AZ

"“KQB”-“FSB” “kryuçok”unda olanların heç bir çıxışına təəccüblənməyin..."-"SSRİ-ni “KQB” özü dağıdıb..."- I yazı

“1993-cü ilin iyulundakı çıxışında SSRİ-nin dağıdılmasındakı xidmətlərindən fəxrlə danışan  L.Ter-Petrosyan hələ 1990-cı ilin avqustunda  Ermənistan  Ali Sovetinin yeni yapılmış sədri kimi özünün zəfər çıxışında xalqına(?) qürurla elan etmişdi ki,  işə gedib-gəldiyi zirehli “Mersedes” avtomobili ona şəxsən SSRİ DTK sədri, ordu generalı Vladimir Kryuçkov bağışlayıb...”
 
“Belələri situasiyalara uyğun verilən təlimatlardan asılı olaraq dünən qatı millətçi,  o biri gün demokrat, amerikapərəst, avropapərəst, bu gün avtoritar, rusiyapərəst, ertəsi gün isə yenidən demokrat, qərbpərəst ola bilər...”   
 
Yeni təqvim ili başlayandan  Azərbaycanın Rusiya tərəfindən törədilmiş məlum təyyarə faciəsi haqda məlumatlar mediamızın gündəmini zəbt etdiyi və xalqın əksəriyyətinin nifrət potensialının Moskvaya - Putin rejiminə doğru yönəldiyi bir vaxtda gözlənilmədən erməni bloger Albet İsakov tərəfindən ortalığa bir video atıldı: Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Ağdamın işğalı günündə - 23 iyul 1993-cü ildə   “Yerkrapa” terror təşkilatının üzvləri qarşısındakı çıxışı... Həmin çıxış bu günədək Azərbaycanda hələ də ciddi müzakirə mövzusudur...
 
Həmin çıxışdan bilavasitə Azərbaycanla, soydaşlarımızla bağlı olan epizodun tərcüməsini bir daha nəzərinizə çatdırırıq:
 
“Təsəvvür edin, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün artsax (Qarabağ – red.), o cümlədən, daha bir çox torpaqlar ermənilərin əlindədir”.
 
Maraqlıdır, görəsən, yalnız xüsusi xidmət orqanlarının deyil, ayrı-ayrı özəl qurumların, "yutuber"lərin, blogerlərin ən müasir texnologiyalardan, süni intellektdən yararlandığı bir vaxtda Ermənistanın birinci prezidentinin 32 il öncəki çıxışı niyə məhz indi ortalığa çıxır? Doğrudanmı Bakı ermənisi Albert İsakov rusdilli(!) "Baku TV"-yə müsahibəsində dediyi kimi bunu "təsadüfən kanallardan birində tapıb"?.. 
 
Yenə deyirəm,  xalqın bütün diqqətinin Bakı-Qroznı reysi ilə uçan təyyarənin Rusiya hərbçiləri tərəfindən vurulmasına və ona yaxınlıqdakı heç bir hava limanına eniş imkanı yaradılmaması ucbatından faciəvi şəkildə qəzaya uğramasına yönəldiyi və  buna uyğun olaraq az qala, 1990-cı ilin 20 Yanvar qətliamından sonra olduğu kimi,  Moskvanın, Kremldəki Putin rejiminin Azərbaycanda əsas nifrət obyektinə çevrildiyi bur vaxtda Ter-Petrosyanın bu çıxışının meydana çıxması, bunun ardınca Ermənistanın silahlanması, Azərbaycanla savaşa hazırlaşması haqda informasiyaların çoxalması və Laçın istiqamətində atəşkəsin pozulması barədə xəbərlərin yayılması təsadüfdürmü?..
 
Əslində bunlar indiyədək 1988-1994-cü illərdə yəni birinci Qarabağ savaşının körükləndiyi, başlandığı və genişləndiyi dövrdə yetkin yaşlarda olmuş hər bir Azərbaycan və Ermənistan vətəndaşına məlum olan məsələlərdir. Və burada təəccüblü heç nə yoxdur? Çünki “erməni ümummilli hərəkatı” adlanan qurumun, “Qarabağ” komitəsinin, “Krunk” və s. təşkilatların liderlərinin və bütövlükdə Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş Ermənistan rəhbərlərinin belə çıxışlar etdiyi və edə biləcəyi hamıya bəlli idi. İkincisi isə... 
 
Bu bəndi izah etməmişdən öncə Levon Ter-Petrosyanın öz çıxışında bir neçə dəfə vurğuladığı daha bir ciddi məqamı diqqətinizə çatdırmaq istəyirik.  Ermənistanın ilk prezidenti olan bu şəxs  deyir ki, SSRİ-ni biz, yəni "erməni ümummilli hərəkatı", “Qarabağ komitəsi” dağıtmışıq...
Son vaxtlar əksəriyyətin "qərbpərəst", "demokratik düşüncəli" hesab etdiyi bir erməni liderin 32 il öncəki çıxışındakı bu məqam da yayıldığı vaxt Moskvadan 2025-ci ildə "SSRİ-nin yenidən doğulacağı" fikirləri də yayılırdı...  
 
