AZ

Qərbi azərbaycanlıların mədəni, milli, siyasi hüquqları geri qaytarılmalıdır - RƏY

Bakı, 16 yanvar, AZƏRTAC

Ayrı-seçkiliklərin baş verdiyi bugünkü ədalətsiz dünyada BMT dayanmadan müxtəlif məsələlərlə bağlı bəyannamələr qəbul edir, insan haqlarını “müdafiə edən” qurumlar tərəfindən uzun-uzadı yazılar yazılır. 1963-cü il tarixli BMT-nin İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Bəyannamə özündə 4 əsas məsələni ehtiva edir:

İrqi fərqlərə əsaslanan hər hansısa üstünlük fəlsəfəsi elmi cəhətdən saxta, əxlaqi cəhətdən çirkin, sosial cəhətdən ədalətsiz, təhlükəlidir və irqi ayrı-seçkiliyə nə nəzəri, nə də praktik baxımdan bəraət qazandırılmır;

İrqi ayrı-seçkilik – və daha da çoxu, irqi üstünlük və ya nifrətə əsaslanan hökumət siyasətləri - əsas insan hüquqlarını pozur, millətlər arasında dostluq və sülh münasibətlərinə, xalqlar arasında əməkdaşlığa, habelə beynəlxalq sülh və təhlükəsizliyə mane olur;

İrqi ayrı-seçkilik yalnız onun obyektləri olan şəxslərə deyil, həmçinin, onu təcrübədən keçirən şəxslərə də zərər verir;

Nifrət və bölünmə yaradan amillər olan irqi ayrı-seçkilik və seqreqasiyadan azad bir dünyanın qurulması BMT-nin əsas məqsədidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Qərbi Azərbaycan milli-mədəni inkişaf” İctimai Birliyinin təsisçisi Seyid Aynur səsləndirib. O bildirib: “Ayrı-seçkililiyin olmaması və bərabərlik prinsipləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də təsbit edilib. Orada qeyd olunub: “Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar” (Maddə 1). Ləyaqət və hüquq bərəbərliyi anlayışı müasir demokratiyaya daxildir və beləliklə, dövlətlər müxtəlif azlıqları və həssas qrupları bərabər olmayan rəftardan qorumağa məcburdurlar. Bu Bəyannamənin 2-ci maddəsində deyilir: “Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır”.

O qeyd edib ki, illər əvvəl televiziya kanallarının birində yayımlanan verilişdə yarışan iştirakçıların adada yaşayan nadir növ sayılan timsahı kəsib yeməsindən hiddətlənib ayağa qalxan ictimai birliklər, canlıların həyatını qorumağın nə dərəcə vacib olduğundan dəm vuran bütün beynəlxalq təşkilatlar Qafqazda ən böyük köçürülməyə məruz qalmış Qərbi azərbaycanlıların da səsinə səs verməlidirlər.

“Yadınıza yaxın keçmişdə ermənilərin Qarabağdan könüllü gedərkən silah gücünə onilliklər boyu yiyələndikləri azərbaycanlıların ev-eşiklərinə od vurub, evlərdən sanitar qovşaq aksesuarlarını qucaqlayıb aradan çıxan ermənilərdən müsahibə alan dünya mediyası öz yurdlarından zorla çıxarılan azərbaycanlılardan bəs niyə danışmır? Bunun bir cavabı var: Onlar, sadəcə, dövlətimizin Qafqaz regionunda daha da gücləməsindən qorxurlar. Avropa Parlamentinin, Avropa Şurasının nə üçün ağzına su alıb bu barədə heç nə danışmadığının əsl səbəbi də elə budur.

Bəli, cənablar, Qərbi azərbaycanlıların mədəni, milli, eyni zamanda, siyasi hüquqları geri qaytarılmalı, vurulmuş maddi və mənəvi zərər ödənilməli, viran edilmiş torpaqlarımızın yenidən dirçəldilməsi, bununla bağlı təzminatların ödənməsi kimi onlarla məsələ beynəlxalq hüquq müstəvisində öz həllini tapmalıdır”, - deyə Seyid Aynur əlavə edib.

O, həmçinin insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik, nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına açıq məktub ünvanladığını da xatırladıb.

Seçilən
8
2
azertag.az

3Mənbələr