AZ

Deputat: Qanlı Yanvar hadisələrinin ildönümündə tarixi unutmadan bugünkü Zəfərimizlə qürur duyuruq

Bakı, 16 yanvar, AZƏRTAC

Otuz beş il əvvəl baş vermiş qanlı Yanvar hadisəsi Azərbaycan xalqının tarixinə həm faciəli, həm də qəhrəmanlıq səhifəsi kimi yazıldı. 1990-cı ilin Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət əməli idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı 1990-ci ilin yanvarında televiziya ekranlarında öz həmvətənlərinin nə cür qəddarlığa məruz qalmasına dəhşətli şəkildə şahidlik edib. Ümumilikdə respublikada 147 nəfərin öldürülməsi, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilməsi ilə nəticələnən qanlı Yanvar hadisəsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır hərbi cinayətlərdən birinə çevrilib.

A.Məmmədovun sözlərinə görə, “Mülki və siyasi hüquqlar haqqında” qəbul edilmiş 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməli olmasına baxmayaraq, şəhər əhalisinə heç bir xəbərdarlıq edilməmiş və yalnız kütləvi insan qırğını törədildikdən sonra –1990-cı il yanvarın 20-də saat 5:30-da radio vasitəsilə fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumat efirə verilib.

Faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatının dönməz xarakter aldığını qeyd edən deputat xalqın öz gələcəyini yalnız müstəqil Azərbaycanın yaranmasında gördüyünü bildirib, xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsi rəhbərlərinin səriştəsizliyini vurğulayıb.

Milli Məclisin deputatı Ümummilli Liderin hər zaman olduğu kimi, bu faciədə də xalqının yanında olduğunu bildirərək deyib: “20 Yanvar qətliamının törədilməsindən bir gün sonra o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın şəhərdəki daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Bu, olduqca cəsarətli addım idi”. O xatırladıb ki, Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib, cəsarətli bəyanat verərək əliyalın xalqın kütləvi qırğınını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa edib. Bu faciəyə ilk siyasi-hüquqi qiyməti də Heydər Əliyev verib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il 21 noyabr tarixli Qərar qəbul edib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul olunub.

“Qanlı Yanvar hadisələrinin 35-ci ildönümündə arxada qalan tarixi unutmadan bugünkü Zəfərimizlə qürur duyuruq. Ötən əsrin sonunda təklənərək haqqı tapdalanan, övladları şəhid edilən Azərbaycan bu gün təkcə regionun deyil, bütövlükdə beynəlxalq aləmin qüdrətli dövlətinə çevrilib. Azərbaycan dövlətinin qazandığı uğurlar, sahib olduğu nüfuz və tariximizə qızıl hərflərlə yazılan Zəfər salnaməsi həm 20 Yanvar, həm də ondan sonrakı illərdə canlarını Vətən uğrunda mübarizədə qurban verən şəhidlərimizin ruhunu şad edir. Əminik ki, bu gün 20 Yanvar şəhidlərinin ruhları şaddır. Onların Azərbaycanın azadlığı və bütövlüyü uğurunda apardıqları mübarizə müsbət nəticəsini verdi. Qırx dörd günlük Vətən müharibəsində parlaq Qələbə qazanan, 2023-cü il sentyabrın 20-də Xankəndiyə Azərbaycanın üçrəngli Bayrağını sancan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin suverenliyini tam bərpa etdi. Qazanılan bütün uğurlarımızın təməli 35 il öncə sovet tanklarının qarşısında öz dəyanətini nümayiş etdirən igidlərimizin qəhrəmanlığı ilə qoyuldu”, - deyə Anar Məmmədov vurğulayıb.

Seçilən
14
1
azertag.az

2Mənbələr