Bəs “Qarabağ münaqişəsi”, azərbaycanlıların Ermənistandan qovulması, Sumqayıt “talanları”, artıq 35 ili tamam olan 12-13 yanvar hadisələri həmin SSRİ-nin dövründə hansı qurumun nəzarətində törədilirdi? Ter-Petrosyanın sözügedən çıxışından 6 il öncə - 1987-ci ilin noyabrında SSRİ başçısı Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Ağambekyan Qorbaçovun icazəsi, “KQB”-nin, yəni SSRİ DTK-nın nəzarəti olmadan gedib Parisdə Qarabağdakı ermənilərin guya “acınacaqlı sosial durumu” barədə danışa bilərdimi? Xeyr... 1988-ci il Sumqayıt, 1990-cı il Bakı “talanları”nın da məhz “KQB” tərəfindən törədilməsini həmin qurumun keçmiş yüksək vəzifəli generallları da öz xatirə və müsahibələrində etiraf edirlər... Konkret Ter-Petrosyanın özü "erməni ümummilli hərəkatı", “Qarabağ" komitəsinin liderliyinə və ardınca qısa müddətdə Ermənistan rəhbərliyinə necə gətirildi, yalnız öz siyasi bacarığı, savadı, biliyi iləmi?..  
 
Hələ 4 il öncə yazdığım bir araşdırma materialdakı məlumatları bir daha oxucuların nəzərinə çatdırmaq istəyirəm...
 
...1988-ci ilin avqustunda, Mixail Qorbaçovun postsovet məkanında “xozeyin” olduğu bir vaxtda SSRİ “KQB”-nın general-polkovniki Qeniy Ageyev qeyri-rəsmi şəkildə İrəvana gəlib hazırda Kreml tərəfindən fəallaşdırılan “müxalifətçi” Vazgen Manukyanın da daxil olduğu  “Qarabağ” komitəsinin liderləri ilə  görüşdü. Bu, həmin “Qarabağ” komitəsi idi ki, 1987-ci ilin payızında İrəvanda ekoloji tələblərlə başlanan mitinqlərdə  ilk dəfə  Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbini qoydu. Düz 33 il öncə bu günlərdə isə “Krung” təşkilatıyla birgə Xankəndində Azərbaycanın ərazi bütövlüyünə qarşı  ilk mitinqləri başlatdı... Həmin komitənin 11 üzvündən yalnız 4-ü Qarabağda doğulmuş ermənilər idi... Bu komitə üzvləri  eyni zamanda Erməni Milli Hərəkatı" (EMH) təşkilatına rəhbərlik edirdi. Yoldaş Ageyev marşal Bağramyan prospektindəki "Elmi və Texniki Cəmiyyət" in binasında yerləşən EMH-nin qərargahında komitə rəhbərliyi ilə uzun bir söhbət apardı.  O da diqqətəlayiqdir ki,  yoldaş Ageyev İrəvan sakinlərində zərərli maraq doğurmamaq üçün paytaxta gizli şəkildə, şəxsi bir avtomobildə gəldi.  O zaman Ermənistanın adi vətəndaşarı SSRİ DTK-dan olan yoldaşın erməni komitə rəhbərliyi ilə nədən danışdığını bilmədilər. Yalnız 1988-ci ilin dekabrında  “Qarabağ” komitə rəhbərlərinin Moskvaya aparıldığı və 1989-cu ilin mayına qədər “Butırka”, “Matrosskaya tişina” adlı müxtəlif həbsxanalarda saxlanıldığı məlum oldu. Ancaq onların hamısı 6 aydan sonra azadlığa buraxılaraq sağ-salamat İrəvana qayıtdı. Həmin erməni “azadlıq aşiqləri” arasında sonradan Ermənistanın ilk prezidenti olan Levon Ter-Petrosyan və keçmiş baş nazir Vazgen Manukyan da  vardı... Ümumiyyətlə, maraqlıdır ki, “Qarabağ” komitəsi  və Erməni Milli Hərəkatının həbs olunmuş  və Moskva zindanlarında 6 ay yatızdırılıb çıxarılmış liderlərinin, demək olar ki, hamısı sonradan bu və ya digər yüksək vəzifə sahibi,  eyni zamanda Ermənistan parlamentinin deputatı olublar. Levon Ter-Petrosyan –Ermənistanın ilk prezidenti(1990-1998), Vazgen Manukyan – baş nazir(1990-1991, Müdafiə naziri(1992-1993), deputat(1990-2007),  Babken Ararktsyan - Ali Sovet sədrinin müavini(1990-1991), parlament sədri (1991-1998), Aleksan Akopyan – Ermənistan hökumətində komitə sədri –(1990-1991),  deputat (1991-2003),  Samvel Gevorkyan - deputat, televiziya rəhbəri (1991-1993), Aşot Manuçaryan - deputat (1988-1990), Daxili İşlər naziri(1991), prezident müşaviri(1991-1993), Vano Siradegyan - Daxili İşlər naziri (1992-1996), İrəvan meri(1996-1998), Samson Kazaryan -deputat, Ambartsum Qalstyan - İrəvan meri(1990-1992), Rafael Kazaryan –deputat (1989-1995), David Vardanyan -  deputat (1990—2000),   dövlət əmlakı naziri(2000-2004)... 
 
