Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəbələ - İdman Paytaxtı 2025”in açılış mərasimi keçirilib.
"Operativ Media" xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan tədbir müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı ilə başlayıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin və Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abbasova Qəbələnin bu şərəfli işi layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib. O, 2024-cü il üçün Azərbaycanın “İdman paytaxtı” seçilmiş Qubanın il ərzində gördüyü işlərdən, əldə etdiyi nailiyyətlərdən bəhs edib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova qeyd edib ki, əsas məqsəd Qubanın təcrübəsindən istifadə etməklə əhali arasında idmana marağı artırmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Qəbələnin bu il keçiriləcək MDB Oyunları üçün “Gənclər paytaxtı” seçildiyini xatırladan Ə.Osmanova bu regionun belə möhtəşəm layihədə yer almasının sevindirici hal olduğunu vurğulayıb.
Gənclər və idman naziri Fərid Qayıbov Qəbələdən olan idmançıların çoxluq təşkil etdiyini, onların gələcəkdə Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edəcəklərinə inandığını deyib. O, “İdman paytaxtı” çərçivəsində il ərzində Qəbələ şəhərində bir çox yarış və tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Nazir görüləcək işlərin çox olduğunu, lakin Qəbələnin bu missiyanı uğurla yerinə yetirəcəyini, yaxşı nəticələr əldə olunacağını söyləyib.
Rəsmi çıxışlardan sonra F.Qayıbov idman paytaxtının rəmzi açarını Ətayə Osmanova təhvil verib. Daha sonra “Qəbələ - İdman Paytaxtı 2025”in maskotu “Marşal” ictimaiyyətə təqdim olunub.
2024-cü ilin idman səfirləri seçilən bədii gimnastika üzrə millinin keçmiş üzvü Aliyə Paşayeva, veteran futbolçu İlqar Qurbanov, sabiq cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucov da çıxış ediblər. Onlar Azərbaycan bayrağı altında çıxış edən bütün idmançılara uğurlar və yeni-yeni qələbələr arzulayıblar.
Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növlərini təmsil edən atletlər musiqi sədaları altında məharətlərini nümayiş etdiriblər. Sonda konsert proqramı təşkil olunub.
Qeyd edək ki, Qəbələ şəhəri 2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyi Kollegiya iclasında keçirilmiş səsvermə nəticəsində 2025-ci il üçün Azərbaycanın “İdman paytaxtı” seçilib.