Ötən ilin sentyabr ayında ,Qusar rayonunun Samur dövlət sərhəd keçid məntəqəsi ərazisində yerləşən obyektlərin sahibkarların əlindən alınması ilə bağlı yaranan qalmaqal barədə Qusar RİH-i açıqlama yayıb.
“7Times.az”həmin açıqlamanı təqdim edir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın Tədbirlər Planında “Hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələrinin şaxələnməsi və təkmilləşdirilməsi” tədbirləri nəzərdə tutulmuşdur.
Bununla əlaqədar Samur dövlət sərhəd keçid məntəqəsi ərazisində aidiyyatı dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya tərəfindən monitorinq keçirilmiş və sərhədkeçmə proseslərinin təkmilləşdirilməsi, sürətli keçidin təmin edilməsi məqsədilə köhnə infrastrukturun müasir tələblərə uyğun yenilənməsi zəruri hesab edilmişdir. Mövcud infrastrukturun təkmilləşdirilməsi məqsədi ilə hazırlanmış mövqe sxemində Samur-Həzrə yolunda sərhəd keçid məntəqəsinə kimi olan ərazidə mövcud obyektlərin kompensasiya ödənilməklə sökülərək, torpaq sahələrin təyinatı dəyişdirilərək Dövlət Gömrük Komitəsinin daimi istifadəsinə ayrılması, yolun kənarında yerləşən digər obyektlərin isə fasadlarının yenidən qurulmasına başlanılmışdır.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli Fərmanının 13-cü bəndində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin optimallaşdırılması və sürətli keçidin təmin edilməsi, o cümlədən milli və iqtisadi təhlükəsizlik nəzərə alınmaqla sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrinə bitişik torpaq sahələrindən qeyd edilən məqsədlərə ayrılması üçün aidiyyəti üzrə müraciət edilməsi və digər məsələlərlə bağlı zəruri tədbirlərin həyata keçirilməsi Dövlət Gömrük Komitəsinə tapşırılmışdır.
Məsələ ilə bağlı qeyd etmək istəyirik ki, Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların hüquqlarını hər hansı formada məhdudlaşdıran hərəkətlərə yol verilməmişdir. Məsələ ilə bağlı razılıqlarını bildirmiş vətəndaşlar ödənilən kompensasiya müqabilində özlərinə məxsus obyektlərini özləri sökmüş, tikinti materiallarını da özləri ilə aparmışlar.
Bu istiqamətdə hüquqi müstəvidə işlər davam etdirilir.
Qusar RİH-i.