Suriyada proseslər sürətlə cərəyan edir. Əsəd rejiminin devrilməsi təkcə Yaxın Şərqə deyil, yaxın regionlara da təsirsiz ötüşmədi. Cənubi Qafqazda ən böyük zərbəni Ermənistan aldı, çünki o, ən böyük dəstəkçilərindən birini itirdi. Azərbaycan isə qardaş Türkiyə ilə birlikdə yeni Suriyanın inşasında maraqlıdır. Müsahibimiz AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, Yaxın Şərq üzrə mütəxəssis Orxan Nəcəfovdur.
- Suriyada hadisələrin pozitiv xarakteri, ilk növbədə, onunla şərtlənir ki, xalq iradəsini ortaya qoyaraq öz yolunu müəyyənləşdirdi. Ölkə yeni mərhələyə qədəm qoydu. Bunun nə dərəcədə uğurla davam edəcəyi Suriya xalqından, siyasi qüvvələrdən, hərbi-siyasi transformasiyalardan asılıdır. Heç şübhəsiz, Suriyada baş verən dəyişikliklərin pozitiv xarakteri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi ilə də müəyyən olunur. Hadisələr başlamadan əvvəl Ərdoğan Bəşər Əsədə dialoq təklif etmişdi. Amma Əsəd Ərdoğanın müraciətini qəbul etmədi. Müsbət cavab verilsəydi, bəlkə də onun hakimiyyətdə qalması mümkün olardı. Amma Bəşər Əsəd bu yolu seçdi.
- “Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz, maraqlarımız, gələcəyimiz də birdir. Yaxın Şərqdə, Avropada tamamilə yeni vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaq. Biz də onun yanındayıq”, - bu fikirlər Prezident İlham Əliyevin son müsahibəsindən Suriya məsələsinə dair səsləndirdiyi mövqedəndir...
- Azərbaycan Prezidenti bununla Suriya məsələsində də Türkiyənin yanında olduğumuzu və “bir millət, iki dövlət” kimi sona qədər bir yerdə olacağımızı bəyan etdi. Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin bəhrəsini bütün dünya görür.
Məlumdur ki, yaxın günlərdə Azərbaycan tərəfindən Suriyaya humanitar yardım karvanı göndərildi. Burada da qardaş Türkiyənin çağırışı, təşəbbüsü var. Azərbaycan o çağırışa qoşulub və özünün dost məramını Suriya xalqına göstərib. Bu, həm də rəmzi xarakter daşıyır. Azərbaycan və Suriya müharibədən çıxmış dövlətlərdir. Müharibədən çıxmış dövlətlərin infrastrukturunun bərpa olunması, qaçqın düşən əhalinin öz yerlərinə qayıtması, normal həyat şəraitinə dönmələri zəruri addımlardan hesab olunur. Bu yöndə Suriya xalqına nə qədər kömək olunarsa, bu, bir o qədər yaxşıdır. Türkiyə və Azərbaycandan Suriyaya yardımların göstərilməsi mühüm faktordur. Bunu həm Suriya xalqı, həm də dünya ictimaiyyəti yadında saxlayacaq.
- Suriyada keçmiş rejimin Ermənistan hakimiyyəti ilə əlaqələri, Paşinyanın Əsədə məktubları, erməni rəsmilərinin bu ölkəyə səfərləri hansı faktları açığa çıxarır?
- Bəşər Əsəd prezidentliyi dövründə Frans-Press agentliyinə müsahibəsində (2014) bildirib ki, indi Suriyada baş verənlər 1915-ci ildə Osmanlı imperiyasının ermənilərə qarşı törətdiyi soyqırımı xatırladır. Bu, 1946-cı ildə Suriya müstəqlilik qazanandan 1991-ci ilə qədər Suriya gündəliyində olmayıb. Amma 2020-ci il fevralın 13-də Suriya parlamenti rəsmi olaraq ermənilərin iddia etdiyi “soyqırımı” tanıyıb.
Suriya terrorçu təşkilatlar üçün əlverişli yerə çevrilmişdi. Vaxtilə PKK lideri Abdullah Öcalan Suriyada olmuşdu.
Ermənilər hər vəchlə Suriya hökuməti ilə münasibətlərini yaxşılaşdırır, Qarabağa iddialarını həyata keçirmək üçün Suriya kartından istifadə edirdilər.
1980-ci illərin sonunda Suriyanın Qarabağın dağlıq hissəsində başlayan erməni separatizminə verdiyi dəstək faktdır. Suriya erməni terrorçularının təlim düşərgələrinin öz ərazisində yerləşməsindən narahat olmayıb. Erməni əsilli terrorçular, muzdlu ermənilər, hətta sovet dönəmində də İrəvan-Hələb reyslərinin köməyi ilə Qarabağa gəlib separatçıların Azərbaycana qarşı elan olunmamış müharibəsində iştirak edirdilər. Suriya erməniləri Azərbaycan əhalisinin qırılmasında, Azərbaycan torpaqlarının erməni separatçıları tərəfindən işğal edilməsində birbaşa iştirak ediblər.
Bu faktlar sovet hökumətinin dövlət orqanlarının istintaq materiallarında da var.
- Əsəd rejiminin süqutu Ermənistan üçün nə deməkdir?
- Əsəd rejiminin süqutu Ermənistanın Yaxın Şərqdəki müttəfiqini itirməsinə gətirib çıxartdı. Bu, Ermənistanın Azərbaycan ərazilərində - Qarabağda başladığı separatçı hərəkata ən böyük zərbələrdən biri oldu. Azərbaycan erməni separatçı hərəkatını 44 günlük vətən müharibəsində məhv etdi. 2023 ilin sentyabrında aparılan 1 günlük antiterror əməliyyatında erməni separatizminin tabutuna son mismarı vurdu.
Bundan sonra Ermənistanda Nikol Paşinyan hökumətinin hansı addımları atacağı, nə edəcəyini tarix göstərəcək. Əlbəttə, Ermənistan Suriyanın yeni hakimiyyəti ilə də əlaqələr qurmağa çalışacaq. Məlumdur ki, Suriyanın yeni hakimiyyəti digər milli azlıqların yaşayıb normal həyat sürəcəklərini vəd edib. O da məlumdur ki, həm Livan, həm Suriyada erməni ideologiyasının daşıyıcıları olan erməni diasporu və lobbisi bu gün də mövcuddur və öz ideyalarından əl çəkməyiblər.
- Türkiyə-Azərbaycan strateji müttəfiqliyi regiona nə vəd edir?
- ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri olmuş Bzejinski “Böyük şahmat lövhəsi” əsərində bildirirdi ki, Türkiyə Avropa Birliyinə daxil olandan sonra Azərbaycan və Gürcüstan da avtomatik ittifaqa daxil olacaqlar. Düzdür, Avropa Birliyi Türkiyəni qəbul etmədi, məsələ dondurulmuş vəziyyətdədir. Amma Prezidentimizin də vurğuladığı kimi yeni yaranmış geosiyasi vəziyyət artıq Avropanın, ABŞ-nin bu məsələyə mövqeyini dəyişə və Türkiyənin Avropa Birliyinə qəbulu gündəmə gəlməklə müsbət həll oluna bilər.
Biz Avropa Birliyi deyərkən, Turan Birliyi məsləsinə toxunmaya bilmərik. Bu proses öz hədəfinə irəliləməkdədir. Bəlkə də bizim region üçün Avropa Birliyindən daha yaxşı, məntiqli birlik elə Turan Birliyi olacaq. Bu yöndə aparılan işlərin çəkisini və qarantiyasını yüksəldən faktlardan biri də 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsidir. Bunu müəyyən mənada Turan Birliyinin özülü, təməl daşı kimi qəbul edə bilərik.
Şuşa Bəyannaməsindən sonra Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha əsaslı şəkildə başladığı müşahidə olundu. İki dövlətin başçıları həm xalqlarımıza, həm də dünyaya göstərdilər ki, regionun söz sahibi birmənalı olaraq Türkiyə və Azərbaycandır. Regionda digər aktorlar, öz maraqlarını həyata keçirməyə çalışan dövlətlər də var. Amma həmin dövlətlər Azərbaycan-Türkiyə alyansı ilə razılaşmağa, onu hesaba almağa məcburdurlar. Başqa cür mümkün deyil, yeni reallıqlar bunu diktə edir.