AZ

Trevo Çaloba “Çelsi”yə qayıtdı

İngiltərənin “Kristal Pelas” klubunda icarədə olan müdafiəçi Trevo Çaloba müqavilə ilə məxsus olduğu “Çelsi”nin düşərgəsinə qayıdıb.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən məlumat verir.

Belə ki, “Çelsi” müdafiəçisinin icarə müqaviləsini vaxtından əvvəl dayandırıb. 25 yaşlı ingiltərəli futbolçu 2024-cü ilin avqustundan “Kristal Pelas”da oynayırdı. O, cari mövsümün sonunadək icarədə olmalı idi. Amma “zadəganlar” futbolçunun bu qış fasiləsində qayıtmasına ehtiyac duyublar. Müdafiəçi “Kristal Pelas”ın heyətində meydana çıxdığı 14 oyunda 3 qola imza atıb. “Çelsi”nin Çalobanı məhz bu məhsuldarlığına görə geri qaytardığı ehtimal olunur.

Xatırladaq ki, Trevo Çaloba “Çelsi”nin yetirməsidir. O, bu komandanın heyətində İngiltərə Kubokunu, UEFA Super Kubokunu qazanıb və klublararası dünya çempionatının qalibi olub. O, daha öncə “İpsviç Taun”, “Haddersfild” və “Loryan” kimi klublarda da icarədə olub. Çalobanın “Çelsi” karyerası bütövlükdə 80 oyun, 5 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Çaloba İngiltərənin U-16, U-17, U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
15
arena.az

1Mənbələr