Ötən gün Nizamı Kino Mərkəzində “Səma xanımı” filmi təqdim olundu. Sözügedən film, Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr olunub. O, Azərbaycanın ilk təyyarəçi qadını olmaqla yanaşı, həmçinin SSRİ-nin ikinci qadın paraşütçülərindən biri kimi də tanınıb.
Filmdə Leyla Xanım Məmmədbəyova obrazını canlandıran Sabirə Abdullayeva Rüstəmli Moderator.az-a danışdı.
"Azərbaycanın ilk qadın təyyarəçisini canlandırmaq həm qürur, həm də böyük bir məsuliyyətdir. Bu rol mənim üçün təkcə bir obraz olmadı, həm də Azərbaycan qadınının gücünü, iradəsini və tarixi uğurlarını bir daha xatırlatmaq fürsəti verdi. Leyla xanımın cəsarəti və hekayəsi hər birimiz üçün böyük ilham mənbəyidir.
Leyla xanımı oynamaq mənim üçün həyatımın ən unudulmaz təcrübələrindən biri oldu. Bu obraz məni həm gücləndirdi, həm də qadınlarımızın tariximizdəki əhəmiyyətini bir daha dərk etməyimə kömək etdi. Ümid edirəm ki, bu film izləyicilərə ilham olacaq və hər birinizə Leyla xanımın gücünü hiss etdirəcək”.
Qeyd edək ki, “Səma xanımı” filmi Azərbaycan Televiziyası, “Azərbaycan Hava Yolları” QSC və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılıb.