Tender, müəyyən bir malın, xidmətin və ya işin satın alınması üçün təşkil edilən rəqabətli bir prosesdir. Bu zaman iştirakçılar (şirkətlər) təkliflərini təqdim edərək tenderin qalibi olmağa çalışırlar. Tenderə qoşulmaq üçün şirkət müəyyən şərtlərə cavab verməli və tələb olunan sənədləri təqdim etməlidir.
Bəs hansı halda şirkət tenderə qoşula bilməz?
“Operativ Media” xəbər verir ki, məsələyə hüquqşünas Əkrəm Həsənov aydınlıq gətirib.
O, bu məhdudiyyətlərin səbəblərini izah edib:
Dövlət satınalmaları haqqında qanunda iştirakçıların üzləşəcəyi bəzi məhdudiyyətlər mövcuddur. İlk məhdudiyyət maraqların toqquşmasının qarşısını almaqdır. Yəni, tenderdə iştirak edən şəxsin satınalma təşkilatından hansısa hüquqi və maliyyə əlaqələrinin olmaması tələb olunur. Təsisçiləri eyni olan şirkətlər üçün də məhdudiyyətlər qoyula bilər. Məsələn, bir şirkətin eyni mülkiyyətçisi və ya şəriki olduğu halda, və ya onlardan biri digər şirkətin idarəetmə orqanının üzvü olduqda, həmin şəxs və ya şirkət tenderə qoşula bilməz.
Misal üçün izah edək: "A" adlı şirkətin rəhbəri eyni zamanda "B" adlı şirkətin rəhbərliyində də vəzifə tutur. Tenderə qoşulan fiziki və hüquqi şəxs, digər şirkətlə rəhbərlikdə qohumluq əlaqəsi olmamalıdır. Qohumluq əlaqəsi əri-arvad, övlad, baba-nənə, qardaş-bacı və ya qayınana-qayınata, baldız-qayın münasibətlərini əhatə edir. Şirkətlərə və onların rəhbərlərinə bu cür məhdudiyyətlər tətbiq olunur.
Bu məhdudiyyətlər maraqların toqquşmasının qarşısını almaq məqsədilə nəzərdə tutulub.
Tenderə qoşulacaq şirkətin vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş və gecikmiş borcu olmamalıdır. Digər tərəfdən, Vergi Məcəlləsinə uyğun olaraq, riskli vergi ödəyicisi olmaq da məhdudiyyətlər yaradır.
Bir digər məhdudiyyət isə son bir il ərzində iki və ya daha çox əmək müqaviləsi bağlamadan işə cəlb edilən şirkətlərə aiddir. Əgər həmin şirkət maliyyə sanksiyaları və ya inzibati cərimə alıbsa, həmin şirkət tenderə qoşula bilməz. Yəni, tenderə qoşulan şəxs son bir il ərzində əmək qanunvericiliyini pozmuş olmamalıdır.
Tenderə qoşulan şirkət və rəhbəri satınalma prosesinə başlamadan əvvəl son 5 il ərzində iqtisadi korrupsiya cinayətlərinə, kiber cinayətlərə və ya terrorçuların maliyyələşdirilməsi ilə bağlı məhkum olunmamalıdır. Bu tip məhdudiyyətlər tender zamanı tətbiq edilir. Əgər şirkət rəhbərliyi və ya şirkət bu cür proseslərdə iştirak edibsə, artıq həmin şirkət tenderə qoşula bilməz.
Bu proses Azərbaycan Respublikası "Dövlət satınalmaları" haqqında Qanunun 6-cı maddəsində ətraflı qeyd olunub.