AZ

Bağlı qapılar arxasından sızdı: “Ukrayna bölünəcək”

Böyük Britaniya Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron müharibəni dayandırmaq üçün potensial razılaşmadan sonra Ukraynaya sülhməramlı qüvvələr göndərməyi müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” rəsmi mənbələrə istinadla məlumat yayıb.

Makronun bu ideyanı dəstəklədiyi, artıq Ukrayna Prezidenti Vladimir Zelenski ilə müzakirə etdiyi bildirilib.

Britaniya və Fransa rəsmiləri Starmer və Makronun son görüşdə məsələni müzakirə etdiyini inkar etməyib. London və Paris rəsmiləri danışıqların təfərrüatlarını gizli saxlayırlar. Bununla belə, Britaniya hökumətinin mənbələri Starmerin hələ də razılaşmanı tam nəzərdən keçirmədiyini vurğulayıblar.

Britaniya mənbələrindən biri “The Telegraph”a deyib: “Bizim nəyi dəstəkləyə biləcəyimiz, nəyi dəstəkləmək istədiyimiz və bu qoşunların məruz qala biləcəyi təhlükə və bunun eskalasiyaya səbəb olub-olmaması ilə bağlı çoxsaylı suallarımız var”.

Britaniya hökumətinin mövqeyi ondan ibarətdir ki, Qərb Kiyevə mümkün qədər dəstək verməlidir və sülh danışıqlarının nə vaxt başlamasına və ya başlamamasına ukraynalıların özləri qərar verməlidirlər.

Avropa rəsmiləri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Ukrayna və Rusiyanı danışıqlar masası arxasında oturmağa məcbur edəcəyini gözləyirlər və bundan sonra nə baş verəcəyini müəyyən etməyə çalışırlar.

Britaniya nəşri yazır ki, bağlı qapılar arxasında müzakirələr Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini sülh sazişinin bir hissəsi kimi özündə saxlaya biləcəyi fikri ətrafında gedir. Amma Ukraynanın mövqeyi nəzərə alındıqda, bu perspektivlə bağlı qeyri-müəyyənlik var. Əgər bu baş verərsə, onda Avropa liderləri Ukraynanın qalan hissəsinin Rusiyanın gələcək hücumundan qorunmasını təmin etmək üçün nə etmək lazım olduğunu da düşünüblər.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
2
teleqraf.com

1Mənbələr