AZ

Toyun toy, vayın da vay yeri var: İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil -İLAHİYYATÇI

Gəncədə Yanvarin 13-də 24 yaşlı Ümid Əliyev intihar edib. Sosial şəbəkədə yayılan iddialara görə, gənc oğlanın dostu vəfat edib. Dostunun ölümünə dözməyən Ümid bir müddət sonra özünü asıb. Ümid Əliyev Şəmkirdə son mənzilə musiqi sədaları altında yola salınıb. Həmçinin onun tabutunu “gəlin maşını” müşaiyət edib.  

Məsələyə münasibət bildirən İlahiyyatçı Ağa Hacıbəyli “Sherg.az”a bildirib ki, İslam dinində vəfat etmiş bir insanın son mənzilə yola salınması üçün xüsusi prosedurlar var:

“Sözügedən prosedurlar içərisində dua, zikr, istiğfar və vəfat etmiş insana haqqını halal etmə yer alır. Bu istiqamətdə qəbirlər götürürlər, axirət evinə aparırlar. Amma musiqi ilə son mənzilə yola salmaq və dində olmayan üsullar, dində təvazökarlıqdan kənar sayılan bir addım kimi hesab olunur. Dində olan qaydalara uyğun olaraq vəfat etmiş insanı axirət evinə yola salmaq lazımdır. Bu həm o insanın ruhunu şad edər, həm də savab qazandırar. Lakin musiqilər, bəzənmiş maşınlar və digər musiqi alətləri ilə dəfn nə Peyğəmbərimizin dövründə nə də ki, heç bir islam aliminin və xəlifələrinin dövründə baş tutmayıb. Belə bir adət dinimizdə yoxdur. Bu kənar yerdən gələn adət-ənənədir”.

 İlahiyyatçı Tural İrfan isə deyib ki,  İslam ənənəsinə görə müsiqi ilə dəfn mərasimi icazəli deyil:

“Hər kəsin də istədiyi formada, musiqi yaxud digər qeyri - ənənəvi üsulda dəfn keçirməyə haqqı yoxdur. Çünki musiqi ilə dəfn icra etmək başqalarını da bu işə təşviq edir və ümumi ənənə pozulur. Bəzi yerlərdə sovet dövründən qalma ənənələr arada ölkəmizdə icra olunur. Əsasən gənc yaşda vəfat edənlər üçün edilir. Məsələn, subay ölənlər üçün toy mərasimi təşkil edilir və.s. Bu, əsasən ailənin yanğısından baş verir. Kədərini, faciənin təsirini bir növü fərqli üsulda aləmə çatdırmaq, təsəlli tapmaq istəyirlər. Bəzən vəsiyyət edənlər də olur ki,dəfn olunarkən saz yaxud başqa alət ifa olunsun. Ümumiyyətlə toyun toy, vayın da vay yeri var. Gərək bunları bir-birinə qatmayaq. Bu cür işlər adətən zəif dini məlumatı olanlar arasında baş verir. Fəqət kimsə edibsə onu da hədəfə gətirmək lazım deyil. Onun kədərinin üstünə əlavə bir qüssə də əlavə etmək olmaz. Sadəcə bu cür düşünən insanlara dini düzgün anlatmaq lazımdır”.
Seçilən
1
sherg.az

1Mənbələr