Xaçmazda üç həmkəndlisinə xsaərət yetirməkdə təqsirləndirilən İntiqam Vəliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Xaçmaz Rayon Məhkəməsində hakim Xıdır Quliyevin sədrliyi ilə keçirikən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.Vəliyev Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3-cü maddələri ilə 1 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 3 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, İ.Vəliyev sərxoş vəziyyətdə Xaçmaz rayonu, Yataq-oba kəndində yerləşən, həmkəndlisi K.Əliyevin işlətdiyi mağazanın qarşısına gedib həmkəndlisi P.Qafarovla görüşərək sonuncunun azyaşlı oğlunun onun üçün siqaret almağa getməməsini bəhanə edib yumruqla ona zərbə endirib. Habelə səs-küyə mağazadan bayıra çıxıb P.Qafarovu mağazanın içərisinə aparan K.Əliyevə məxsus mağazanın giriş qapısı üzərində olan şüşəni yumruqla vurub sındırmaqla məhv edib. Həmçinin dava zamanı onları ayıran N.Babayevin arxasınca gedib sonuncunun alın nahiyəsinə silah qismində istifadə etdiyi şüşə butulka ilə qəsdən vurub yerə yıxdıqdan sonra zərərçəkmiş şəxsi yerdə sifət nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə vurub.
Şəbnəm Mehdizadə