AZ

BP-də nə baş verir? - “Şirkətin bu vəziyyətə düşməsi indiki rəhbərliyin günahı deeyil, ancaq..."

Britaniyanın enerji nəhəngi bp ötən ilin dördüncü rübünün yekununda neft və qaz sektorunda hasilatın üçüncü rübdən aşağı düşəcəyini gözləyir. Şirkətin hesabatında qeyd edilib ki, mənfi dinamikanın davamlı olacağı gözlənilir. 

Son 12 ayda bp-nin bazar kapitallaşması 7 faiz azalaraq 68,2 milyard funt-sterlinqə (83,38 milyard dollar) düşüb.

BP həmçinin ötən il ABŞ-dakı külək enerjisi biznesini də satışa çıxarıb. Məlumatı "BP Wind Energy" özü yayıb. Bu şirkət ABŞ-ın yeddi ştatında on külək stansiyasında iştirak payına malikdir. Onların hamısı şəbəkəyə qoşulub, onların ümumi gücü 1,3 GVt təşkil edir.  "RBC Capital Markets" analitikləri bu biznesin dəyərini təxminən 2 milyard dollar qiymətləndirirlər.

İlham

"Bloomberg" analitiklərinə görə, indi bp vəziyyətdən hansısa şirkətə birləşməklə çıxa bilər: “Tarix təkrarlanmır, ancaq qafiyələnir. BP-nin rəhbəri Helqa Lund telefonu götürməli və sövdələşməni müzakirə etməlidir - bu, şirkəti effektiv şəkildə satışa çıxarmalıdır. Əgər o, yaxşı oynasa, neft nəhəngi əldə olunan sövdələşməni "bərabərlərin birləşməsi" adlandıra bilər. Bəs o kimə zəng edə bilər? Əlbəttə ki, "Shell Plc". Üstəlik, Böyük Britaniya hökuməti "Shell-BP"ni Britaniya və hələ də London Fond Birjasında siyahıda saxlamaq üçün belə bir sövdələşməni təşviq etməlidir".

"Bloomberg" ekspertləri bildirirlər ki, başqa variantlar da var: “BP "TotalEnergies"i bərabərhüquqluların birləşməsinə inandırmağa çalışa bilər. Lakin Böyük Britaniya hökuməti şirkətin xarici ələ keçməsinə o qədər də həvəsli olmaya bilər. Avropa razılaşması olmadığı təqdirdə, bp ABŞ-ın çətin vəziyyətə düşən neft nəhəngi "ConocoPhillips" üçün cəlbedici ola bilər. "Conoco"nun bazar dəyəri 135 milyard dollardır və bu, onu bp-dən təxminən iki dəfə böyük edir. Nəhayət, bp Yaxın Şərqin strateji investoruna müraciət edə bilər - yada Əbu-Dabi və Küveytin dövlət neft şirkətləri gəlir. Küveytlilər 1980-ci illərin sonunda bp-nin beşdə birindən çoxunu aldılar, baxmayaraq ki, London sonradan müdaxilə edərək Yaxın Şərq ölkəsini bir hissəsini satmağa məcbur etdi. Belə bir tarixlə sövdələşmə mürəkkəb ola bilər - lakin dövlət tərəfindən idarə olunan firmalar ticarət və LNG sahəsini genişləndirmək istəyirlər. Üstəlik, yeni səhmdarlar strateji istiqamətdə dəyişikliyə məcbur etsələr, bp-nin səhmlərində hər hansı sonrakı artımdan faydalanacaqlar.

BP-nin son illərdəki fəlakətli fəaliyyətini nəzərə alaraq, Səhmdarlar Şurası bütün variantları nəzərdən keçirməlidir".

Ekspert bildirir ki, hələlik neft-qaz qiymətləri yüksəkdir deyə bp ayaqda qala bilir: “Proqnozlara görə, 2026-cı ildən etibarən hər iki məhsulun qiymətində ciddi azalmalar başlayacaq. Bundan sonra bp-nin vəziyyətinin daha da ağırlaşacağı gözlənilir. Buna görə də ola bilsin ki, şirkətin daha stabil vəziyyətdə olan başqa bir şirkətlə birləşməli olacaq. Ola bilsin ki, hansısa dövrdə paralel fəaliyyət göstərsin - 1998-ci il böhranından sonra bp-"Amoco" birgə fəaliyyəti kimi. Onda bp "Amoco"nu almışdı, indi isə onun özünün başqa bir şirkət tərəfindən alınması ehtimalı çox yüksəkdir. Bu baxımdan ən uğurlu variant kimi "Shell" şirkətinin adını çəkirlər. BP Böyük Britaniyanın milli şirkəti hesab olunurdu - onun səhmlərinin yarıdan çoxu Britaniya pensiya fondlarındadır. "Shell" əvvəl Niderland-Britaniya şirkəti idi, ötən il yüz faiz Britaniya şirkətinə çevrildi. Şirkət qaz sahəsində dünyanın ən nəhəng şirkətlərindən biridir. BP-nin məhz "Shell" tərəfindən alınması bütün bunlara görə daha realdır”.

Onu da qeyd edək ki, bp Azərbaycanda Əsrin müqaviləsinin - “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə 1994-cü ilin 20 sentyabrında Azərbaycan hökuməti ilə xarici şirkətlər arasında neft-qaz sahəsində ilk hasilatın pay bölgüsü sazişinin əsas iştirakçılarından biri və operatorudur. Şirkətin layihədə 30,34 faiz payı var.

BP operatoru olduğu “Şahdəniz” yatağının işlənməsi layihəsində 29,99 faiz, Cənub Qafqaz Boru Kəməri (CQBK) və Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrində eyni səviyyədə,  Türkiyəyə qaz çatdıran Trans-Anadolu Boru Kəmərində (TANAP) 12 faiz paya sahibdir. Bundan əlavə, bp-nin operatorluğu ilə AÇG yatağının dərin qatlarından qaz hasilatına başlanması üzrə layihənin icrasına da başlanıb. Şirkətin başqa şirkətlə birləşməsi bu layihələrə necə təsir edə bilər? 

Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
4
50
mia.az

10Mənbələr