AZ

Azərbaycanda 70 kq narkotiklə tutuldu, qızına yazdığı mesajla xilas oldu - İRANDAKI HİYLƏGƏR PLAN

Azərbaycan gömrüyündə 70 kiloqram narkotiklə tutulan Rusiya vətəndaşı azadlığa buraxılıb. Yük maşınının sürücüsü olan 1988-ci il təvəllüdlü Maqomednabi Aleskenderovun yük maşınına İranda kahı əvəzinə narkotik yükləndiyi sübuta yetirilib.

Musavat.com xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4-1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən edilib ki, yük maşını İranın Astara şəhərində yüklənərək Rusiyaya gedirmiş. Azərbaycan ərazisində - Astara gömrüyündən keçən zaman yük yerində kahı ilə yanaşı 22 büküm narkotik vasitə aşkar edilib. Həmin narkotik bükümləri kahı formasında hazırlanıb və üstü də kahı ilə bağlanıbmış.

DAF markalı yük maşınında aşkar edilən narkotikin çəkisi 69 kq 970 qram qurudulmuş marixuana və 10 bağlamada 20 kq 870 qram həşiş olub.

İş üzrə saxlanılan Rusiyanın Dağıstan Respublikası Buynaksk şəhərində yaşayan Maqomednabi Aleskenderov cəmi bir ilimiş sürücü işləyirmiş. Maqomednabi ali təhsilli olduğunu, ailəsini dolandırmaq üçün sürücü işlədiyini deyib.

Elan olunmuş ittihamla özünü təqsirli bilməyən Maqomednabi bildirib ki, İranda Mehdi adlı şəxs onu aldadaraq maşınına narkotik yükləyib:

“Əvvəl daxili yükdaşıma ilə məşğul olurdum. Sonralar isə ölkələrarası yükdaşımalara başladım. Ölkələrarası yükdaşımada təcrübəm az idi. Ona görə Dağıstanda yaşayan sürücü yoldaşlarla ilk dəfə Rusiyadan İrana yük apardım. Məndən başqa dörd nəfər var idi. Hamımız İrana un aparırdıq. Yükü İranda boşaldandan sonra İranın Astara şəhərində olan Pəyanə terminalının avtomobil dayanacağına getdik. Orada bir neçə gün qalıb yük axtardıq. Bir neçə gün sonra Mehdi adlı yük dispeçiri gələrək Rusiyaya kahı aparmaq lazım olduğunu dedi. Sürücü yoldaşlar ilk dəfə gəldiyim üçün hörmət əlaməti olaraq məni birinci yola salmaq istədilər. Buna görə də yükün mənim maşınıma vurulmasını təklif etdilər.

Mehdi yükün sənədləşdirilməsi və gömrük qeydiyyatının aparılması üçün maşının sənədlərini istədi. Telefonla sənədlərin şəkillərini çəkdi, nömrəmi də soruşub getdi”.

Maqomednabi əlavə edib ki, maşınına yüklənən yükün sahibinin kim olduğunu bilməyib:

“Mal yüklənəndə İran gömrüyünün əməkdaşı da orada idi. Yükə vizual baxdı, kahı yükü olduğunu gördü və qoşqunun qapısını bağlayaraq plombladı. Mən Mehdidən başqa heç kimi görməmişəm. Malın sahibi kimi bir nəfərin nömrəsini vermişdi. Ona səs göndərdim. Təsdiq etdi ki, mal onundu”.

Maqomednabi Aleskenderov Azərbaycan gömrüyündə necə saxlanılmasını da danışıb. Məlum olub ki, İran gömrüyündən keçəndə maşın rentgenə salınıb, amma narkotik görünməyib. Lakin Azərbaycan gömrüyündə rentgen yoxlaması zamanı narkotik olduğu aşkarlanıb:

“Azərbaycanda rentgen yoxlanışından keçdikdən sonra bir oğlan yaxınlaşdı. Məndən sənədləri alıb getdi. Sonra dedilər ki, rentgen baxışında qoşquda kahının içində başa düşülməyən ləkələr görünür. Məndən başqa nə olduğunu soruşdular. Qoşquda əlavə qabyuyan maddə var idi. Dedilər ki, şübhəli olduğu üçün buraxa bilməzlər və baxış keçirəcəklər. Xidməti itlə yükü yoxlayanda it reaksiya verdi”.

