AZ

Kəndlər şəhərlərlə müqayisədə niyə geriləyir? - ŞƏRH EDİLDİ

“Ümumiyyətlə bu kifayət qədər geniş və çox istiqamətli mövzudur. Amma mən buna iki aspektdən yanaşardım. Birincisi sosial, ikincisi isə iqtisadi aspektdir. Bu iki aspektdə də kənd həyatının çətinliyi ondan ibarətdir ki, insanlar iş yeri tapmaqda çətinliklə üzləşirlər, onların əməyi layiqli dəyərləndirilmir, regionlarda təklif olunan iş yerlərinin əhəmiyyətli hissəsi kənd təsərrüfatının payına düşür. Bu da təbii ki, ən aşağı əməkhaqqı olan sahələrdən biridir və həmçinin kənd təsərrüfatının mövcud inkişaf çərçivələri səmərəli fəaliyyətin təşkili üçün imkanlar yaratmır”. Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, zamanında torpaq bölgüsünün nöqsanlarından tutmuş, bu gün quraqlığın iqlim dəyişikliyində yaratdığı su çatışmamazlığına qədər, texnologiyaların tətbiqi imkanları, eyni zamanda ailə təsərrüfatlarının miqyasına qədər müxtəlif faktorlar qeyri-səmərəsiz istifadəsi fərdi iqtisadi fəaliyyətin şərtlənməsinə gətirib çıxarır: “Bununla yanaşı sosial infrastrukturlarla və aspektlərlə bağlı da kifayət qədər problemlər mövcuddur. Burada keyfiyyətli təhsil və səhiyyəyə çıxış imkanlarının məhdudluğu, eyni zamanda yol-nəqliyyat infrastrukturunun müasir tələblərə cavab verməməsi, asudə vaxtlarının səmərəli təşkili və əlverişli fəaliyyət növlərinin təklif edilməməsi kənd həyatını ağırlaşdıran istiqamətlər kimi dəyərləndirilə yaxud problemlər kimi görülə bilər”.

İqtisadçı ekspert həmçinin qeyd edib ki, burada müxtəlif institusional strukturların öhdəlikləri vardır: “Yerli özünüidarəetmə orqanları və icra hakimiyyəti institutları məsuliyyət daşıyırlar. Xüsusilə sosial infrastrukturun formalaşması, suya ədalətli çıxışın təmin edilməsi, kommunal infrastrukturun yaradılması və s. istiqamətlər və fərdi sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, müvafiq imkanların yaradılması, bölgələrə investisiyanın cəlb edilməsi yerli icra hakimiyyəti orqanlarının, həmçinin bələdiyyə institutlarının öhdəlikləri çərçivəsindədir. Bu istiqamətdə hər hansı səmərəli fəaliyyətlərini göstərən sübutlar yoxdur. Eyni zamanda mərkəzi icra hakimiyyəti orqanının da öhdəlikləri vardır. Regionların inkişaf siyasətinin effektiv həyata keçirilməsi, mövcud resursların düzgün qiymətləndirilməsi, əhalinin həyat şəraitini yaxşılaşdıran amillərin dəstəklənməsi, iş yerlərinin, bizneslərinin yaradılması üçün əlverişli şəraitin olmasını təmin etmək, investisiyaların biznesə doğru əks mərkəzləşməsi və yayılması mərkəzi icra hakimiyyəti orqanının öhdəlikləri sırasındadır. Ötən 3-10 illikdə təəssüf ki, kənd həyatının inkişaf istiqamətində meyillər şəhər həyatı ilə müqayisədə çox geridə qaldı və nəticədə nəzarət olunmayan daxili sürətli urbanizasiya, xüsusilə də əhalinin Bakıda qeyri-rəsmi, həmçinin rəsmi şəkildə sıx məskunlaşması ciddi səylərin aradan qaldırılması hallarını belə mümkünsüz bir vəziyyətə gətirib çıxarır”.

Müəllif: Xeyrənsə Piriyeva
Seçilən
1
sia.az

1Mənbələr