"Liverpul"un sabiq futbolçusu Rigobert Sonqun Mərkəzi Afrika Cümhuriyyətinin milli komandasına baş məşqçi təyin olunması ölkədə qalmaqala səbəb olub.
QOL.az xəbər verir ki, sözügedən yığmanın son baş məşqçisi Raul Savoy ötən ilin okrtabr ayında istefaya göndərilib. Daha sonra isə komanda Rigobert Sonqa tapşırılıb.
Lakin Sonq bu vəzifəyə Mərkəzi Afrika Cümhuriyyətinin Futbol Federasiyası tərəfindən yox, İdman Nazirliyi tərəfindən gətirilib. Onunla bağlı əmri idman naziri Rodolf Herityer Bonyör Donenq imzalayıb. Bu isə ölkədə qalmaqal yaradıb.
Federasiyanın adı qeyd olunmayan bir rəsmisi kamerunlu mütəxəssisin baş məşqçi təyin olunması mövzusunda onlara heç bir məlumatın verilmədiyini bildirib: "Mərkəzi Afrika Cümhuriyyəti Futbol Federasiyası bu təyinatı sosial mediadan dəhşət və təəccüb içində öyrəndi".
O xatırladıb ki, belə qərarları yalnız federasiyanın icra şuraları verə bilər.
Qeyd edək ki, FİFA-nın nizamnaməsinə əsasən, dövlət qurumlarının yerli federasiyaların işinə müdaxiləsi yolverilməz hesab olunur. Buna görə hətta ölkənin FİFA üzvlüyünün dayandırılması kimi ciddi cəza da nəzərdə tutulur.