1991-1993-cü illərdə  Ermənistan prezidentinin, yəni L.Ter-Petrosyanın müşaviri olmuş Aşot Manuçaryan  sonradan da etiraf edib ki,  1988-ci ilin yayındakı çıxışlarından birində Qarabağ hərəkatını SSRİ “KQB”-sinin başlatdığını söyləyib...
 
1988-ci ilin dekabrında  “Qarabağ” komitəsinin 11 üzvündən əlavə Xaçik Stamboltsyan, İqor Muradyan və Arkadi Manuçarov da həbs edildi. Nəticədə  iştirakçıları nisbətən komfort şəraitdə Moskva ərazisindəki müxtəlif təcrid yerlərində saxlanılmış kifayət qədər böyük bir kampaniya meydana çıxdı...
 
Xatırladaq ki, "Qarabağ" komitə üzvlərinin həbsindən dərhal sonra "vicdan məhbusları" nın tezliklə sərbəst buraxılmasını tələb edən etiraz yürüşləri təşkil edən "On bir" adlanan komitə də yaradıldı. Ermənistan hakimiyyəti  bu etiraz tədbirlərinə müdaxilə etmədi və İrəvan əhalisi bütün bunları həvəslə xalqın və təbii olaraq "Qarabağ" komitəsinin qələbəsi kimi qəbul etdi...
 
 Bu minvalla 1989-cu il mayın sonunda "Qarabağ” komitəsi nin üzvləri Moskva həbsxanalarından azad edildi. Ermənistan əhalisi onları “Ermənistan və Artsaxın azadlığı uğrunda” əzab çəkən "igidlər", "vicdan məhbusları" və  “milli qəhrəman”lar kimi həvəslə qarşıladı...
 
Bu şəxslərin tutulması və Moskvaya aparılması ideyasının birbaşa SSRİ DTK-dan gəldiyi xüsusilə diqqət çəkir. Ardınca Ter-Petrosyan sonrakı çıxışlarından birində etiraf etdi: "... onsuz da 1988-ci ilin sentyabrında (general G. Ageyevlə görüşü xatırlayın-?!) gec-tez həbs olunacağımızı əvvəlcədən görmüşdük. Buna görə də 5 nəfərin - Yerjanik Abgaryan, David Şahnazaryan, Albert Bağdasaryan, Avetik İşxanyan, Arşak Sadoyan daxil olduğu  "Qarabağ "adlı gizli komitə də yaratdıq. Daha sonra Vitya Ayvazyan və Smbat Akopyan da qeyri-rəsmi olaraq onlara qoşuldu...”  
 
1990-cı ilin avqustunda isə Ermənistan  Ali Sovetinin yeni yapılmış sədri olan L. Ter-Petrosyan özünün zəfər çıxışında xalqına(?) qürurla elan etdi ki,  işə gedib-gəldiyi zirehli “Mersedes” avtomobili ona şəxsən SSRİ DTK sədri, ordu generalı Vladimir Kryuçkov bağışlayıb... 1993-cü ilin iyulunda artıq Ermənistan prezidenti kimi SSRİ-nin dağıdılmasına görə vaxtilə rəhbəri olduğu “erməni ümummilli hərəkatı” və “Qarabağ” komitəsinin göstərdiyi xidmətdən fəxrlə danışan həmin Ter-Petrosyan...
 
17 dekabr 1988-ci il tarixdə Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Suren Arutyunyan televiziya müraciətində "Qarabağ Komitəsi" ni erməni xalqının bir nömrəli düşməni adlandırdı. Komitə ictimai asayişi pozan kütləvi aksiyaların təşkili, iclas və nümayişlərin keçirilməsi qaydasının pozulması, etnik nifrətin qızışdırılmasında günahlandırılırdı... Doğrudan da  keçən 36 illik  dövrün erməni toplumu üçün hansı faydası olması haqda öncə xatırlatdığımız səthi təhlil göstərir ki, həmin toplumun düşməni məhz Qarabağ məsələsini qızışdıranlar oldu...
 
