AZ

Sovet hökümətinin “öldüyü” gecə – 20 Yanvar – ÖZƏL

"20 Yanvar xalqımızın qan yaddaşına həm faciə, həm də qəhrəmanlıq anı kimi hopub. Biz, hələ o zaman dağılmamış bir dövlətin - sovet hökümətinin vətəndaşları olaraq düşünürdük ki, etirazlarımız, haqlı tələblərimiz dövlət tərəfindən eşidiləcək, ədalətli addımlar atılacaq, haqsızlıqlar aradan qaldırılacaq. Əksinə, böyük faciə yaşadıq".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əli Mustafa deyib:

"Həmin gecə sovet hökuməti "öldü". İnsanların beynində özünün hesab etdiyi dövlət həmin gün bitdi. Biz 20 Yanvar şəhidlərini dəfn edərkən həm də SSRİ-ni gömdük. Bu baxımdan bu tarix bizim üçün olduqca əhəmiyyətli gündür. Bizim yüzdən çox insanımız həmin gün həyatını itirib. Həmin gün sovet, rus ordusunun vəhşilikləri, sərt sifəti ilə ilk dəfə üz-üzə gəlmişik, onun qanlı əməllərini görmüşük. Eyni zamanda həmin gecə xalqımızın oyanışı, dirçəlişi başladı. 20 Yanvar hadisəsi yeni azadlıq, mübarizə ruhunu doğurdu. Demək olar ki, müstəqil Azərbaycan dövləti həmin gecə doğuldu. Bu baxımdan çox mürəkkəb, ziddiyyətli hadisədir. Həm faciə, həm də doğuş anıdır. 20 Yanvar hadisəsi bizim üçün onilliklər ərzində hansısa nəticələrə varmağa kömək edəcək qədər əhəmiyyətli an oldu. Bir gecədə dəyişib tamam fərqli xalq olduq və qısa müddət sonra öz azadlığımıza qovuşduq, suverenliyimizi bərpa etdik. İndi də Rusiya ilə mücadilə aparırıq. Hazırda da Rusiyanın suverenliyimizə təhdidi var və mən əminəm ki, həmin gecədə mübarizə aparan, sovet hökumətinə qarşı vuruşan, qorxmayan, SSRİ kimi dünyanın böyük şər imperiyasına qarşı dirəniş göstərən xalq yenə Rusiyanın təhdidlərinə dirəniş göstərəcək və sonunda qalib gələcəyik. 20 Yanvar şəhidlərinin xatirəsini hörmət, sayğı ilə anıram. Allah onlara rəhmət etsin! Onlar Azərbaycanın müstəqillik mücahidləridirlər. Müstəqil  Azərbaycan dövlətinin doğuşunda ən böyük xidmətləri olan fədakar və heç zaman unutmayacağımız dəyərlərimizdirlər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr