Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə mentorluq proqramını uğurla başa vuran üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərov ilə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, nazir mentorluq proqramını uğurla başa vurmaları münasibətilə onları təbrik edib, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin Sərəncamına əsasən təsis olunan “Yüksəliş” müsabiqəsinin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri yüksək perspektivli rəhbər şəxslərin müəyyən edilərək dəstəklənməsi, kadr ehtiyatı bankının yaradılmasında əhəmiyyətini vurğulayıb.
Hər iki mentinin bilik və təcrübə imkanlarını artırmaları, potensiallarını inkişaf etdirmələri üçün birillik proqram çərçivəsində müvafiq şəraitin yaradılması, bu sahədə dəstəklə təmin edilməsi üçün görülmüş işlərdən bəhs olunub.
Onlar üçün nazirlikdə və nazirliyin qurumlarında görüşlərin keçirildiyi, habelə bir sıra tədbirlərdə iştirakının təmin edildiyi qeyd edilib. Mentilərə sosial sahədə son illər aparılan islahatlar, DOST konsepsiyası barədə ətraflı məlumatlar verildiyi bildirilib.
İ.Baxışova Tahirli və T.Ələkbərov mentorluq proqramı çərçivəsində onların bilik və bacarıqlarının, liderlik potensiallarının inkişaf etdirilməsi üçün yaradılan şəraitdən, göstərilən dəstəkdən razılıqlarını ifadə ediblər.
Görüşdə proqram çərçivəsində görülmüş işlərə, mentilərin fəaliyyət planlarının icrasında əldə etdikləri uğurlara dair fikir mübadiləsi aparılıb, onlara tövsiyələr verilib.