Baxış zamanı Maqomednabi Aleskenderov iranlı Mehdiyə zəng edərək maşına niyə marixuana yüklədiklərini soruşub və onunla mübahisə edib. Gömrük əməkdaşları onun telefonunu alıblar.

Maqomednabi Aleskenderov yolda olarkən “watsapp”la Rusiyada malı qəbul edəcək şəxslə bir neçə dəfə danışıbmış. Ona göndərdiyi səs yazıları Maqomednabi Aleskenderov həbsdən xilas edən əsas sübutlardan biri olub:

“Onlardan şübhələndiyim üçün danışdığım adamın səs yazılarını qızım Fatimənin telefonuna göndərdim. Çünki mənə göndərilən səs yazılarının sonradan silinəcəyini bilirdim. Elə də olmuşdu. Rusiyada malı qəbul edəcək şəxs mənə göndərdiyi səs yazılarını silmişdi”.

Maqomednabi Aleskenderov əlavə edib ki, yükün daşınması üçün razılaşdırılan qiymət 3500 dollar olub və bu da bazar qiyməti ilə uyğun olub.

O, maşının hər iki gömrükdə rentgenə salınacağını bildiyini və bunu bilə-bilə narkotik vasitənin maşına yüklənməsinə razılıq verməsinin mümkünsüz olduğunu deyib.

Məhkəmə istintaqı zamanı Maqomednabi Aleskenderovun günahsız olduğu sübuta yetirilib.

Maqomednabi telefonuna baxış zamanı iranlı Mehdi ilə danışıqları müəyyən edilib. Həmin danışıqlarda Mehdi malı özünün yüklədiyini etiraf edib. Həmçinin İran gömrüyündən rahat keçməsi üçün Maqomednabi Aleskenderovu gömrükdə tanıdığı şəxslərə yönləndirdiyi sübut olunur.

Bundan başqa Maqomednabi Aleskenderovun Rusiyada malı qəbul edəcək şəxslə danışıqları da aşkar edilib. Malı Rusiyada qəbul edəcək şəxs göndərdiyi mesajları silsə də Maqomednabi Aleskenderov həmin mesajları qızına göndərməklə saxlamağa nail olub. Həmin mesajlarda adı bilinməyən şəxs Maqomednabi Aleskenderova malın sahibi olduğunu, Rusiyada onu gözlədiyini, malı qəbul edəcəyini deyir.

Məhkəmə belə qənatə gəlib ki, Maqomednabi Aleskenderovun nə İranda malı yükləyən, nə də Rusiyada malı qəbul edəcək şəxslərlə əlaqəsinin olması, onlarla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməsi heç bir sübutla təsdiq edilmir.

İşi araşdıran məhkəmə belə qənaətə gəlib ki, Maqomednabi Aleskenderovun Mehdi ilə tanışlığı tam təsadüfdür. Çünki Mehdi digər sürücülərlə də razılaşıb malı yükləyə bilərmiş. Həmçinin Mehdi öz mesajlarından malı maşına yüklədiyini etiraf edir.

Beynəlxalq yükdaşıma qaydalarına əsasən də beynəlxalq yükü daşıyan sürücünün yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlaması nəzərə alınıb. Belə ki, beynəlxalq qayadalara əsasən daşınan məhsulun adı barədə məlumatlar sürücünün nəzarət sahəsinə aid deyil.

Məhkəmə bütün bunları nəzərə alaraq Maqomednabi Aleskenderovun günahsız olması qənaətinə gəlib. Onun barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, bu cür hallar daha əvvəl də yaşanıb. Həm Azərbaycan, həm də xarici ölkə vətəndaşı olan sürücülər İrandakı narkotik şəbəkələrin qurbanı olublar. Tranzit yük firmalarının maşınlarına gizli şəkildə yüklənən narkotik vasitələrin başqa ölkələrə keçirilməsinə cəhd ediblər. Kiloqramlarla, bəzən tonlarla narkotik vasitə İran gömrüyündən bilərəkdən keçirilərək Azərbaycan gömrüyündən keçirilməyə çalışılıb. Mehdinin səs yazıalrından da aydın olur ki, İrandakı gömrük əməkdaşalrı da bu mallardan xəbərdar olublar.

İlkin Muradov,
Musavat.com

Seçilən
9
1
musavat.com

2Mənbələr