarşı sərt iqtisadi addımların atılması məsələsi gündəmə gələcək”.

 

Günay Rəsulqızı
 

Seçilən
1
sfera.az

1Mənbələr