Və təbii ki, paralel olaraq  Azərbaycanın Yuxarı Qarabağ torpaqlarında  sovet kəşfiyyat(“KQB”-“FSB” “QRU”) və partiya orqanlarının bəsləyib yetişdirdiyi Xankəndi əsilli Robert Köçəryan və Serjik Sərkisyan da  “Qarabağ münaqişəsi”nin əsas katalizatorlarından olublar. Hər ikisinin Xocalı caniləri, Şuşa, Laçın, Kəlbəcər və s. bölgələrimizin işğalının baiskarlarından olduğu hamıya məlumdur..."
 
Xülasə, Ermənistanın birinci prezidentinin gündəmdə olan çıxışından da bəlli olur ki,  soydaşlarımızın elə həmin Rusiya imperiyasının vasitəsilə “Ermənistan” adlandırılmış Qərbi Azərbaycandan  psixoloji təzyiq, fiziki işgəncə, terror və s. vasitələrlə köçürdən, “Qarabağ münaqişəsi”ni başladan da SSRİ-nin öz kəşfiyyat və təhlükəsizlik qurumları və xüsusən də “KQB” olub. Yoxsa kimsə belə düşünür ki, Kreml bu olayları, erməni-azərbaycanlı, özbək-məhsəti türkləri, gürcü-abxaz, gürcü-osetin və s. münaqişələri SSRİ imperiyasını qorumaq üçünmü qızışdırırdı. Xeyr. Bəs elədirsə, niyə Azərbaycan torpaqlarını işğalıyla paralel Sovet İttifaqını dağıtmaq məqsədini də güdən Levon Ter-Petrosyan  6 ay “KQB” Lefortovo zindanında saxlanılıb azadlığa buraxıldıqdan sonra həmin qurumun rəhbəri Kryuçkov ona o illərdə İttifaqda hər kəsin almaq imkanı olmadığı bahalı “Mersedes” avtomobili bağışlayır? Niyə erməni lider cəzalandırılmaq əvəzinə, mükafatlandırılır?.. 
 
Məntiqlə də belə çıxır ki, sovet imperiyasını məhz “KQB” dağıdıb..
 
Özü də “KQB”-nin son şeflərindən birinin soyadı da maraqlıdır, hə?  Kryuçkov- “kryuçok”, yəni tərcümədə “qarmaq” sözündən götürülüb... Belə çıxır ki, həmin “Mersedes”lə Ter-Petrosyanın keçirildiyi “KQB” “kryuçok”larından biri də artır. Əvvəlki daha böyük “kryuçok”lar  nələr imiş – bunu Kryuçkov da, Qorbaçov da, onların ardınca “KQB”-nin bütün keçmiş SSRİ məkanındakı aparıcı agentura şəbəkələri, əsas arxivləri, “kryuçok”larının transformasiya olunduğu Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX-“FSB”) də, həmçinin Yeltsin də və onun ardınca “FSB” direktoru və nəhayət, Rusiya prezidenti olan Vladimir Putin də gözəl bilirdi və təbii ki, bu gün də bilir... Əsas “kryuçok”lar- komromat, şantaj vasitəəri də hələ hansısa köhnə “Mersedes”-filan deyil, heç əxlaqsız həyat epizodları da deyil, ən əsası, öz xalqlarına, millətlərinə qarşı törətdikləri müxtəlif ən çirkin tipli cinayətlərdir- özü də sənədli-sübutlu, audio, yaxud video yazılı... Belə “kryuçok”lara – qarmaqlara ilişdirilənlər keçmiş SSRİ məkanında “en” qədərdir və kollektiv Qərblə Ukrayna cəbhəsində son 3 illik üz-üzə savaşda Rusiya imperiyası məhz həm də onların formalaşdırdığı kollektiv “KQB” vasitəsilə duruş gətirir...   
 
Və aydındır ki, “KQB”-“FSB” “kryuçok”unda qalan məxluqların heç bir çıxışına təəccüblənmək lazım deyil... Belələri situasiyalara uyğun verilən təlimatlardan asılı olaraq dünən qatı millətçi,   o biri gün demokrat, amerikapərəst, avropapərəst, bu gün avtoritar, rusiyapərəst, ertəsi gün isə yenidən demokrat, qərbpərəst ola bilər...   
 
Bu arada soruşa bilərsiz ki, bəs “KQB” Andropovun dövründən bəri Kommunist Partiyasından daha çox nəzarətdə saxlayıb idarə etdiyi o boyda SSRİ-ni niyə dağıtmaq niyyətində olsun ki?.. 
 
Maraqlıdır hə? Bunun da izahı var...
 
Amma növbəti yazıda...
 
Sultan Laçın
Seçilən
3
moderator.az

1Mənbələr