AZ

ABŞ Ermənistan üzərindən hansı ölkəni hədəfə alır?

Vaşinqton-İrəvan strateji sazişi və ABŞ qüvvələrinin (Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin komandası) Ermənistana yerləşdirilməsində Paşinyan hakimiyyətinin əsas hədəfi “Qərb qalxanı”nı gücləndirmək və Bakı ilə münasibətlərdə müqavimət qabiliyyətini genişləndirmək olsa da, “amerikalıların hədəfi nədir” sualı aktual olaraq qalır.

Hər kəsin ortaq olduğu cavab ABŞ-ın Rusiyaya qarşı bölgədə mövqelərini gücləndirmək olduğu yönündədir və bunun belə olduğu sirr deyil. Xüsusilə Rusiyanın Ermənistanda boşalan yerinin doldurulmasında ABŞ daha çox paya sahib olmaq niyyətindədir və İrəvana praktiki müstəvidə verilən dəstək Moskva qarşısında mərkəzdənqaçma manevrlərini genişləndirəcək. Hərçənd, burada iki məqam diqqəti fərqli istiqamətə yönəldir:

1. Rusiyanın Ermənistanla birbaşa sərhədinin olmaması: rusiyalı sərhədçilərin çıxması Moskva üçün strateji itki olsa da, Ukraynanın prioritet olduğu dövrdə Amerika qüvvələrinin ermənilərə sərhəd mühafizəsi adı altında verəcəyi dəstək Rusiyaya birbaşa təhdid yaratmır;

2. Rusiya və ABŞ-ın yeni hakimiyyəti arasında aparılan danışıqlar və Ukraynada mümkün anlaşma ssenarisi fonunda Moskva Ermənistanda mövqelərin paylanılmasına (Gümrüdəki bazanın saxlanılması qarşılığında Amerika qüvvələrinin gəlişini qəbul etmək) razı ola bilər: Moskvadan strateji sənədə verilən reaksiyanın loyallığı da bu kontekstdə diqqət çəkir;

(Baydenin Trampdan öncə strateji sənədlə Ermənistan siyasətini rəsmiləşdirdiyi, lakin Trampın sələfinin planına rəfə qaldıra biləcəyi ehtimalı baş verənlərin fonunda ayrıca ştrix olaraq qalmaqdadır).

Və burada iki sualı xüsusilə aktuallaşdırır:

- Ermənistana gələcək Amerika qüvvələrinin birbaşa hədəfi İrandırmı?

- Tramp İrana qarşı planlarda sələfinin mirasını - xüsusilə ABŞ qüvvələrinin Ermənistanda qalmasını - qəbul edə bilərmi?

Cavabları İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın regiona – Bakı və İrəvana səfəri kontekstdə axtarmaq zərurəti var. Əhmədianın səfəri öncədən elan edilməmişdi və aydın görünür ki, İran Ermənistanın ABŞ-la gözlənilən strateji sənədini aydınlaşdırmağa çalışıb. Səfərin Bakıdan başlanması da təsadüfi deyil. Çünki İrəvan regiona xarici qüvvələri gətirməsini Azərbaycanla rəqabət fonunda “təhlükəsizlik amilinə” bağlayır. Mümkündür ki, Əhmədian əvvəlcə Bakıda Zəngəzur dəhlizi məsələsi də daxil olmaqla, Ermənistana “müdaxilə” planlarının olmadığını yerində dəqiqləşdirərək, İrəvana təkliflər paketi aparıb.

1. Əhmədian İrəvana “Bakı ilə müzakirələr apardıq və mövqeyimizi təqdim etdik”, “İran Ermənistanın təhlükəsizlik qarantı olmağa hazırdır” mesajını çatdırıb;

2. İran qoşunlarının Ermənistana yerləşdirilməsini təklif edib: qeyri-rəsmi məlumatlarda bu məsələ qeyd olunurdu;

Məqsəd ABŞ-la anlaşmanın və Amerika qüvvələrinin gətirilməsinin qarşısını almaq olub, çünki Tehran anlayır ki, hadisələr İran ətrafında çəmbərin daralması istiqamətində inkişaf edir.

Yaxın Şərdə baş verənlərin İranın proksi qüvvələrinin sıradan çıxarılması/zəiflədilməsi olduğu bəllidir və bu istiqamətində ciddi nəticələr əldə olundu. Prosesin davamı İran ətrafında mühasirəni gücləndirmək və iki mümkün ssenarini tətbiq etməkdir:

- Ya hərbi müdaxilənin edilməsi: bu ssenari üzərində İsrail və ABŞ başda olmaqla, müttəfiqlər arasında fikir ayrılığı var;

- Ya rejimin dəyişdirilməsi: bu, üzərində daha çox uzlaşma olan ssenaridir və belə görünür ki, plan İranın sərhədlərindən kənara uzanan “qollarının” kəsilməsi, öz daxilinə çəkilməyə məcbur edilməsindən ibarətdir.

Cənubi Qafqaz ABŞ/Qərbin Çin və Rusiyaya qarşı mübarizə ilə yanaşı, İranın mühasirəsi planında əsas coğrafiyalardan biridir və Yaxın Şərq, eləcə də Cənub-Şərqi Asiyadan sonra bizim regionumuzda qurudan mühasirə ssenarisinin tətbiqi görünür.

Niyə Ermənistan?

Bu sualın birdən çox cavabı var.

Birincisi, İranla daha böyük sərhədə malik olan Azərbaycan Tehrana qarşı planlarda yer almır;

İkincisi, İranın Cənubi Qafqazda əsas təsir imkanlarının olduğu ölkə Ermənistandır;

Üçüncüsü, Qərb qüvvələri tərəfindən kurasiya edilən Paşinyan hakimiyyətinə belə bir planın qəbul etdirilməsi daha asandır;

Məsələ müdaxilənin bu regiondan edilməsindən daha çox, İran ətrafında mühasirənin genişləndirilməsi və kəşfiyyat məlumatlarının toplanmasından ibarətdir.

Asif Nərimanlı
publika.az

Seçilən
4
2
turkustan.az

3Mənbələr